9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Kölgə iqtisadiyyatı" ilə mübarizədə ən innovativ təcrübə rəqəmsallaşmadır

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfransda "kölgə iqtisadiyyatı"nın azaldılması və şəffaflığın artırılması sahəsində ölkədə aparılan işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, bu sahədə mövcud beynəlxalq təcrübə və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbirdə Azərbaycan Respublikasının hökumət rəsmiləri, beynəlxalq miqyasda tanınmış nüfuzlu mütəxəssislər, ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. Müsahibimiz tədbirin qonağı, Rusiya Federasiyasının Dövlət İdarəçilik Universitetinin professoru, iqtisad elmləri doktoru Vera Aleşnikovadır.

- Vera İvanovna, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq Bakıda keçirilən beynəlxalq konfrans fonunda necə görünür?

- Ölkələrimiz arasında çox qədimdən ənənəvi dostluq əlaqələri, qardaşlıq münasibətləri mövcuddur ki, bunu heç bir güc nə poza, nə də dağıda bilər. Buna görə də düşünürəm ki, praktik olaraq bu əməkdaşlıq davam edəcək, genişlənəcək və inkişaf edəcəkdir.

Biz bu forumda müxtəlif ölkələrin vergi qanunvericiliyi ilə bağlı yanaşmalar və baxışlarla tanış olduq. "Kölgə iqtisadiyyatı" ilə mübarizə üsullarını öyrəndik. Bununla bağlı əldə etdiyimiz məlumatları emal etmək, daha sonra isə həmin məlumatlardan istifadə etmək üçün müxtəlif ölkələrin təcrübələri ilə tanış olduq. Qayıtdıqdan sonra bizə maraqlı olan məqamları öz ölkəmizdə də tətbiq etməyə çalışacağıq.

- Mövcud münasibətləri inkişaf etdirmək üçün hansı addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?

- Zamanın tələbi ilə qarşımıza yeni vəzifələr çıxır, əməkdaşlıq üçün yeni istiqamətlər yaranır. Bu mənada mən həm təcrübi, həm də elmi yollarla bir çox addımların atılmasını məqsədəuyğun hesab edirəm. Elmin son nailiyyətlərini bir araya gətirib fikir mübadiləsi aparmaq ümumi işin xeyrinədir. Məsələn, elə bu elmi konfransda biz öz təcrübələrimizi bölüşərək, proseslərin spesifikasını öyrəndik, qanunvericilik bazası ilə tanış olduq. Təcrübə baxımından bu əməkdaşlıq çirkli pulların yuyulması və gəlirlərin ağardılması istiqamətində "kölgə iqtisadiyyatı" ilə mübarizədə vergi xidmətlərinin birgə işinə, qanunvericilik və vergi inzibatçılıq məsələlərinin təkmilləşdirilməsinə xidmət edir.

- Rusiyanın "kölgə iqtisadiyyatı" ilə mübarizə istiqamətində innovativ layihələri haqqında nə deyə bilərsiniz?

- İstər Rusiya, istərsə də Azərbaycan "kölgə iqtisadiyyatı" ilə mübarizədə dünya prosesləri çərçivəsində, eyni istiqamətdə irəliləyir və öz mövqelərini bu trendə uyğunlaşdırmağa çalışır. Amma əlbəttə ki, mübarizənin spesifik xüsusiyyətləri mövcuddur. Rusiya böyük ölkədir, regionları çoxdur. Bölgə və regionlarımız həm iqtisadi inkişafa, həm də "kölgə iqtisadiyyatı"nın həcminə görə fərqlənirlər. Biz Rusiya Federasiyasının regionlarında "kölgə sektoru"nun miqyasının azaldılması vasitələrinin effektivliyini araşdırırıq.

Düşünürəm ki, "kölgə iqtisadiyyatı" ilə mübarizədə Rusiya nəinki qanunvericilik baxımından, həm də təşkilati metodları ilə bağlı təcrübələrini bölüşə bilər. Sizin ölkəniz neft ölkəsidir, qeyri-neft sektorunda da canlanma var, müxtəlif islahatlar aparılır. Bu üzdən spesifik metodlarınız olmamış deyil. Buna görə də biz sizin təcrübənizi öyrənməyə və diqqətlə araşdırmağa gəlmişik...

- "Kölgə iqtisadiyyatı" ilə mübarizədə hansı metodlardan istifadəni uğurlu hesab edirsiniz?

- "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin zəruriliyi müasir qloballaşma və onunla əlaqədar olan və transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədar günbəgün artmaqdadır. Bütün bunlar isə "kölgə iqtisadiyyatı" probleminə qarşı mükəmməl konsepsiyanın hazırlanması zərurətini doğurur.

Bizim ölkəmizdə "kölgə iqtisadiyyatı" ilə mübarizədə ən innovativ təcrübə rəqəmsallaşmadır. İctimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbi olmaqla yanaşı, əvvəllər ölkədə mövcud olan "kölgə iqtisadiyyatı"nın həcmini dəfələrlə aşağı düşürür. Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır, yeni vergi tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergi ödəyicilərindən vergi toplamağa şərait yaradır. Rəqəmsal iqtisadiyyat öz gəlirlərinə nəzarət edə bilir. Biz artıq bu innovativ prosesə qoşulmuşuq.

"Kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaq üçün 2019-cu ilin yanvarından Rusiya Federasiyasının dörd subyektində - Moskva, Moskva vilayəti, Tatarıstan Respublikası və Kaluqa vilayətində pilot layihənin həyata keçirilməsinə başlanılıb. Bu ərazilərdə özüməşğul əhalinin qeydiyyatı aparılır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?