Rəqəmsallaşma şəffaflıq, mükəmməl inzibatçılıq və korrupsiyanın sonu deməkdir
Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Rusiya Fundamental Tədqiqatlar Fondunun maliyyə dəstəyi ilə "Rəqəmsal iqtisadiyyatın formalaşması kontekstində milli iqtisadi sistemlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov təmsil edib.
- Zahid müəllim, konfrans, orada müzakirə edilən məsələlər haqqında nə deyə bilərsiniz?
- Konfransda 30 ölkədən 80 universitetin təmsilçisi iştirak edirdi. Konfransa tanınmış elm xadimləri 140-dan çox məqalə təqdim etmişdilər. Konfrans "Rəqəmsal iqtisadiyyat – yeni həyat keyfiyyəti, biznes və ictimai xidmətlər" müzakirə platformasını, eləcə də "İqtisadiyyatın rəqəmsallaşdırılması formatında dövlət və bələdiyyə inkişafının yeni texnologiyaları", "Rəqəmsallaşma və texnoloji platformaların yaradılması əsasında iqtisadiyyatın əsas sektorlarının innovativ inkişafı", "Turizm məkanlarının inkişafı, turizm məkanının rəqəmsallaşdırılması xüsusiyyətləri və perspektivləri", "Tikinti və mənzil-kommunal təsərrüfatında rəqəmsal texnologiyaların inkişafı" elmi bölmələrini əhatə edirdi.
Azərbaycan nümayəndələrini konfransda yüksək səviyyədə qəbul etdilər. Mən konfransın rəyasət heyətinə daxil edildim və bu, Azərbaycana göstərilən etimad idi.
- Rəqəmsal iqtisadiyyat və Azərbaycan mövzusu konfransda nə səviyyədə təqdim edildi?
- Konfransda Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının İqtisadi İnkişaf naziri Boris Rahayev rəqəmsal iqtisadiyyatın dünya təcrübəsindən danışarkən Azərbaycanda bu sahənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan da geniş bəhs etdi, Azərbaycanda bu sahədə çox uğurlu işlər görüldüyünü xüsusi vurğuladı. Azərbaycanda rəqəmsal texnologiyaların tətbiqi və istifadəsi ilə əlaqədar keçirilən seminarda dövlət qurumlarında, xüsusilə Vergilər Nazirliyində rəqəmsal texnologiyalardan səmərəli istifadə, Rəqəmsal vergi inzibatçılığı idarəsinin yaradılması ilə bağlı çıxışım çox maraqla qarşılandı. Tədbir iştirakçılarının nəzərinə çatdırdım ki, nazirlikdə rəqəmsal sahədə innovativ yeniliklərin tətbiqi ilə vergi orqanlarının fəaliyyətində tam şəffaflıq bərpa olunub, vergi inzibatçılığı təkmilləşdirilib, korrupsiya elementləri ortadan götürülüb. Onu da nəzərə alaq ki, rəqəmsal iqtisadiyyatı inkişaf etmiş bəzi ölkələrdə belə Vergilər Nazirliyi səviyyəsində rəqəmsal idarə və departamentlər yaradılmayıb. Konfrans iştirakçıları bu sahə ilə bağlı tam vaxtında belə bir operativ addımın atılmasını çox maraqla qarşıladılar.
Vergilər Nazirliyində rəqəmsal sahədə innovativ yeniliklərin tətbiqi ilə
vergi orqanlarının fəaliyyətində tam şəffaflıq bərpa olunub, vergi inzibatçılığı
təkmilləşdirilib, korrupsiya elementləri ortadan götürülüb
- Rəqəmsal irəliləyiş üçün yeni çağırışa, yeni tələbata uyğun kadr təminatı vacibdir. Ali təhsil müəssisələri, yeni nəslin hazırlıqları bu çağırışa cavab verə bilirmi?
- İnkişaf etmiş dövlətlərin təcrübəsinə əsasən rəqəmsal iqtisadiyyatın inkişafında universitetlər hərəkətverici qüvvə rolunu oynayır. Bu gün Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində uğurlu iqtisadi islahatlar həyata keçirilir. Universitetlərimizdə kadr hazırlığı işi elə qurulmalıdır ki, ölkəmizin iqtisadi tələblərinə tam cavab verə bilsin. Bu, təkcə Azərbaycan universitetlərinə aid deyil, bütün dünya universitetləri fəaliyyətlərini bu istiqamətə yönəldiblər. Mənim çıxışım da həmin mövzuya həsr olunmuşdu.
Bu gün vergi sistemində çalışan gənc mütəxəssisin sadəcə Vergi Məcəlləsini bilməsi yetərli deyil. O, texnologiyalardan istifadə etməyi bacarmalıdır. Düşünürəm ki, ali təhsil ocaqlarında vergi işinin tədrisində mütləq rəqəmsal texnologiyaların da paralel öyrədilməsi zəruridir.
Tədbirdə rəqəmsal iqtisadiyyatda universitetlərin rolu geniş müzakirə olundu və "Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə universitetlər bu iqtisadiyyatı işçi qüvvəsi ilə təmin edə biləcək kadrlar yetişdirmək iqtidarındadırmı?" sualı ətrafında fikir mübadiləsi aparıldı.
Bu gün Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı
sahəsində uğurlu iqtisadi islahatlar həyata keçirilir
- Yeniləşmə prosesində innovativ yanaşmaların rolunu necə görürsünüz?
- Konfransda "İnnovativ universitetlər və rəqəmsal elm: yeni çağırışlar və imkanlar" mövzusunda məruzəmdən sonra müxtəlif ölkələrin nümayəndələri mənə yaxınlaşıb Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizdə iqtisadi inkişaf haqqında suallar verirdilər. Konfrans ərəfəsində "Rusiya 24" Kabardin-Balkar telekanalına dəvət olundum, təəssüratlarımı bölüşdüm, distant təhsil haqqında danışdım.
Azərbaycanda innovativ yanaşmalardan biri kimi rəqəmsal iqtisadiyyat sahəsində distant təhsilə xüsusi önəm verilməlidir. Çünki iş adamları Azərbaycana böyük maraq göstərirlər. Bu marağı distant təhsil vasitəsilə təmin etmək mümkündür. Azərbaycan Dövlət İqtisad Universitetində bu sahədə ciddi addımlar atılıb və işlər davam etdirilir.
Universitetlərimizdə kadr hazırlığı işi elə qurulmalıdır ki,
ölkəmizin iqtisadi tələblərinə tam cavab verə bilsin
- Konfransın başlıca nəticəsi, sizcə, nə oldu?
- Konfransda rəqəmsal iqtisadiyyat sahəsində yeni çağırışlarla tanış olduq, iştirakçı ölkələrin bu sahədə təcrübələrini bölüşdük. Sevindirici haldır ki, rəqəmsal iqtisadiyyatla bağlı Azərbaycan təcrübəsi böyük maraqla qarşılandı.
Beynəlxalq konfranslarda iştirak həmişə müsbət nəticələr verir. Azərbaycanlı alimlərin beynəlxalq konfranslarda iştirakı ölkədə aparılan elmi tədqiqatlar, onların uğurlu nəticələri haqqında dünya ictimaiyyətinə məlumat vermək baxımından çox önəmlidir.
Onu da bildirim ki, "Rəqəmsal iqtisadiyyat: yeni çağırışlar və imkanlar" mövzusunda növbəti konfrans 2020-ci ilin fevral ayında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
Fəxriyyə İKRAMQIZI