11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezident şəxslər tərəfindən göstərilən xidmətlər zamanı ƏDV-nin hesablanması

Qeyri-rezident şəxslər tərəfindən göstərilən xidmətlər zamanı ƏDV-nin hesablanması vaxtının müəyyən edilməsi vergi nəzarətinin vacib məsələlərindəndir və bu mövzu vergi ödəyicilərinin də diqqət mərkəzindədir. Vergi ödəyiciləri hesablaşmalar zamanı ortaya çıxan müəyyən məsələlərlə bağlı redaksiyamıza müraciət edir, ƏDV qeydiyyatında olan və olmayan şəxslərin fərqləndirilməsi, həmin vergi agentlərinin hüquq və vəzifələri, qeyri-rezidentlərə mal və xidmətlərin göstərilməsi zamanı vergilərin hesablanması və ödənilməsi ilə bağlı suallar ünvanlayırlar. 

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov öncə qeydiyyat məsələsinə aydınlıq gətirib: "Vergi Məcəlləsinin (VM) 169.1-ci maddəsinə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb edilir.

VM-in 169.2-ci maddəsində göstərilən vergi agenti ƏDV qeydiyyatında olan, 169.5-ci maddədə göstərilən vergi agenti isə ƏDV qeydiyyatında olmayan şəxsdir. ƏDV qeydiyyatında olmayan şəxslər kimi sadələşdirilmiş verginin ödəyiciləri, yalnız gəlir və ya mənfəət vergisinin ödəyiciləri, habelə dövlət hakimiyyəti orqanları, büdcə təşkilatlarını nümunə göstərmək olar.

Qeyri-rezidentin ƏDV öhdəliyinin yerinə yetirilməsi prosesi agent qaydasında baş verir: VM-in 169.2-ci maddəsində göstərilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. Vergi agenti isə VM-ə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Qeyri-rezidentin apardığı əməliyyat üzrə ƏDV-nin hesablanması VM-in 169.3-cü, 169.4-cü və 169.7-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, yəni xidmətlər qeyri-rezident tərəfindən vergi agentinə göstərildikdə vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənilməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir (VM, maddə 169.3). Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir (VM, maddə 169.4).

Göründüyü kimi, qeyri-rezident tərəfindən göstərilən xidmətlər əməliyyatın həyata keçirildiyi ayda ƏDV bəyannaməsində bəyan edilməli, hesablanmış vergi məbləği dövlət büdcəsinə ödənilməlidir. Lakin bəzi sahibkarlarda keçirilən nəzarət tədbirləri, habelə müraciətlər zamanı qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV-nin yalnız ödəniş edildiyi ayda bəyan etdikləri qeyd olunur. Qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanmasının ödəniş aparılan ayda hesablanması VM-in 169.7-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin bu maddə qeyri-rezidentin göstərəcəyi işlər və xidmətlər müqabilində avans ödənişlərə münasibətdə tətbiq edilir. ƏDV ödəyicisi olan sahibkar qeyri-rezidentə göstərəcəyi xidmətlər müqabilində əvvəlcədən ödəniş apardıqda bu ödəniş ƏDV tutulan əməliyyat sayılır və Məcəllənin 169.7-ci maddəsi ilə vergiyə cəlb edilir.

Vergi agenti qeyri-rezidentə ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin hesablanması barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannamə təqdim etməlidir (VM, maddə 169.7).

Qeyd edək ki, işlərin və xidmətlərin həyata keçirildiyi yer VM-in 168-ci maddəsi ilə müəyyən edilir. Bu səbəbdən qeyri-rezidentin göstərdiyi xidmətlər bu maddəyə uyğun olaraq Azərbaycanda həyata keçirilmiş sayıldığı halda, ƏDV-nin hesablanması həyata keçirilir.

Yuxarıda qeyd edilənlərə əsasən, qeyri-rezident şəxs ƏDV ödəyicisi olan agentə (sifarişçiyə) xidmət göstərirsə, ƏDV xidmətlər yerinə yetirildiyi ayda hesablanmalı, sifarişçi tərəfindən qeyri-rezidentə avans ödəniş aparıldığı halda isə ödəmənin aparıldığı ayda ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?