15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə: şəffaflıq ən düzgün yoldur

Dekabrın 14-də "Vergilər" qəzetinin təşkilatçılığı ilə "Kölgə iqtisadiyyatına qarşı mübarizə: şəffaflıq ən düzgün yoldur" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Müzakirədə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Şamil Ərəbov, nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktor müavini İbrahim Sadıqov, Makroiqtisadi təhlil və vergi islahatları şöbəsinin əməkdaşı Yunis Quliyev, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov, Vətəndaşların Hüquqlarının Qorunması və Əmək Liqası İctimai Birliyinin sədri Sahib Məmmədov, "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədri Mais Əliyev, "Professional mühasib" jurnalının baş redaktoru, müstəqil auditor Mehdi Babayev iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan "Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev bildirmişdir ki, Azərbaycanda "kölgə iqtisadiyyatı" ilə təsirli mübarizə tədbirləri və şəffaflığın təmin edilməsi dövlətin həyata keçirdiyi siyasətin mühüm prioritetlərindəndir və vergi islahatlarının başlıca məqsədlərindən biri də bu problemin həllini əhatə edir. Müasir iqtisadi çağırışlar şəraitində ölkəmizdə "kölgə iqtisadiyyatı"nın təsirlərinin azaldılması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir.

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə: şəffaflıq ən düzgün yoldur

Dekabrın 14-də "Vergilər" qəzetinin təşkilatçılığı ilə "Kölgə iqtisadiyyatına qarşı mübarizə: şəffaflıq ən düzgün yoldur" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Müzakirədə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Şamil Ərəbov, nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktor müavini İbrahim Sadıqov, Makroiqtisadi təhlil və vergi islahatları şöbəsinin əməkdaşı Yunis Quliyev, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov, Vətəndaşların Hüquqlarının Qorunması və Əmək Liqası İctimai Birliyinin sədri Sahib Məmmədov, "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədri Mais Əliyev, "Professional mühasib" jurnalının baş redaktoru, müstəqil auditor Mehdi Babayev iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan "Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev bildirmişdir ki, Azərbaycanda "kölgə iqtisadiyyatı" ilə təsirli mübarizə tədbirləri və şəffaflığın təmin edilməsi dövlətin həyata keçirdiyi siyasətin mühüm prioritetlərindəndir və vergi islahatlarının başlıca məqsədlərindən biri də bu problemin həllini əhatə edir. Müasir iqtisadi çağırışlar şəraitində ölkəmizdə "kölgə iqtisadiyyatı"nın təsirlərinin azaldılması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir.

Vergi islahatlarının əsas hədəflərindən biri kölgə iqtisadiyyatının qarşısının alınmasıdır

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktor müavini Şamil Ərəbov diqqəti hazırkı dəyişikliklərin daha çox vergi yükünün aşağı salınmasına hesablandığına yönəldərək qeyd edib ki, dəyişikliklərin təxminən 90 faizi güzəşt və azadolmalarla bağlıdır. Vergi orqanlarının tutduğu mövqe bundan ibarətdir ki, ödəyicilərin üzərinə çox gedilməsin, onlarla təmas azaldılsın, əlaqələr qarşılıqlı əməkdaşlıq səviyyəsində olsun.
Qeyd edilib ki, vergi orqanları "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılmasını, şəffaflığın və hesabatlılığın təmin edilməsini özünün başlıca məqsədləri hesab edir və bunlar islahatların əsas tərkib hissəsidir. Bu məsələdə sahibkarların üzərinə də böyük məsuliyyət düşür.
Bəzi sahibkarlar hələ də uçotsuz fəaliyyət göstərir, real dövriyyələrini gizlədir və vergidən yayınırlar, işçilərlə əmək müqaviləsi bağlamırlar. "Kölgə iqtisadiyyatı" çox geniş mövzudur və təkcə vergi sektorunda aparılan islahatlarla bu problemi həll etmək mümkün deyil: "Elə "kölgə" əməliyyatları var ki, onların qarşısını vergi orqanları təkbaşına ala bilməz. Ancaq bizim məqsədimiz və apardığımız siyasət ondan ibarətdir ki, iqtisadiyyatda hər hansı əməliyyat aparılırsa, əlavə dəyər yaranırsa, onun vergisi ödənilsin. Yəni yaranan hər bir vergitutma obyektinin vergisi ödənilməlidir. Məcəlləyə edilmiş dəyişiklikdə vergidən azad olunan gəlir və xərclərinin uçotunun aparılması, vergi bəyannamələrinin təqdim olunması ilə bağlı maddə yer alıb ki, bu da "kölgə iqtisadiyyatı"nın qarşısının alınmasına hesablanıb".

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizədə Vergilər Nazirliyinin ortaya qoyduğu
iradəni və atdığı addımları dəstəkləmək lazımdır

Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən vergilərdən azaddır. Ancaq onlar indiyə qədər vergi orqanlarına normal qaydada gəlir və xərcləri barədə hesabat təqdim etməyiblər. Onlar belə bir arqumentlə çıxış edirlər ki, vergidən azad olunublar və uçota durmağa, hesabat təqdim etməyə ehtiyac yoxdur. Araşdırmalar göstərir ki, vergi güzəştlərinin tətbiqi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, daha münbit investisiya mühitinin yaradılmasına, rəqabətədavamlı ixrac potensialının artırılmasına müsbət təsir etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərində vergi intizamının aşağı düşməsinə səbəb olub. Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən gəlirlərin və xərclərin uçotu lazımi qaydada aparılmır, ilkin sənədlər, o cümlədən malların alışını və satışını təsdiq edən qaimə-fakturalar, təhvil aktları tərtib edilmir, vergi orqanlarına bəyannamələr ya təqdim edilmir ya da təhrif olunaraq təqdim edilir. Kənd təsərrüfatı məhsullarının istehlakına dair strateji yol xəritələrində qarşıya qoyulmuş əsas vəzifələrdən biri uçot məsələsinin təşkilidir. "Kölgə iqtisadiyyatı"nın qarşısının alınmasında əsas istiqamətlərdən biri mühasibat uçotunun və hesabatlılığın təmin edilməsidir".

Regionlarda uçot işinin qurulmasına bələdiyyələr məsuliyyət daşıyır

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktor müavini İbrahim Sadıqov bildirib ki, ailə-kəndli fermer təsərrüfatlarında uçot-hesabatlılığın aparılması üçün yerli bələdiyyə orqanlarının da üzərinə məsuliyyət düşür. Bələdiyyələr fəaliyyətində dönüş yaratmalıdırlar, çünki kənd yerlərində ailə-kəndli təsərrüfatlarını uçota onlar almalıdır. Bələdiyyələrin əksəriyyətinin bu məsələdən xəbəri yoxdur. Hazırda Vergilər Nazirliyi tərəfindən regionlarda uçot-qeydiyyat məsələlərinin tənzimlənməsi, bələdiyyələrlə birgə yeni vergi münasibətləri ilə bağlı bir sıra məsələlərin izahı, əhaliyə çatdırılması istiqamətində işlər görülür.

Qeyd olunub ki, bələdiyyə torpaqlarının Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrinə daxil olması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib, bələdiyyələrə öz ərazilərindəki torpaq ehtiyatları və ondan istifadə üzrə bütün zəruri məlumatları həmin reyestrə daxil etmək tapşırığı verilib. Onların təqdim etdiyi zəruri məlumatlarla vergi orqanları da elektron bazanın köməyi ilə tanış ola biləcək. Bu isə torpaq mülkiyyətçiləri barədə məlumatların əldə edilməsinə imkan verəcək.

İ.Sadıqov onu da qeyd edib ki, vergi uçotuna durmayan fiziki şəxslərin əmək münasibətlərinə cəlb olunması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, həmin şəxslər sabit vergiyə cəlb olunacaqlar və heç bir bəyannamə təqdim etmədən sadəcə vergi orqanına qəbz təqdim edəcəklər. Bu yenilik həmin sahələrdə uçot sisteminin qurulmasına imkan verəcək, "kölgə iqtisadiyyatı"nın geniş yayıldığı sahənin şəffaflaşmasına imkan verəcək. Sabit vergi həm də stimullaşdırıcı xarakter daşıyır, bu mexanizm digər şəxslərin, xüsusilə də müxtəlif fərdi işlər görən şəxslərin də vergi ödəmə mədəniyyətinin formalaşmasına şərait yaradacaq.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarları müəyyən edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov qeyd edib ki, qurum tərəfindən kiçik və orta sahibkarlıq subyektlərində yeni idarəetmə modelləri yaradılır, qanunvericilik aktları təkmilləşdirilir. Yeni idarəetmə modellərinə əsasən, Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzəndə kiçik və orta biznes (KOB) evləri yaradılır. Həmin evlərdə sahibkarlara 34 dövlət qurumunun, eləcə də Vergilər Nazirliyinin 110-a yaxın elektron xidməti göstəriləcək.

Hazırda əmək bazarında yeni münasibətlərin tənzimlənməsini
nəzərdə tutan stimullaşdırıcı addımlar atılır, yeni dəyişikliklər motivasiya xarakterli olmaqla işəgötürənlərin işçi ilə əmək müqaviləsi bağlanmasını həvəsləndirir

İ.Əsgərov KOBİA ilə Vergilər Nazirliyi arasında sıx əməkdaşlığın qurulduğunu, kiçik və orta biznesin problemlərinin həllində birgə əməkdaşlığın mühüm rol oynadığını xatırladıb. "Kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanunun hazırlanmasında vergi orqanının təkliflərinə də yer verilib.
İ.Əsgərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə KOB-a bir sıra güzəştlər verildiyini vurğulayaraq qeyd edib ki, həmin dəyişikliklərə əsasən, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması bu sahəyə dövlət dəstəyinin təzahürüdür. Kiçik və orta sahibkarlıqla məşğul olan biznes subyektləri sənaye klasterləri yaratdığı və klaster şirkətlərinin reyestrinə daxil edildiyi təqdirdə 7 il müddətinə ƏDV-dən, innovasiya fəaliyyəti üzrə startaplar 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub.

Qeyd edilib ki, KOB subyektləri dövlətin verdiyi güzəşt və imtiyazlardan faydalanaraq öz fəaliyyətlərini şəffaf qurmalı, hesabatlarını və uçot sistemlərini düzgün əks etdirməlidirlər. Bu, həmin sahədə kölgə iqtisadiyyatının təzahürlərinin aradan qaldırılması üçün vacibdir.

Dövlət Sosial Müdafiə Fondu vergi yayındırılmasından ildə 1,5 milyard vəsait itirir

Vətəndaşların Hüquqlarının Qorunması və Əmək Liqası İctimai Birliyinin sədri Sahib Məmmədov gizli iqtisadiyyata rəvac verən amillərdən biri kimi mülki-hüquqi müqavilələrdən bəhs edərək bildirib ki, həmin müqavilə forması qanuni şəkildə vergidən yayınmağa şərait yaradır. Məsələn, müxtəlif idarə və təşkilatlarda çalışan sürücülər faktiki həmin müəssisənin işçisidir, onunla əmək müqaviləsi deyil, mülki-hüquqi müqavilə bağlanılır, onlar faktiki olaraq vergi ödəyicisi hesab edilmirlər. Nəticədə il ərzində yüz milyonlarla vergi və sosial ödənişlər dövlət büdcəsindən kənarda qalır. Hesablamalara görə, təkcə Dövlət Sosial Müdafiə Fondu verginin yayındırılmasından il ərzində 1,5 milyard manat vəsait itirir.

S.Məmmədov qeyd edib ki, əmək bazarında göstərilən xidmətlərin və işlərin meyarları müəyyən edilməlidir: "Hansı işin muzdlu iş sayıldığı aydın olmalıdır. Məsələn, vergi uçotunda olmayan fiziki şəxslərin böyük qismi müxtəlif yerlərdə fəhlə bazarlarında toplaşaraq öz əməklərini satışa çıxarırlar. Əslində, həmin şəxslər də "kölgə iqtisadiyyatı"nın nümayəndələridir, onları qeyri-leqal əmək bazarından asanlıqla çıxarmaq mümkündür. Vaxtilə məşğulluq mərkəzləri nəzdində birdəfəlik işlər üçün hansısa təşəbbüslər oldu, amma yanaşma düzgün olmadığından bu mexanizm işləmədi. Dövlət həmin şəxslər üçün qanuni şəkildə yarmarka tipli müvafiq yerlər təşkil etməlidir. Öz əməyini təşkil edən vətəndaşlar aylıq patent ödəyərək faktiki olaraq qeydə alına bilərlər".
S.Məmmədov bildirib ki, hazırda əmək bazarında yeni münasibətlərin tənzimlənməsini nəzərdə tutan stimullaşdırıcı addımlar atılır, vergi və sosial sığorta qanunvericiliyinə edilmiş yeni dəyişikliklər motivasiya xarakterli olmaqla işəgötürənlərin işçi ilə əmək müqaviləsi bağlamasını həvəsləndirir. Ancaq bununla yanaşı, Vergilər Nazirliyinə, eləcə də Dövlət Əmək Müfəttişliyinə əmək bazarında sərt nəzarətlə bağlı əlavə səlahiyyətlər verilməlidir, sanksiyalar və cəzalar artırılmalıdır. Hər iki dövlət qurumu öz fəaliyyətlərini güclü koordinasiya əsasında qurmaqla qeyri-rəsmi məşğulluq problemini asan yolla tənzimləyə bilər.

Aqrar sektor gizli iqtisadiyyatın rast gəlindiyi əsas sahələrdəndir

"Professional mühasib" jurnalının baş redaktoru, müstəqil auditor Mehdi Babayev bildirib ki, bu gün cəmiyyəti aktiv vergi ödəyiciləri və sadə vətəndaşlar qrupuna ayıra bilərik. Adi vətəndaşlar passiv olduğundan onları "kölgə iqtisadiyyatı"nın iştirakçısı hesab etmək düzgün olmaz. "Kölgə iqtisadiyyatı"nın birbaşa iştirakçıları həmin aktiv sahibkarlıq subyektlərinin müəyyən bir hissəsi olacaqdır.

Qeyd edilib ki, "kölgə iqtisadiyyatı" bu gün bütün ölkələrdə rast gəlinən problemlərdəndir. Yəni qeyri-rəsmi iqtisadiyyat adlandırılan bu sahə dövlət nəzarətindən və uçotundan kənarda qalır. Təəssüf ki, bəzən həmin sahəni bütünlüklə şəffaflaşdırmaq çox çətin olur. Ancaq elə sahələr vardır ki, onları dövlətdən və cəmiyyətdən gizlətmək mümkün deyil. Məsələn, ev təsərrüfatları və ya icma təsərrüfatları. Bu gün ölkəmizdə aqrar sahənin böyük bir hissəsi, demək olar ki, kölgə iqtisadiyyatının təsirindədir. Azərbaycanda 2018-ci ilin ötən aylarında pambıqçılıqda 190 min yeni iş yeri yaradılıb. Ancaq bu sektorda işləyənlərin heç birinin əmək müqaviləsi yoxdur. Bunun özü "kölgə iqtisadiyyatı"nın bir formasıdır. Ümumiyyətlə, aqrar sektor "kölgə iqtisadiyyatı"nın yayıldığı ən geniş sahələrdən biridir. Fermerlər yalnız rəsmi şəkildə işə cəlb etdikləri işçilərin əməkhaqqına görə muzdlu işlə əlaqədar gəlir vergisinin və ödəmə mənbəyindən gəlirlərin vergisinin uçotunu aparırlar. Bu isə fermerin vergi-maliyyə göstəriciləri haqqında müfəssəl məlumat almağa imkan vermir. Bölgələr üzrə əkilmiş və becərilməkdə olan ayrı-ayrı kənd təsərrüfatı məhsullarının uçotu dəqiq aparılmadığına görə düzgün informasiya əldə etmək imkanları də zəifdir. Ona görə də regionlarda yerli icra orqanları və bələdiyyələrin uçot-məlumat işinin təşkilində müxtəlif dövlət qurumları ilə fəaliyyəti uzlaşdırılmalıdır.
Mehdi Babayev bildirib ki, "kölgə iqtisadiyyatı"na qarşı mübarizədə Vergilər Nazirliyinin ortaya qoyduğu iradəni və şəffaflığın təmin olunması istiqamətində atdığı müxtəlif stimullaşdırıcı addımları yüksək dəyərləndirmək lazımdır.

Rəqəmsal texnologiyaların genişlənməsi "kölgə iqtisadiyyatı"nı azaldacaq

"Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədri Mais Əliyev bildirib ki, beynəlxalq təcrübədə gizli iqtisadiyyat və ya "kölgə iqtisadiyyatı" anlayışı əsas etibarilə qeyri-qanuni fəaliyyət, ev təsərrüfatlarının öz şəxsi istehlakı üçün istehsal etdiyi mallar və qeyri-formal fəaliyyət kimi sahələri ifadə edir. Müxtəlif ölkələrdə həmin sahələrdəki nisbətə uyğun olaraq "kölgə iqtisadiyyatı"nın da payı fərqlidir. Məsələn, elə ölkələr var ki, daha çox inkişaf edib, iqtisadiyyatının həcmi xeyli böyükdür, ancaq orada qeyri-qanuni fəaliyyət az olduğuna görə gizli iqtisadiyyatın çəkisi də azdır. Elə ölkələr də var ki, onların iqtisadiyyatının həcmi nisbətən aşağıdır, ancaq dövriyyədən kənarda qalan real iqtisadi mənbələr ucbatından həmin ölkələrdə "kölgə iqtisadiyyatı"nın payı yüksəkdir. Hazırkı vəziyyətdə Azərbaycanın dövlət sektorunda şəffaflıq daha çox təmin olunub. Qeyri-dövlət bölməsində isə gizli iqtisadiyyatla bağlı problemlər daha çoxdur. Gizli iqtisadiyyatın daha çox yayılması uçotdan bilərəkdən gizlədilən istehsal, mal, xidmət və digər əməliyyatlarda özünü büruzə verir. Xüsusilə də ticarət və xidmətlər sahəsində, daşınmaz əmlak, tikinti, inşaat materiallarının satışında həmin problemlərə daha çox rast gəlinir.

Elə "kölgə" əməliyyatları var ki, onların qarşısını vergi orqanları təkbaşına ala bilməz

Mais Əliyev bildirib ki, gizli iqtisadiyyatın leqallaşdırılmasında informasiya texnologiyalarının tətbiqinin və elektron dövlət quruculuğunun mühüm əhəmiyyəti vardır. Dövlət və özəl sektorda ən müasir rəqəmsal texnologiyaların tətbiqi genişləndikcə, hər bir sahədə bütün əməliyyatlar elektronlaşdıqca və insan faktorunun rolu azaldıqca kölgə iqtisadiyyatı da tədricən azalmağa başlayacaq. Hazırda mobil və rəqəmsal idarəetmənin rolunun artması, özəl sektorla dövlət orqanlarının təmaslarının minimuma endirilməsi bu istiqamətdə yaxşı nəticələrə çatmağa imkan verir. Vergilər Nazirliyi tərəfindən yeni texnologiyaların iqtisadiyyata gətirilməsi və tətbiqi də müzakirə etdiyimiz problemlərin aradan qaldırılmasına mühüm fayda verəcək. Çünki vergi sistemi elə qurulmaqdadır ki, sahibkarda, yaxud adi vətəndaşda qanunsuz fəaliyyətdən uzaqlaşmağa, "kölgə"dən çıxaraq şəffaf, rəsmi şəkildə fəaliyyət göstərməyə həvəs, stimul yaransın. Azərbaycanda sahibkarlara geniş fəaliyyət meydanı yaradılır, yoxlamalar, demək olar ki, aparılmır, digər inzibati vasitələr aradan qalxır, belə bir vəziyyətdə "qaranlıqda gizlənməyə" heç bir səbəb yoxdur.

Cəmiyyətdə vergi, mühasibat, uçot məsələlərinə diqqət artıb

"Dəyirmi masa" müzakirələri zamanı vurğulanıb ki, qeyri-rəsmi əmək bazarının leqallaşdırılması ilə bağlı tədbirlər birbaşa səbəblərin həllinə yönəldilməlidir. Sahib Məmmədov tikinti sektorunda "kölgə iqtisadiyyatı"nın payının yüksək olduğunu vurğulayaraq bildirib ki, iki il bundan əvvəl tikinti obyektlərinə müşahidə kameralarının quraşdırılması təklif edilsə də, ancaq hələ də kameralar quraşdırılmayıb. Onun sözlərinə görə, hazırda tikintidə paylı iştirak haqqında qanunun qəbuluna ehtiyac vardır. Bu, tikintidə əmək münasibətlərinin tənzimlənməsində, eləcə də vergidən yayınmanın qarşısının alınmasında mühüm rol oynaya bilər. Bundan əlavə, məşğulluq və işsizlikdən sığorta haqqında qanunlarda boşluqların olduğu və həmin məsələlərin nəzərə alınmasının vacibliyi də diqqətə çatdırılıb.

Mehdi Babayev ciddi-hesabat blanklarının aradan qaldırılmasına ehtiyac olduğunu, həmin blankları vergi ödəyicilərinin 2-3 faizinin tətbiq etdiyini vurğulayıb. Hazırda mobil ödənişlər vüsət almağa başlayıb, bu vəziyyətdə hesabat blankaları öz əhəmiyyətini itirir. Ödəyicilər bu sənədləri öz aralarında, daxili əməliyyatlarda istifadə etsələr, daha yaxşı olardı. Elə şirkət var ki, gün ərzində 300-400 əməliyyat edir, bu yolla onun hesabat blankları təqdim etməsi xərclərin uçotunu tərtib etməsinə çətinlik yaradır.

Müzakirələrdə sosial sığorta sahəsində tələb olunan hesabatların mürəkkəbliyi və sahibkarların bununla bağlı çətinliklərlə üzləşdiyi qeyd olunub.
Bildirilib ki, həmin hesabat verilərkən gücləndirilmiş imza tələb olunur, sahibkarların 90 faizi isə bunu bacarmır, bu sahədə daha asan və rahat mexanizm qurulmalıdır. Müzakirələrdə qeyd edilib ki, cəmiyyətdə vergi, mühasibat, uçot məsələlərinə diqqət artıb, insanlarda bu mövzu ilə bağlı suallar çoxalıb - bu, yaxşı haldır, yəni cəmiyyət artıq uçot və şəffaflığın nə olması, necə qurulması ilə daha çox maraqlanır. Bu sahədə maarifləndirmə və təşviqetmə işlərini daha da artırmaq lazımdır.

Hazırladı:
Elbrus CƏFƏRLİ

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?