Hansı hallarda vergi ödəyicisində xronometraj metodu ilə müşahidə keçirilə bilər?

2023.11.13 16:53 (UTC+04:00)

Vergi Məcəlləsinə əsasən, xronometraj metodu ilə müşahidənin keçirilməsi üçün vergi orqanına müraciət etmək vergi ödəyicisinin, icra edilməsi isə vergi orqanının hüququ olaraq qəbul edilir. Xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi üçün zərurət vergi ödəyicisi ilə vergi orqanı arasında vergi münasibətləri çərçivəsində yaranır.

Vergi Məcəlləsinə əsasən, aşağıdakı hallarda vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparıla bilər:

- vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərə, işçilərin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ;

- əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar edildikdə;

- Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə.

Misal: Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkarın əvvəlki hesabat dövrlərində vergi tutulan dövriyyəsi (təqdim etdiyi vergi bəyannaməsinə əsasən) 100.000- 120.000 manat olaraq dəyişir. Vergitutulan dövriyyə vergi ödəyicisinin təqdim etdiyi əmtəə-material ehtiyatlarının həcminin uçotuna uyğunluq təşkil edir. Ancaq cari hesabat dövründə vergitutulan dövriyyə təqdim edilən vergi bəyannaməsinə əsasən 60.000 manat olub və təqdim edilmiş əmtəə-material ehtiyatlarının həcminin uçotu ilə uyğunsuzluq təşkil edir. Bu halda, vergi orqanı vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparmaqla cari hesabat dövrünün istehsal həcmi və ya satış dövriyyəsini dəqiqləşdirə bilər.

Xronometraj həyata keçirmək üçün, ilk növbədə, vergi orqanının qərarı və müşahidəni həyata keçirəcək yoxlayıcıların xidməti vəsiqəsi vergi ödəyicisinə təqdim edilməlidir. Müşahidə müddəti 15 iş günündən çox olmayaraq müəyyən edilir. Hər iş gününün sonunda isə gündəlik istehsal və ya satış dövriyyəsini özündə əks etdirən akt tərtib olunaraq imzalanır. Son nəticə müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur.