12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

IOTA-ya prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası üçün daha çox dəstək alacaq

43 Avropa ölkəsinin birləşdiyi və vergi sahəsində ixtisaslaşmış mühüm beynəlxalq təsisat olan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) təsis edilməsi haqqında rəsmi qərar 1996-cı ilin 28-30 oktyabr tarixlərində Varşava şəhərində keçirilən Mərkəzi, Şərqi Avropa və Baltikyanı Ölkələrin Vergi Administrasiyalarının 3-cü konfransı zamanı qəbul edilib.

Təşkilatın əsas missiyası Avropa regionunda vergi administrasiyaları arasında əməkdaşlığa köməklik etmək və onların fərdi tələbatlarına uyğun olaraq inkişaflarını dəstəkləmək məqsədilə vergi inzibatçılığının praktiki məsələlərinin müzakirə edilməsi üçün forumun təşkil edilməsidir. IOTA Avropa regionunda vergi inzibatçılığının praktiki məsələlərinin müzakirəsi üçün aparıcı təşkilat olmağa çalışır.

Təşkilatın əsas vəzifəsi IOTA üzvləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına köməklik etmək, inkişaf proqramlarının həyata keçirilməsində IOTA üzvlərini dəstəkləmək, ən yaxşı təcrübəni müəyyən etmək və onun qəbul edilməsini dəstəkləmək, həmçinin IOTA üzvləri üçün məlumat və fikir mübadiləsinin aparılmasına töhfə verməkdir. IOTA çərçivəsində əməkdaşlıq təşkilata üzv olan dövlətlərin vergi orqanları ilə ikitərəfli əməkdaşlığın da əsasını təşkil edir, eləcə də vergitutma sahəsində beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, beynəlxalq vergitutma sahəsində baş verən proseslər və tendensiyalar barədə məlumatların əldə edilməsi baxımından əhəmiyyətli hesab olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2002-ci ildən IOTA-nın tam hüquqlu üzvüdür, indiyədək 3 dəfə İOTA-nın İcraiyyə Şurasında təmsil olunub. Azərbaycan MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk ölkədir.

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə əməkdaşlıq Azərbaycanın vergi sisteminin təkmilləşdirilməsi və vergi xidmətinin müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində aparılan işlərin intensivləşdirilməsi, eləcə də vergi inzibatçılığı sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Bu əməkdaşlıq vergi idarələrinin effektivliyini artırmaq, vergi idarəçiliyi standartlarını yaxınlaşdırmaq, texniki inkişafı təşviq etmək və vergi əməliyyatlarının təhlükəsizliyini qorumaq məqsədilə aparılır, həmçinin Azərbaycanın vergi idarələri üçün təcrübə və məsləhətləşmə imkanlarını artırır və beynəlxalq əməkdaşlıq sahəsində aktiv iştirakını təmin edir.

IOTA vergi sahəsində əməkdaşlıq üçün bir sıra səmərəli alətlərə də malikdir. Belə mexanizmlərə vergi administrasiyaları barədə məlumatların bir bazada toplanmasına və müqayisəli təhlilinə imkan verən ISORA layihəsini, vergitutma sahəsində beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, eləcə də vergi administrasiyası əməkdaşlarının müasir dövrün tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi baxımından VİTARA layihəsini, qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan “Texniki sorğular” alətini misal göstərmək olar ki, bunların da müstəsna əhəmiyyəti var.

Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin səmərəliliyin artırılması, vergi ödəyicilərinin xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Vergi Xidməti IOTA tərəfindən təşkil edilən tədbirlərdə (konfrans, seminar, iclas və s.) fəal iştirak edir. Azərbaycan IOTA-nın bir sıra mötəbər tədbirlərinə, o cümlədən 2013-cü ildə Baş Əlaqələndirici Şəxslərinin 19-cu Forumuna, 2014-cü ildə isə İcraiyyə Şurasının 92-ci iclasına ev sahibliyi edib. Həmçinin 2015-ci ildə IOTA ilə əməkdaşlıq çərçivəsində Bakıda “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” da keçirilib. Forum vergi orqanlarına təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparmağa, yeni tendensiyaları və təlim strategiyalarına ümumi yanaşmaları müəyyən etməyə, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr aparmağa şərait yaradıb. Azərbaycanın ev sahibliyi etdiyi forumda IOTA-ya üzv 25 ölkədən 39 nümayəndə iştirak edib. Daha sonra 2019-cu ildə IOTA və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə” mövzusunda forum baş tutub. Forumun təşkilində məqsəd Avtomatik Məlumat Mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə köməklik göstərməkdən ibarət olub. 2019-cu ildə isə Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), IOTA və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunmuş V regional iclasa ev sahibliyi edib.

Dövlət Vergi Xidməti bütövlükdə təşkilatın işində yaxından iştirak edir. Təşkilata üzv olunan dövr ərzində Dövlət Vergi Xidmətinin IOTA ilə əməkdaşlığı çox sıx şəkildə aparılıb. Bu platforma ilk növbədə mütərəqqi təcrübələrin öyrənilməsi, ən yaxşı təcrübələrin ölkəmizin milli vergi sistemində tətbiqi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan da öz növbəsində, əldə etdiyi bir sıra nailiyyətləri təşkilat üzvləri ilə paylaşmağa, informasiya mübadiləsinə səy göstərir.

Dövlət Vergi Xidmətinin bir çox əməkdaşı IOTA tərəfindən təşkil olunan seminar, forum və digər tədbirlərdə həm iştirakçı, həm də ekspert qismində fəal iştirak edir, IOTA-nın müxtəlif işçi və test qruplarında fəal şəkildə təmsil olunurlar.

IOTA-nın 28-ci Baş Assambleyası çərçivəsində keçirilən inzibati sessiya zamanı təşkilatın prezidenti vəzifəsinə Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli seçilib. Qurumun prezidentliyini həyata keçirəcək DVX İcraiyyə Şurasına da sədrlik edəcək. Bununla da IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib.

IOTA-nın prezidentliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə nə verəcək?

Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi, əslində ölkəmizə göstərilmiş böyük bir etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən qiymətdir. Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi əslində uzun müddət davam edən prosesin nəticəsidir. Bu əlbəttə təkcə DVX-nın deyil, ölkəmizin beynəlxalq arenada artan nüfuzu və ölkəmizə olan etimaddan irəli gəlir.

IOTA üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət, eyni zamanda da böyükhəcmli iş qoyur. Təşkilata prezidentlik həm də müəyyən öhdəliklərin yaranması deməkdir. İcraiyyə Şurasının il ərzində müvafiq iclasları keçirilir ki, bu iclaslarda strateji məsələlər, yeni üzvlərin və ya assosiativ üzvlərin qəbul olunması, IOTA nizamnaməsinə dəyişikliklərin edilməsi, təşkilatın yeni daxili qaydalarının qəbul olunması və s. kimi məsələlər həll olunur.

Bundan başqa, IOTA-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində təşkilatı təmsil etmək, IOTA tərəfindən təşkil olunan digər tədbirlərdə iştirak etmək vacibdir. Eyni zamanda, Dövlət Vergi Xidməti IOTA tədbirlərində həm təqdimatçı ekspert, həm də iştirakçı qismində fəal iştirak edəcək. Azərbaycan həmçinin 2025-ci ildə keçiriləcək 29-cu Baş Assambleyaya ev sahibliyi edəcək.

Vurğulamaq lazmdır ki, IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycan üçün əhəmiyyətli fayda gətirəcək potensial imkanlar yaradır. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmasına kömək etmək və nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq təşkilatlarda daha aktiv rol oynamağına imkan verəcək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Həmçinin IOTA prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası, idarəetmə prinsiplərinin tətbiqi və texnologiyaların inkişafı üçün daha çox dəstək və təlimat almaq imkanına malik olacaq. Bu da vergi idarələrinin effektivliyini artırmaqla yanaşı, vergi məhsullarının toplanması üzrə proseslərin sürətlənməsinə kömək edəcək.

Bundan əlavə, Azərbaycan beynəlxalq vergi idarələri ilə məlumat və təcrübə mübadiləsi üçün daha geniş imkanlar əldə edir. Ən əsası da Azərbaycanın beynəlxalq səviyyədə tanınması və nüfuzunun artması, ölkəyə xarici investisiyaları cəlb etmək və iqtisadiyyatın inkişafına dəstək olmaq üçün güclü imkanlar təşkil edir. Beləliklə, IOTA prezidentliyi Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində nüfuzunu daha da artıraraq, vergi idarələrinin modernizasiyasını dəstəkləyəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə şərait yaradacaq.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?