11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsinin olmadığına görə hansı cərimələr tətbiq edilir?

2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu - Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Əmək müqavilələrinin bağlanılması vəziyyətinə dövlət nəzarətini həyata keçirən hər iki qurumun qanunsuzluq faktları aşkara çıxarılan zaman tətbiq etdiyi məsuliyyət tədbirləri fərqlidir.

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, burada əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur. Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması diqqətçəkən məqamlardandır.

Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə,
bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı
əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunacaq

Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntularına münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, vergi orqanları tərəfindən tətbiq olunan sanksiyaların həm məbləğində, həm də tətbiq edilmə qaydasında 1 yanvar 2019-cu ildən əsaslı dəyişiklik olub. Vergi orqanlarının tətbiq etdiyi cərimələrin Dövlət Əmək Müfəttişliyi Xidmətinin cərimələrindən fərqli və nisbətən mürəkkəb olduğunu nəzərə alaraq, bu sanksiyanı misal üzərində nəzərdən keçirək.

Misal: Tutaq ki, vergi nəzarəti tədbirləri (operativ vergi nəzarəti və yaxud səyyar vergi yoxlaması) zamanı məlum olur ki, mağazada çalışan 2 işçi əmək müqaviləsi olmadan işə cəlb edilib. Bu zaman təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyini nəzərə alan vergi orqanları işəgötürənə 4 min manat (2.000 manat x 2 işçi) cərimə kəsir. Hesab edək ki, eyni təqvim ili ərzində ikinci dəfə işəgötürənin əmək müqaviləsiz işçi çalışdırması (yenə 2 işçi) aşkar olunub, bu zaman işəgötürən 8 min manat (4.000 x 2 işçi) cərimə ödəməli olacaq. Misalın davamı kimi, hesab edək ki, eyni təqvim ilində vergi orqanları üçüncü dəfə eyni işəgötürənin əmək müqaviləsiz işçi işlətməsini (yenə də 2 işçi) qeydə alır. Artıq bu zaman işəgötürən 12 min manat (6.000 x 2 işçi) ödəməli olacaq. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinə görə, ölkəmizdə vergi ili təqvim ilidir və təqvim ili 1 yanvar - 31 dekabr müddətini əhatə edir. 1 yanvar 2019-cu ilədək əmək müqaviləsi ilə bağlı cərimənin hesablanması qaydası və məbləği fərqli idi. Əvvəllər bir təqvim ilində işəgötürənin eyni qanun pozuntusunu (əmək müqaviləsiz işçi çalışdırma) neçə dəfə etməsindən asılı olmayaraq, ona hər dəfə hər müqaviləsiz işçiyə görə min manat maliyyə sanksiyası tətbiq edilirdi. Bir məsələni də vurğulayaq ki, 30 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasnın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 1 yanvar - 31 dekabr 2019-cu il tarixində (bir il) əmək müqaviləsiz işçi çalışdırılmasına birinci dəfə yol verildikdə, vergi orqanı işəgötürənə cərimə kəsmir, ona yazılı formada rəsmi xəbərdarlıq edir. Sonrakı vergi nəzarəti tədbirləri zamanı isə cərimələr tətbiq olunur.

Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur

Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) əsasən, əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur. Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?