Şəffaf uçotla sağlam cəmiyyətə doğru
2019-cu il Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsi sahəsində daha iddialı yeni hədəflərlə xarakterizə olunur. Bu hədəflərin mühüm bir hissəsi vergi sistemi ilə bağlıdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və bütövlükdə vergi sistemində aparılan islahatlar sahibkarların və vətəndaşların, eləcə də cəmiyyətin maraqlarına, ölkədə iqtisadi mühitin daha da təkmilləşdirilməsinə xidmət edir. Sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, qeyri-neft sektorunun özəl bölməsində çalışan, aylıq əməkhaqqı 8.000 manata qədər olan vətəndaşlar üçün 100 faizlik vergi güzəştinin müəyyənləşdirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi, mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi və s. dövlət tərəfindən bu istiqamətdə atılmış mühüm addımlardır.
Gözləntilər və fərqli nəticələr
Ölkədə biznes mühitinin əlverişliliyi vergi sistemi ilə bilavasitə bağlıdır. Bu baxımdan, vergi sistemində başlanılan yeni islahatlar, vergi ödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində yeni yanaşmalar biznes mühitinin iştirakçılarından da böyük gözləntilər yaradır. Verilən güzəştlər adekvat olaraq şəffaf fəaliyyət tələb edir. Lakin bəzi hallarda nəticələr gözləntilərdən fərqli olur. Vergilər Nazirliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi sektorlarda şəffaflaşma prinsiplərinə zidd faktlar aşkarlanır. Ötən il özəl tibb müəssisələrində aparılan nəzarət tədbirləri zamanı vergidən yayınma halları, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanmasında uyğunsuzluq, müəssisələrin real dövriyyələrinin gizlədilməsi qeydə alınıb. Yoxlamalar nəticəsində ötən ilin 9 ayı ərzində ölkədəki 22 özəl klinika tərəfindən dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 milyon manat azaldıldığı müəyyən edilib. 2019-cu ilin ilk 6 ayında dövlət sektorunda fəaliyyət göstərən dövlət tibb müəssisələrinin büdcəyə hesablamalarının bəyan edilmiş dövriyyələrdə xüsusi çəkisi 27,1 faiz olduğu halda, bu göstərici qeyri-dövlət sektorunda 15,8 faiz, büdcəyə ödəmələrin bəyan edilmiş dövriyyələrdə xüsusi çəkisi isə dövlət sektorunda 24,2 faiz, qeyri-dövlət sektorunda 12,8 faiz təşkil edib.
Dövlət şəffaf münasibətlər sisteminin qurulduğu və maliyyə intizamının
təmin edildiyi şəraitdə güzəştlərin davamlı olmasını təmin edə bilər
Gəlirlərin şəffaf göstərilməməsi səbəbindən 2018-ci ildə özəl klinikalar tərəfindən təqdim olunmuş bəyannamələrdə orta rentabellik göstəricisi cəmi 1,8 faiz təşkil edib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqlarının geniş tətbiq olunmasını bir daha təsdiq edib. 2019-cu ilin iyun ayında muzdlu işlə əlaqədar bəyannamə məlumatlarına əsasən tibb müəssisələrində 1 işçiyə düşən orta aylıq əməkhaqqı məbləği 348,8 manat göstərilib. Reallıqda bu məbləğin bir sıra hallarda dəfələrlə çox, hətta on minlərlə manat olduğu təsdiqini tapıb. Göründüyü kimi, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əməkhaqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir.
Bir müddət əvvəl "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilmiş tədbirdə özəl tibb müəssisələrinin nümayəndələri son illərə qədər şəffaf fəaliyyət göstərmədiklərini özləri də dolayı yolla etiraf ediblər. Tədbirdə özəl tibb müəssisələrinə güzəştlərin tətbiqi ilə də bağlı fikirlər səsləndirilib. Qeyd edək ki, özəl klinikalar qeyri-neft sektoruna aid edilir və bu sektorda 8.000 manata qədər əməkhaqqı alan şəxslər gəlir vergisindən azaddır. Tibb müəssisələri əmlak verigisindən azaddır. Üstəlik, maliyyə sektorundan bank kreditlərinin ƏDV-dən azad olunması, bütün sektorlarda olduğu kimi, tibb sahəsində də fəaliyyət göstərən sahibkarlara kredit əldə edilməsi üçün əlverişli şərait yaradıb. Güzəştlər kifayət qədər çoxdur. Tibb sahəsində yetərincə pasiyenti olan mütəxəssislərin bir neçə klinikada fəaliyyət göstərməsi heç kimə sirr deyil. Daha çox gəlir əldə etmək daha çox vergidən yayınmaya deyil, büdcəyə ödənişi daha məsuliyyətlə icra etməyə yönəlməlidir. Bütün bu güzəştlərin tətbiq olunduğu şəraitdə gəlirlərin şəffaf bəyan edilməsi zamanın tələbidir. Dövlət şəffaf münasibətlər sisteminin qurulduğu və maliyyə intizamının təmin edildiyi şəraitdə güzəştlərin davamlı olmasını təmin edə bilər. Tibb ictimaiyyəti bu sahədə inkişaf üçün digər ölkələri arqument gətirməklə xarici ölkələrdə tibb sahəsində xidmətlərin ƏDV-dən azad olunduğuna diqqət çəkir. Lakin birtərəfli müqayisə ədalətli nəticə vermir. Tibb xidmətlərinin ƏDV-dən azad olunduğu iddia edilən bir sıra ölkələrdə gəlir və mənfəət vergisinin dərəcəsi çox yüksəkdir. Ölkəmizdə isə orta aylıq əməkhaqqı 500-600 manat civarında olduğu halda, qeyri-neft sektorunda 8.000 manata qədər əməkhaqqı alan şəxslər gəlir vergisindən ümumiyyətlə azaddırlar. Bu güzəşt daha çox işçilərin əhatə olunması üçün tətbiq edilir.
Mütəxəssislərin fikrincə, tibb sahəsində ƏDV-nin daha aşağı dərəcə ilə diferensial
tətbiqi bu sahədə dövriyyələrin şəffaf uçotunun bərpa edilməsindən sonra mümkündür
Dövlət tərəfindən verilən güzəştlər əksər sahələri əhatə edir və hazırda ondan kifayət qədər insanlar yararlanır. Hökumət ölkədə şəffaf və sağlam biznes mühitinin təminatı üçün qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər üzərində mütəmadi iş aparır. Qanunlar hökumətin verdiyi təkliflər əsasında Milli Məclisdə qəbul olunur. Vergi güzəştləri ilə bağlı təkliflərin təqdim edilməsində ictimai qurumlar, təşkilatlar, assosiasiyalar fəal olmalıdır. Vergi güzəştləri ayrı-ayrı fərdlərin güzəşt istəməsi ilə müəyyən edilmir. Sahibkarların ictimai təşkilatları həmin sahələrdə mövcud vəziyyəti, ilk növbədə, bu klasterlərdə çalışan sahibkarların öz arasında müzakirə etməli, sahənin inkişafı üçün prioritet təklifləri müəyyən etməli və əsaslandırılmış təkliflərlə (o cümlədən hər hansı güzəştlərin müəyyən olunması ilə bağlı) hökumətə çıxmalıdırlar. Ölkənin vergi siyasəti yalnız bir qurum tərəfindən müəyyən edilmir, bu sahəyə məsul olan dövlət qurumlarının, o cümlədən vergi-büdcə-maliyyə siyasəti üzrə Maliyyə və Vergilər nazirliklərinin, sahəyə dövlət tənzimlənməsini həyata keçirən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və s. aktiv müzakirəsi ilə hökumət tərəfindən qəbul edilir. Hökumət hər zaman sahibkarların ictimai təşkilatlarının irəli sürdükləri bu kimi əsaslandırılmış təklifləri biznes dairələri və işgüzar cəmiyyətlə açıq müzakirə edir. Nəzərə almaq lazımdır ki, güzəştlər birtərəfli deyil, dövlətin və işgüzar cəmiyyətin maraqlarının uzlaşması şəraitində təqdim olunur. Güzəşt əldə edən struktur dövlət qarşısında öhdəliyini şəffaf şəkildə yerinə yetirməlidir.
Sosial islahatlar, diferensial ƏDV
Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Aparılan islahatlar sosial rifahın yüksəldilməsinə xidmət edir. Bu tendensiya beynəlxalq hesabatlarda öz təsdiqini tapıb. "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabatda ölkəmizin "biznesə başlama" meyarı üzrə dünyada 9-cu, "vergilərin ödənişi" meyarı üzrə isə 28-ci yerdə qərarlaşdığı, ümumi vergi dərəcəsinin 40,8 faiz təşkil etdiyi bildirilir. Azərbaycan vergi yükünün yüksək olmadığı ölkələr sırasına daxildir. Bununla belə, ölkədə vergi yükünün optimallaşdırılması sahəsində islahatlar aparılır.
Güzəşt problemin həlli deyil, onun həllinə aparan yoldur
"2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən, ƏDV dərəcəsinin diferensiallaşdırılması sisteminin tətbiqi üçün Vergilər Nazirliyində işçi qrup yaradılıb. Hazırda ölkədə bu sistemin tətbiqi imkanları barədə təhlillər aparılır. Mütəxəssislərin fikrincə, tibb sahəsində ƏDV-nin daha aşağı dərəcə ilə diferensial tətbiqi bu sahədə dövriyyələrin şəffaf uçotunun bərpa edilməsindən sonra mümkündür. Çünki uçot intizamı bərpa olunmadığı halda, ƏDV-nin diferensial dərəcəsinin tətbiqinin bu sahənin inkişafına və istehlak qiymətlərinin aşağı salınmasına müsbət təsir etməsi mümkün deyil. Şəffaf uçot olmadığı təqdirdə, ƏDV-nin diferensial dərəcəsinin tətbiqi səmərəsiz olur. Bu sahədə səlahiyyətli dövlət orqanları tərəfindən birgə tədbirlərin həyata keçirilməsinə və elektron hesabatlılıq sisteminin qurulmasına ehtiyac var.
Ən əsası, insanlar öz məsuliyyətini və büdcə qarşısında öhdəliyini başa düşməlidirlər. Uçotun bərpa olunması və şəffaf fəaliyyət üçün dövlət tərəfindən kifayət qədər güzəştlər mövcuddur. Lakin güzəşt problemin həlli deyil, onun həllinə aparan yoldur. Vergi güzəştlərindən bəhrələnmək üçün yeganə şərt sahibkarların qanunlara əməl etməsi və bu qanunlar çərçivəsində şəffaf və dürüst fəaliyyət göstərməsidir.
Tibb sahəsi insanların səhhəti ilə bağlı sosial məsuliyyət daşıyan strateji sektordur. Tibb işçiləri həm cəmiyyət, həm də dövlət qarşısında ədalətli fəaliyyət göstərməlidirlər. Şəffaf fəaliyyət daha sağlam gələcəyin qurulması deməkdir.
"vergiler.az"