Kassa çeki tələb etməklə vətəndaş öz hüquqlarını qoruyur
Vergi sistemində aparılan islahatların əsas hədəfləri vergi uçotunun bərpası və şəffaflaşdırılması, vergidən yayınmaya səbəb olan halların qarşısının alınması üçün yeni səmərəli nəzarət mexanizmlərinin tətbiqi, eləcə də vergidən yayınma hallarına qarşı mübarizənin sərtləşdirilməsidir.
Vergi Məcəlləsində nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektləri və obyektlərində vergi ödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının quraşdırılması vəzifələri təsbit olunub. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları (NKA) vasitəsilə aparılmalıdır. Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin sənədlərdə qanunvericiliklə müəyyən olunmuş məlumatların əks etdirilməsini təmin etmək NKA istehlakçısının vəzifələrinə aiddir. Hazırda NKA-ların qeydiyyatı, quraşdırılması, istifadəsi üçün lazım olan bütün infrastruktur mövcud olsa da, bəzi təsərrüfat subyektlərində həmin cihazdan istifadədə ciddi problemlər müşahidə olunur.
Çek tələb etməməklə vətəndaş öz istehlakçı hüquqlarından məhrum olur
İqtisadçı ekspert Qalib Toğrul bildirib ki, əksər ticarət və ictimai iaşə obyektləri tərəfindən verilən çeklərdə vergi ödəyicisinin adı, VÖEN-i göstərilsə də, tələb edilən bütün məlumatlar olmur. Böyük supermarketlərdə alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş sənəd kassa çeki deyil, qaimədir və bu sənəd kassa çekini əvəz edə bilməz.
Kassa çeklərində müvafiq məlumatların olmasını nəzarət-kassa aparatını quraşdıran firma təmin edə bilər. Kassa çeklərində yekun məbləğlə yanaşı, ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləğinin göstərilməsi tələbi qoyulub.
Alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş
sənəd kassa çeki deyil, qaimədir və bu sənəd kassa çekini əvəz edə bilməz
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıların ərizələrində göstərilən qanun pozuntularının böyük bir qismi müxtəlif ticarət və iaşə obyektlərində kassa çeklərinin verilməməsi ilə bağlıdır. İstehlakçıların ərizələri araşdırıldıqda əksər hallarda onların haqlı olduğu aşkara çıxır. Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai-iaşə, xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi və nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi halları narahatlıq doğurur.
Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü çek tələb etmir. Kompüter və telefon avadanlıqları satışı ilə məşğul olan kiçik obyektlərdə, inşaat materialları mağazalarında, gül dükanlarında, geyim mağazalarında və digər obyektlərdə NKA aparatları lazımsız əşya kimi kənarda qalıb.
E.Hüseynovun sözlərinə görə, market və dükanların bir çoxunda alış zamanı xəzinədar tərəfindən kompüterdən çıxarılan qəbzdə (barkod) malların qiyməti və siyahısı, hesablanmış ƏDV əks etdirilir. Alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş sənəd kassa çeki deyil, qaimədir və bu sənəd kassa çekini əvəz edə bilməz. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, vətəndaşlar hər hansı mübahisə halları yarandıqda öz hüquqlarını məhkəmə səviyyəsində müdafiə etmək üçün istehlakçının əlində ciddi sənəd kimi kassa mədaxil orderi olmalıdır. Həmin sənəd, sadəcə, satış qəbzi olduqda istehlakçının hüquqlarının qorunmasını təmin etmək çox çətindir.
E.Hüseynov qeyd edib ki, istehlakçıların satış mağazalarında və marketlərdə aldadılması hallarından biri də vitrindəki qiymətlərlə kassada qəbzə vurulan məbləğ arasında fərqin yaranmasıdır.