Kassa çekini tələb etməyi unutmayın!
Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlayıb. Tədbirlər çərçivəsində ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılır. Nəzarət tədbirləri zamanı kassa çeki və digər ciddi hesabat blanklarının təqdim edilməməsi halları aşkar edilərsə, vergi orqanları tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir. Çek tələb etmək alıcılar üçün vacib məsələdir.
Çek tələb etməsək nə baş verə bilər?
Alış-veriş gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər alış-veriş zamanı kassa çeki tələb etmək isə məsələnin hüquqi tərəfdən təminatıdır. Əgər alış-veriş zamanı çek verilməyibsə, bu, qanun pozuntusu və vergidən yayınma deməkdir. Alıcı hər alış-veriş zamanı dövlət büdcəsinə vergilərin ödənilməsində iştirak edir. Belə ki, alış-veriş etdiyimiz yerlər arasında ƏDV ödəyiciləri olan iri supermarketlər və kiçik sahibkarlıq subyektləri vardır. İstehlakçı alış-veriş zamanı müxtəlif vergiləri (ƏDV, aksiz) ödəyir, həmçinin sahibkarın satışı rəsmiləşdirdiyi zaman gəlirlərini bəyan etməklə vergiləri ödəməsində dolayı şəkildə iştirak edir. Məsələn, vətəndaş əldə etdiyi çekə baxmaqla orada ödənilmiş ƏDV məbləğini görə bilər. Yaxud mağazadan aksizli məhsullar (tütün məmulatı, alkoqollu içki və s.) ala bilər. Alıcı çek tələb etməyəndə ödədiyi vergilərin, həmçinin sahibkarın ödəməli olduğu verginin büdcəyə deyil, ticarət obyektinin sahibində qalmasına yol açır, eyni zamanda, vergilərin büdcədən yayındırılmasına yol vermiş olur. Halbuki, büdcəyə ödənilən vergi xidmət şəklində alıcıya qayıda bilərdi. Vətəndaş çek tələb edən zaman satıcı satışı qeydiyyata almış olur və bu satışdan vergi dövlət büdcəsinə yönəlir. Dövlət büdcəsinə yönələn vergi isə əməkhaqqı, pensiya, təqaüd, səhiyyə və təhsil sisteminə, sosial xidmətlərə və dövlətin digər ehtiyaclarına xərclənir. Alıcılar çekləri tələb etmədikcə büdcəyə daxil olan verginin məbləği azalır. Sahibkarlar qeyri-qanuni gəlir əldə edir, vətəndaş işə əməkhaqqının və ya sosial xidmətlərin azlığından şikayətlənir.
Vətəndaş isə buna özünün yol verdiyinin fərqinə varmır. Nəticədə büdcədən müəyyən vəsait yayındırılır və vətəndaş özü də bilmədən "kölgə iqtisadiyyatı"nın iştirakçısına çevrilir. Alıcılar əksər hallarda məlumatsızlıqdan bu vəziyyətə yol verirlər. Bu səbəbdən bəzi ölkələrdə çek tələb etməyən vətəndaşlara da cərimələr tətbiq olunur. Bütün bunları nəzərə alsaq məlum olur ki, diqqətsizlik ucbatından əldə etmədiyimiz çek gələcəkdə bizə təqdim ediləcək sosial xidmətdən imtina etməyimiz deməkdir. Bu, həm də istehlakçı olaraq hüquqlarımızın pozulmasıdır, çünki malın bu və ya digər səbəbdən dəyişdirilməsi tələb olunduqda, kassa çekinin təqdim edilməsi zəruridir. Bu səbəbdən çek mütləq tələb edilməlidir.
Çek tələb etsək nə qazanırıq?
Çek tələb etməklə birinci növbədə, vətəndaşlıq borcunu yerinə yetirmiş oluruq. Satıcıya ödənilən vəsaitin vergi şəklində büdcəyə ödənilməsini təmin etmiş oluruq. Çek tələb etmək vergidən yayınmanın qarşısını almaqdır. İqtisadiyyatdan yayındırılmağa cəhd edilən satışın qarşısını almaqla dövriyyənin qanuni vergiyə cəlb edilməsini təmin etmiş oluruq. Çek əldə etməklə vəsaitin sosial xidmətlərə xərclənməsinə və bununla da daha keyfiyyətli xidmətdən faydalanmağa nail oluruq. İstehlakçı kimi hüquqlarımızı müdafiə etmək üçün sənədə sahib oluruq. Çek alıcının hüququnu təsdiq edən sənəddir. Alış-veriş zamanı çek tələb etmək satışı rəsmiləşdirir. İstehlakçı hüquqları baxımından məsələyə diqqət yetirsək, çek əldə etməklə 14 gün müddətində aldığınız məhsulu qaytarmaq və dəyişmək hüququnuzu qazanmış olursunuz. Bu, çek olmadan mümkün deyil. Çek tələb etmək tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınmasına, "kölgə iqtisadiyyatı"nın qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti olmasına və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.
Daha yaxşı xidmət üçün aktiv təşəbbüs
Alış-verişin həyatımızın ayrılmaz hissəsi olduğunu yazının əvvəlində qeyd etmişdik. Hər alış-veriş zamanı dövlət büdcəsinə vəsait ödənir və biz bu vəsaiti sosial rifah halımızın yüksəldilməsi kimi dövlətdən geri alırıq. Cəmiyyət arasında çek tələb etmə vərdişinin formalaşması üçün vətəndaşların da bu sahədə biliklərə sahib olması mütləqdir. Öz hüquqlarını müdafiə edə bilən istehlakçı cəmiyyət üçün faydalı təşəbbüslərə yol açacaq və vətəndaş cəmiyyətinin əhəmiyyətli üzvünə çevriləcək. Çünki bu təşəbbüslər ümumi iqtisadi maraqlara xidmət edir. Vergi dövlətin önəmli maliyyə mənbəyidir. Verginin tam və vaxtında ödənilməsi qədər vergilərin ödənilməsində iştirak etmək və buna nəzarət etmək də önəmlidir. Bu, hər bir vətəndaşın borcudur. Çünki bu, son nəticədə vətəndaşın özünə faydalıdır. Dövlətin ona daha geniş imkanlar verməsini və keyfiyyətli sosial xidmətlərdən yararlanmaq istəyən vətəndaş öz vəzifələrini və hüquqlarını bilərək buna uyğun hərəkət etməli və cəmiyyətdə iqtisadi proseslərin qanun çərçivəsində həllində maraqlı olmaldır. Bunun üçün təşəbbüsə çek tələb etməklə başlamaq olar...!