27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq fəaliyyəti üçün əlverişli ekosistem yaradılır MƏQALƏ

Birbaşa xarici sərmayə axını yalnız yerli bazarın cəlbediciliyindən deyil, daha geniş anlamda əlverişli biznes mühitindən, infrastrukturdan, qanunlardan və biznesə başlamaq prosedurlarının sadəliyindən asılıdır. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvaba məxsus bu fikirlər ölkələrin iqtisadi strategiyalarını formalaşdırarkən biznes mühitinin təkmilləşdirilməsini nəzərdə tutur. Hər bir ölkə üçün xarici biznes subyektlərini cəlb etmək prioritetdir. Bunun üçün milli iqtisadiyyatın inkişaf hədəflərini formalaşdıran zaman xarici sərmayədarların istəklərini nəzərə almaq önəmlidir. Xarici investorlar yalnız ölkənin maliyyə potensialına baxmır, bütün biznes ekosistemini qiymətləndirirlər.

Biznes mühitində sərfəli şərtlər artır

Ölkəmizin hazırkı sosial-iqtisadi səviyyəsi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün geniş imkanlar yaradır. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən proqram xarakteri daşıyır. Konsepsiyada qeyd olunan hədəflərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında investisiyalar üçün əlverişli vergi şərtlərinin və stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması, "kölgə iqtisadiyyatı" ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi kimi vəzifələr qoyulub. Bu məqsədlə biznes mühiti son illər mütəmadi olaraq təkmilləşdirilir və investorlar üçün cəlbediciliyi artırılır. Son illər sahibkarlıq subyektləri arasında xarici investisiyalı şirkətlərin sayının artması da bu fikri təsdiq edir. Xarici investisiyalar üçün əlverişli mühit yaradan amillərdən biri də biznes təhlillərinin aparılmasıdır.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə daxilolma" işçi qrupuna rəhbərlik edən Dövlət Vergi Xidməti (DVX) ölkəmizdə biznesə daxilolma sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Bu sahədə son illərdə tətbiq edilmiş mütərəqqi təcrübələr nəzərə alınmaqla yenilənmiş təhlil biznesə başlamanın əsas məqamları, o cümlədən biznesin qurulması və əməliyyatların başlanması üçün xidmətlərin qarşılıqlı əlaqəsi, məlumatların onlayn mövcudluğu kimi aspektləri əhatə edir. Bir növ biznes bələdçisi olan bu resurs Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici investorlar üçün də əlçatandır və DVX-nin rəsmi saytında yerləşdirilib.

Xarici investorlar üçün bərabər imkanlar

Sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya şərtlərinin səmərəliliyinin artması qanunvericilik səviyyəsində yeni mərhələni əhatə edir. Bu mərhələ vergi siyasəti ilə biznes mühitinin təkmilləşdirilməsi, investisiya şərtlərinin optimallaşdırılması və sərmayədarlar üçün bir sıra üstünlüklərin formalaşdırılması ilə səciyyələnir. Bu xüsusda Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasına baxmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsasların yaradılmasını qeyd etmək yerinə düşər. Bir müddət əvvəl biznesin qeydiyyatının sadələşdirilməsi və qeyd olunan islahatların həyata keçirilməsi məqsədilə Dünya Bankı Qrupunun "Business Ready" layihəsi üzrə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən "Biznesə daxilolma" işçi qrupunun təşəbbüsü ilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq Milli Məclisdə qəbul edilib və dövlət başçısı tərəfindən təsdiqlənib. Yenilənmiş qanunvericiliyə əsasən yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən bu addımdan irəli gələn texniki şərtlər də yerinə yetirilir. Bütün bunlar davamlı investisiya axınının təmin edilməsinə, şəffaf tənzimləmə sistemi və sabit idarəetmə ilə əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. Bu isə nəticədə beynəlxalq kapitaldan geniş istifadə, sabit maliyyə axını və davamlı iqtisadi artım təminatını vəd edir.

"Respublika"

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?