15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elxanilər dövründə vergilər II hissə

Yazının I hissəsi ilə buradan tanış olmaq olar

7. Tağar

Tağar əsgərlərin yeyib-içməklə təmin edilməsi üçün alınan vergidir. Tağar sözünün iki mənası var, bu həm qida məhsulları deməkdir, həm də çəki ölçüsüdür. Bəzən "tağar" əvəzinə "sər-tağar" işlədilirdi və bu da onun adambaşına qoyulan vergi olduğunu göstərir.

Hülaku xan Bağdada hücum etdikdə ordunu tağarla yaxşı təmin etdiyinə görə İbn-əl-Ömranı şəhər valisi təyin edib.

Keyxatu xanın hökmranlığı dövründə Qazan xan Xorasanın canişini idi və onun əsgərlərinə Fuşencə kəndinin əhalisi tağar ödəmədiyinə görə qəzəblənən Qazan xan ora hücum etdi. Kənd talan olundu və əhalinin çox böyük hissəsi, o cümlədən qadınlar və uşaqlar qul kimi işləməyə məcbur edildilər.

Tağar vergisinin dərəcəsi tez-tez dəyişdirilirdi. O, dövlətin, yaxud da feodalların, ayrı-ayrı vəzifəli şəxslərin ehtiyacından asılı olurdu. İştah da, məlumdur ki, diş altındadır və ehtiyacın artdığını həmişə əsaslandırmaq mümkündür. Məsələn, Hülaku xan Bağdada hücum etdikdə ordu üçün hər adamdan bir tağar (təqribən 300 kq) un və bir tuluq (təqribən 150 litr) çaxır alınıb. Əbu Səidin dövründə Xorasana hücum edən Cığatay şahzadəsi Yasavur öz qoşunu üçün Məşhəd şəhərinin əhalisindən 500 qoyun, 300 xərvər (yəni təxminən 90 ton) buğda, 500 xərvər (yəni təxminən 150 ton) arpa tələb edib.

Qeyd edək ki, tağar çəki ölçüsü kimi də sabit qalmayıb. Monqollarda bu çəki vahidi bir kisə düyünün çəkisı kimi (təqribən 33-60 kq) qəbul olunmuşdusa, Elxanilər dövründə onu 100 Təbriz manına, yəni 297 kq-a bərabər hesab edirdilər. Sonralar XVII əsrdə Türkiyə və Azərbaycanda tağar 150 okkaya, yəni təqribən 192 kq-a bərabər çəki vahidi olub. XX əsrin əvvəllərində Azərbaycanın Gəncə şəhərində və ətraf yaşayış məntəqələrində tağar dedikdə 40 çanaq buğda və ya arpa nəzərdə tutulurdu ki, bu da təqribən 40 pud arpa və 45 pud buğda deməkdir. Şamaxıda 1 tağar dedikdə 400 kq-a yaxın çəkisi olan yük başa düşülürdü.

8. Nuzl (və ya nuzul)

Ərəbcə "nuzul" qonağa təklif olunan qida məhsulları deməkdir. Yəni qonaq qapıdan içəri girdikdən sonra ona hansı yeməyi versən, deməli, ona "nuzul" təklif edirsən, Ev sahibinin qonaqpərvərliyindən asılı olan "nuzul" Elxanilərin hakimiyyəti dövründə ən ağır mükəlləfiyyətlərdən biri idi. Artıq "Allah qonağı”nın yedizdirilməsi ev sahibinin xeyirxahlığından yox, qonağın həyasızlıq dərəcəsindən asılı olurdu. Şəhərlərə və kəndlərə gələn çoxsaylı elçilər, məmurlar, vergiyığanlar və s. rəiyyət evlərində yerləşirdilər. Onların nökərləri və qulluqçuları da olurdu. "Qonaqlar" kefləri istəyən kimi yeyib içir, sözün həqiqi mənasında rəiyyətin təsərrüfatını talan edirdilər. Rəiyyət bu mükəlləfiyyət nəticəsində dilənçi kökünə düşürdü. Gəlmələr çox zaman evdə əllərinə keçən qab-qacağı, xalça-palazı da özləri ilə aparırdılar.

Qazan xanın dövründə xüsusi fərmanla dövlət məmurlarının rəiyyət evində yerləşməsinə qadağa qoyuldu. Onlar elçixana adlanan xüsusi evlərdə qalırdılar. Lakin sonralar Əbu Səid dövründə bu fərman öz qüvvəsini itirdi, qonaqların özbaşınalığı çoxlarını ac-yalavac qoydu.

9. Yam, ulaq

Bu iki vergi növü bir-birilə sıx bağlıdır və onları ayırmaq düzgün olmazdı. "Yam" dedikdə dayanacaqlar, "ulaq" dedikdə yamda saxlanan minik və qoşqu atları başa düşülür. Qazan xanın hakimiyyəti dövründə yollarda hər 3-4 fərsəng (1 fərsəng təxminən 7 km-dir) məsafədə yam tikilib və hər yamda 15 at saxlanılırdı. Dövlət qulluqçuları uzaq yol gedərkən yamlarda atlarını dəyişdirirdilər. Yamda xüsusi işçilər (yamçılar) qulluq edirdilər. Yamların və ulaqların saxlanması üçün xərc tələb olunurdu və əhalidən həm yam, həm də ulaq vergiləri yığılırdı. At çatmadıqda kəndlilərin və hətta yol keçənlərin atlarını zorla əllərindən alırdılar.

10. Bəhrə

Məhsulun müəyyən hissəsinin vergi kimi alınması "bəhrə" adlanırdı. Sonralar bu vergiyə daha çox malcəhət (malucəhət) deyilsə də, bəzi yerlərdə bəhrə adı saxlanılırdı. Əsasən 20-25 faiz dərəcəsi ilə ödənilən bu verginin dörddə bir (cahar-yek) adlanan "çərək" forması XX əsrin əvvəllərinədək davam edib.

11. Şir-baha

Bu verginin hərfi mənası "süd pulu" deməkdir. Feodalların, onların övladlarının toyu üçün yığılırdı. Məsələn, Xorasan valisinin qızının toyunda əhalini döyə-döyə 50.000 dinar pul yığıblar. Bu vergi sonrakı dövrlərdə də tətbiq edilib, lakin "toypulu" adlandırılıb.

Bunlardan əlavə, Elxanilər dövrünə aid tarixi mənbələrdə çərik, savəri, ələfə, ulufə, nəz, bəqaya, tərğu, tusun, nəmari, ternagir, təbğur, tərh, sərane, nefti, urfi, nal-baha, şərab-baha, cizyə, mali-amani, rəsme-xəzanə, bağ-şumar, xanə-şumar, mal-əs-silah, gərək-yaraq kimi vergi və mükəlləfiyyətlərin tətbiqi barədə göstərilib. Onlardan bəziləri sonrakı dövrlərdə də istifadə olunub, bəzilərinin adı dəyişdirilib, qalanları isə əhəmiyyətini itirib unudulub. Məsələn, çərik, cizyə, ulufə və s. vergilər olduğu kimi saxlanıb. Sərane, bağ-şumar və mali-amaninın adları uyğun olaraq, sər-şumar, bağbaşı və təzminat olub. "Şərab-baha" sözü çaxır pulu mənasını verir, yüksək vəzifəli məmurlara çaxır alınması üçün yığılırdı. Şərab islam dininə görə qadağan edilsə də Elxanilər dövründə bu vergi qüvvədə olub. Lakin sonradan ləğv edilib. Yaxud şüsun adlı vergiyə bu dövr mənbələrində rast gəlinmir, bu vergi məmurların ərzaqla təmin olunması üçün nəzərdə tutulub. Urfi, , tərğu və s. vergilər də tədricən sıradan çıxıb.

Mənbə: Akif Musayev, Aslan Qəhrəmanov, “Vergi mədəniyyəti” kitabı

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?