Dividend nədir?
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş hesab olunurdu. Yeni əlavələrə əsasən, aşağıdakılar da dividend hesab ediləcəkdir:
• hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi,
• səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər şəkildə edilən ödəmələr.
Azərbaycan mənbəyindən gəlir
Azərbaycan mənbəyindən gəlir - güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdir.
Dəyişikliyə görə, Azərbaycan mənbəyindən gəlir - güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər hesab olunacaq. Alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu müddəalar rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilməyəcək.
Anlayışlar
Yeni əlavələrə görə, "elektron kabinet" - vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə deməkdir.
Məcburi nişanlanma - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq edilən markaların üzərində yerləşdirilən məcburi nişanlanma kodu və digər qoruyucu elementlərdir. Aksiz markası - aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markasına deyilir.
Dəyişikliklərdə, həmçinin, "iqtisadi maraqlar mərkəzi" ifadəsi yer alıb ki, bu da vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;
İnnovasiya fəaliyyəti - iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyəti nəzərdə tutur.
KOB klaster şirkəti - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verildiyi hüquqi şəxsə deyilir.
İnnovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Startap" şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti startap adlanır.
Fəxriyyə İKRAMQIZI