2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şərur, Babək və Ordubadda Vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə veriləcək

Naxçıvan Muxtar Respublikasında tətbiq edilən müasir vergi inzibatçılığının davamı olaraq, habelə vergi ödəyicilərinə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Şərur, Babək və Ordubad şəhərlərində xidmət mərkəzləri istifadəyə veriləcək.

Bu barədə "vergiler.az"a Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov deyib. Onun sözlərinə görə, bu mərkəzlərdə bölgədə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək.

“Yeni Xidmət mərkəzləri ümumilikdə 10 minə yaxın aktiv vergi ödəyicisini əhatə edəcək ki, bu da vergi ödəyicilərinin vergi sahəsi üzrə bütün xidmətlərdən daha asan və sürətli yararlanmasına şərait yaradacaq. Muxtar Respublikada Xidmət mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi bütün sahibkarların vergi xidmətlərindən ən yüksək səviyyədə yararlanma imkanına səbəb olmaqla, şəffaflaşmanın, könüllü bəyanetmə və könüllü ödəmənin səviyyəsinin daha da artırılmasına imkan verəcək”, - deyə Z.Qənbərov qeyd edib.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi xatırladıb ki, bu ilin may ayında istifadəyə verilən Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən noyabrın 1-dək ümumilikdə 10499 şəxs qəbul edilib və onlara 15465 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövründə göstərilən xidmətlərin sayını 3,1 dəfə üstələyir.

“Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılmasına xidmət edən Mərkəz geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərir. Mərkəz hazırda sahibkarlara hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərir”, - Z.Qənbərov əlavə edib.

Qeyd olunub ki, Naxçıvan MR-də “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq, ilk dəfə könüllü gənclər 27 noyabr 2023-cü il tarixdən Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində fəaliyyətə başlayıb.

Z.Qənbərovun sözlərinə görə, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinin davamı olaraq, Muxtar Respublikanın vergi orqanlarında bu potensialdan istifadə edilir.

“Layihənin daha bir məqsədi gənc kadrların vergi orqanlarında təcrübə toplamasına və gələcəkdə bu sahədə işləmək arzularını reallaşdıra bilmələrinə kömək etməkdir. Könüllülər xidmət mərkəzində vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, mövcud xidmətlər barədə məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olurlar”, - deyə Z.Qənbərov qeyd edib.

İdarə rəisi iki ay müddətinə bağlanan müqavilə əsasında fəaliyyət göstərən könüllülərin işinin sonda qiymətləndirilməsi və onlara sertifikatların təqdim edilməsinin, gələcəkdə Şərur, Babək və Ordubad şəhərlərində istifadəyə veriləcək xidmət mərkəzlərində də belə bir fəaliyyətin təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində könüllü kimi çalışmaq üçün ilkin mərhələdə Naxçıvan MR dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 13 iyul 2023-cü il tarixdə elan olunmuş müsabiqədə iştirak edən şəxslər arasından 4 nəfər gənc seçilib. Dövlət Vergi Xidməti dövlət-biznes münasibətlərində məmnunluğun təmin edilməsi istiqamətində öz fəaliyyətini davam etdirir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ