14 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni anlayışlar

Vergi Məcəlləsinə dəyişikliklərdə bir sıra yeni anlayışlarla tanış oluruq. "Elektron kabinet", "məcburi nişanlanma", "iqtisadi maraqlar mərkəzi", "KOB klaster şirkəti", "startap" və s. kimi anlayışlara tez-tez rast gəlinir. "Deloitte-Azerbaijan"nın "Vergi xəbərləri" adlı bülletenində Vergi Məcəlləsindəki dəyişikliklər və məcəlləyə yeni daxil olan anlayışlar belə izah edilir.

Dividend nədir?

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş hesab olunurdu. Yeni əlavələrə əsasən, aşağıdakılar da dividend hesab ediləcəkdir:

• hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi,
• səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər şəkildə edilən ödəmələr.

Azərbaycan mənbəyindən gəlir

Azərbaycan mənbəyindən gəlir - güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdir.

Dəyişikliyə görə, Azərbaycan mənbəyindən gəlir - güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər hesab olunacaq. Alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu müddəalar rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilməyəcək.

Anlayışlar

Yeni əlavələrə görə, "elektron kabinet" - vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə deməkdir.

Məcburi nişanlanma - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq edilən markaların üzərində yerləşdirilən məcburi nişanlanma kodu və digər qoruyucu elementlərdir. Aksiz markası - aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markasına deyilir.

Dəyişikliklərdə, həmçinin, "iqtisadi maraqlar mərkəzi" ifadəsi yer alıb ki, bu da vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;

İnnovasiya fəaliyyəti - iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyəti nəzərdə tutur.

KOB klaster şirkəti - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verildiyi hüquqi şəxsə deyilir.

İnnovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Startap" şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti startap adlanır.


Fəxriyyə İKRAMQIZI

VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi?