- Vera İvanovna, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq Bakıda keçirilən beynəlxalq konfrans fonunda necə görünür?
- Ölkələrimiz arasında çox qədimdən ənənəvi dostluq əlaqələri, qardaşlıq münasibətləri mövcuddur ki, bunu heç bir güc nə poza, nə də dağıda bilər. Buna görə də düşünürəm ki, praktik olaraq bu əməkdaşlıq davam edəcək, genişlənəcək və inkişaf edəcəkdir.
Biz bu forumda müxtəlif ölkələrin vergi qanunvericiliyi ilə bağlı yanaşmalar və baxışlarla tanış olduq. "Kölgə iqtisadiyyatı" ilə mübarizə üsullarını öyrəndik. Bununla bağlı əldə etdiyimiz məlumatları emal etmək, daha sonra isə həmin məlumatlardan istifadə etmək üçün müxtəlif ölkələrin təcrübələri ilə tanış olduq. Qayıtdıqdan sonra bizə maraqlı olan məqamları öz ölkəmizdə də tətbiq etməyə çalışacağıq.
- Mövcud münasibətləri inkişaf etdirmək üçün hansı addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?
- Zamanın tələbi ilə qarşımıza yeni vəzifələr çıxır, əməkdaşlıq üçün yeni istiqamətlər yaranır. Bu mənada mən həm təcrübi, həm də elmi yollarla bir çox addımların atılmasını məqsədəuyğun hesab edirəm. Elmin son nailiyyətlərini bir araya gətirib fikir mübadiləsi aparmaq ümumi işin xeyrinədir. Məsələn, elə bu elmi konfransda biz öz təcrübələrimizi bölüşərək, proseslərin spesifikasını öyrəndik, qanunvericilik bazası ilə tanış olduq. Təcrübə baxımından bu əməkdaşlıq çirkli pulların yuyulması və gəlirlərin ağardılması istiqamətində "kölgə iqtisadiyyatı" ilə mübarizədə vergi xidmətlərinin birgə işinə, qanunvericilik və vergi inzibatçılıq məsələlərinin təkmilləşdirilməsinə xidmət edir.
- Rusiyanın "kölgə iqtisadiyyatı" ilə mübarizə istiqamətində innovativ layihələri haqqında nə deyə bilərsiniz?
- İstər Rusiya, istərsə də Azərbaycan "kölgə iqtisadiyyatı" ilə mübarizədə dünya prosesləri çərçivəsində, eyni istiqamətdə irəliləyir və öz mövqelərini bu trendə uyğunlaşdırmağa çalışır. Amma əlbəttə ki, mübarizənin spesifik xüsusiyyətləri mövcuddur. Rusiya böyük ölkədir, regionları çoxdur. Bölgə və regionlarımız həm iqtisadi inkişafa, həm də "kölgə iqtisadiyyatı"nın həcminə görə fərqlənirlər. Biz Rusiya Federasiyasının regionlarında "kölgə sektoru"nun miqyasının azaldılması vasitələrinin effektivliyini araşdırırıq.
Düşünürəm ki, "kölgə iqtisadiyyatı" ilə mübarizədə Rusiya nəinki qanunvericilik baxımından, həm də təşkilati metodları ilə bağlı təcrübələrini bölüşə bilər. Sizin ölkəniz neft ölkəsidir, qeyri-neft sektorunda da canlanma var, müxtəlif islahatlar aparılır. Bu üzdən spesifik metodlarınız olmamış deyil. Buna görə də biz sizin təcrübənizi öyrənməyə və diqqətlə araşdırmağa gəlmişik...
- "Kölgə iqtisadiyyatı" ilə mübarizədə hansı metodlardan istifadəni uğurlu hesab edirsiniz?
- "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin zəruriliyi müasir qloballaşma və onunla əlaqədar olan və transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədar günbəgün artmaqdadır. Bütün bunlar isə "kölgə iqtisadiyyatı" probleminə qarşı mükəmməl konsepsiyanın hazırlanması zərurətini doğurur.
Bizim ölkəmizdə "kölgə iqtisadiyyatı" ilə mübarizədə ən innovativ təcrübə rəqəmsallaşmadır. İctimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbi olmaqla yanaşı, əvvəllər ölkədə mövcud olan "kölgə iqtisadiyyatı"nın həcmini dəfələrlə aşağı düşürür. Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır, yeni vergi tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergi ödəyicilərindən vergi toplamağa şərait yaradır. Rəqəmsal iqtisadiyyat öz gəlirlərinə nəzarət edə bilir. Biz artıq bu innovativ prosesə qoşulmuşuq.
"Kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaq üçün 2019-cu ilin yanvarından Rusiya Federasiyasının dörd subyektində - Moskva, Moskva vilayəti, Tatarıstan Respublikası və Kaluqa vilayətində pilot layihənin həyata keçirilməsinə başlanılıb. Bu ərazilərdə özüməşğul əhalinin qeydiyyatı aparılır.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI