18 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hansı hallarda vergi ödəyicisində xronometraj metodu ilə müşahidə keçirilə bilər?

Hansı hallarda vergi ödəyicisində xronometraj metodu ilə müşahidə keçirilə bilər?

Xronometraj metodu ilə müşahidə, operativ vergi nəzarətinin bir növü olmaqla, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aparılan nəzarət tədbiridir.

Bəs xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi zərurəti nədən qaynaqlanır?“vergiler.az”ın bu və digər suallarına Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev aydınlıq gətirir:

Vergi Məcəlləsinə əsasən, xronometraj metodu ilə müşahidənin keçirilməsi üçün vergi orqanına müraciət etmək vergi ödəyicisinin, icra edilməsi isə vergi orqanının hüququ olaraq qəbul edilir. Xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi üçün zərurət vergi ödəyicisi ilə vergi orqanı arasında vergi münasibətləri çərçivəsində yaranır.

Vergi Məcəlləsinə əsasən, aşağıdakı hallarda vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparıla bilər:

- vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərə, işçilərin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ;

- əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar edildikdə;

- Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə.

Misal: Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkarın əvvəlki hesabat dövrlərində vergi tutulan dövriyyəsi (təqdim etdiyi vergi bəyannaməsinə əsasən) 100.000- 120.000 manat olaraq dəyişir. Vergitutulan dövriyyə vergi ödəyicisinin təqdim etdiyi əmtəə-material ehtiyatlarının həcminin uçotuna uyğunluq təşkil edir. Ancaq cari hesabat dövründə vergitutulan dövriyyə təqdim edilən vergi bəyannaməsinə əsasən 60.000 manat olub və təqdim edilmiş əmtəə-material ehtiyatlarının həcminin uçotu ilə uyğunsuzluq təşkil edir. Bu halda, vergi orqanı vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparmaqla cari hesabat dövrünün istehsal həcmi və ya satış dövriyyəsini dəqiqləşdirə bilər.

Xronometraj həyata keçirmək üçün, ilk növbədə, vergi orqanının qərarı və müşahidəni həyata keçirəcək yoxlayıcıların xidməti vəsiqəsi vergi ödəyicisinə təqdim edilməlidir. Müşahidə müddəti 15 iş günündən çox olmayaraq müəyyən edilir. Hər iş gününün sonunda isə gündəlik istehsal və ya satış dövriyyəsini özündə əks etdirən akt tərtib olunaraq imzalanır. Son nəticə müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?