5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinq keçirilib

Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Brifinqdə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə çox mühüm dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir.

Qeyd olunub ki, kölgə iqtisadiyyatının miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

S.Musayeva vergi qanunvericiliyinə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib. Dəyişikliyə əsasən aylıq əməkhaqqı 8.000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8.000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Vergi güzəştinin məqsədi barədə danışan departamentin baş direktoru bildirib ki, əsas hədəf "kölgə iqtisadiyyatı"nın həcminin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə pərakəndə ticarət və ictimai iaşə sektorunda dövriyyənin rəsmiləşdirilməsində ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə istehlakçılar tərəfindən belə obyektlərdə xərclənən vəsaitlərin ƏDV-sinin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması nəzərdə tutulur.

İstehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaqdır. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaqdır.

İstehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması həm şəffaflığın təmin edilməsi baxımından, həm də vergi ödəyicilərinin ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərmələrinə müsbət təkan verəcəkdir. Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi, sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron siqaret üçün maye) və aksiz dərəcələrinin artırılması və s. vardır.

Qeyd olunub ki, sadələşdirilmiş vergitutuma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (işə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqlarından adətən gəlirlərinin və xərclərinin uçotunu aparmamağa və əməliyyatların lazımı qaydada sənədləşdirilməməyə meyilli olurlar ki, bu da ölkədə aparılan vergi islahatları və şəffaflaşma siyasəti ilə uzlaşmır. Buna görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalar əsasən sadələşdirilmiş vergitutuma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb. Dəyişikliyə əsasən işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.
Vergi Məcəlləsinə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə də bir sıra dəyişikliklər edilib. Bunların sırasında yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması, vergi ödəyicisinin iqtisadi maraq mərkəzinin olduğu yer üzrə uçota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsi və s. dəyişikliklər yer alır.

Bundan başqa Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə dəyişikliklər edilib. Bunların sırasında özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi və həmçinin həssas sosial təbəqələrə (şəhid ailələrinə) güzəştin verilməsi kimi sösialyönümlü dəyişikliklər də əks olunub. Mühüm dəyişikliklərdən biri vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır.

S.Musayevanın sözlərinə görə, vergi ödəyicilərinin hüquqularının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də diqqətdən kənarda qalmayıb. Belə ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi və inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması bu istiqamət üzrə edilən dəyişiklilərə aiddir.

2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək. Bundan başqa, kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən bu kateqoriya vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib. Bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektləri də xalis mənfəətini öz təsisçiləri (payçıları) arasında bölüşdürərkən ümumi qaydada 10 faiz dərəcə ilə vergi tuturdu. Bununla da, sahibkarlıq subyektlərinə şəffaf uçot apardıqları halda əlavə vergi güzəşti veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaqdır.

S.Musayeva mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq, əmlak və müvafiq təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.

Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?