11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə uçota alınan vergi ödəyicilərinə vergi azadolmalarının tətbiqi şərtləri

Vergi Məcəlləsinə edilən və 2023-cü ildən qüvvəyə minmiş dəyişikliklərin bir istiqaməti də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə azadolmaların verilməsini əhatə edir.

vergiler.az” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi Elvin Məmmədli qeyd olunan dəyişikliklərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentlərinin gəlir, mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad olunması nəzərdə tutulur. Həmçinin işğaldan azad edilmiş ərazilərin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək siyahı üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

E.Məmmədli “işğaldan azad olunmuş ərazinin rezidenti” anlayışına aydınlıq gətirərək qeyd edib ki, işğaldan azad olunmuş ərazidə uçota alınan və həmin ərazidə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər bu ərazinin rezidentləri sayılır və azadolmalar həmin vergi ödəyiciləri üçün nəzərdə tutulub. Burada üç fəaliyyət növü və əməliyyatlarla bağlı istisnalar nəzərdə tutulub:

- maliyyə xidmətlərinin göstərilməsi;

- nəqliyyat vasitəsi ilə yük daşıma xidmətləri;

- dövlət büdcəsinin vəsaiti hesabına podratçı tərəfindən (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi.

E.Məmmədli bildirib ki, azadolmaların tətbiqi şərtləri fəaliyyət növlərinə uyğun müəyyən olunub. İşğaldan azad edilmiş ərazilərdə istehsal, hasilat və emal fəaliyyəti ilə məşğul olan şəxslər bu ərazidə istehsal etdikləri malları, həmin ərazi daxilində və ya həmin ərazidən kənara satsalar, hətta ixrac eləsələr belə, vergi azadolmalarından faydalana biləcəklər.

Lakin işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən topdansatış ticarət, tikinti və əhaliyə göstərilən xidmətlərdən başqa digər xidmətlər göstərilirsə, bu halda həmin rezidentlər malları, işləri, xidmətləri yalnız işğaldan azad olunmuş ərazinin rezidentlərinə təqdim etdikləri halda azadolmalardan faydalana bilərlər. İşğaldan azad edilmiş ərazinin rezidentləri pərakəndə ticarət, ictimai iaşə və turizm fəaliyyəti növləri ilə məşğul olursa, azadolmadan yararlanmaq üçün yalnız həmin ərazidə fəaliyyət göstərməlidirlər.

E.Məmmədli onu da diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidən kənarda da (Azərbaycan ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, qeyd olunan vergi azadolmaları həmin şəxslərə şamil olunmur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?