20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2019-cu ilin ilk rübündə vergi proqnozuna 110,4 faiz əməl olunub

Vergilər Nazirliyi dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması sahəsində fəaliyyətini davam etdirir.

2019-cu ilin birinci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib, proqnoza 110,4 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 236,4 milyon manat çox vəsait toplanıb. Ödənilmiş vergilərin 30,9 faizi neft-qaz sektorunun, 69,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3 faiz təşkil edib. Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 76,5 faizə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsindən vergi ödəmələri 20,6 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53 faizə yüksəlib.

2019-cu ilin ilk üç ayı ərzində regionlardan vergi daxilolmaları 168,4 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz çoxdur. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan regionların daxili potensialı üzrə daxilolmaların həcmi daha böyük həcmdə - 40,4 faiz artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1 faizə yüksəlib.

Bu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Cari ilin ilk rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8 faiz, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3 faiz icra olunub.

2019-cu ilin birinci rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25.536 (3.270 hüquqi şəxs, 22.266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5 faiz çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2 faizi regionların payına düşüb.

Hesabat dövründə 11.232 təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 73,2 faiz çoxdur. ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 4.033 olub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,8 dəfə çoxdur.

2019-cu ilin birinci rübündə vergidən yayınma hallarına son qoyulması, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilib, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib. Bu müddət ərzində aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə 7,4 dəfə artıb.

Hesabat dövründə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Vergilər Nazirliyi vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədilə vergidən yayınma hallarını müasir informasiya texnologiyaları vasitəsilə aşkar etməklə onların elektron qaydada idarə olunmasını, səyyar vergi yoxlamalarının risk meyarları əsasında təyin edilməsini, mövcud risklərin alqoritmlərlə daha dəqiq qiymətləndirilməsini və vergi potensialının effektiv dəyərləndirilməsini təmin edir.

2019-cu ilin ilk rübündə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9 faiz, başa çatdırılmış yoxlamaların sayı isə 75,2 faiz azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7 faiz azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği isə əvvəlki dövrlə müqayisədə 47,7 faiz artıb.

Bu ilin yanvar-mart ayları ərzində vergi borcu 14 milyon 624 min manat olan 1.858 vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırılıb ki, bunun nəticəsində də borcun 50 faizdən çoxu dövlət büdcəsinə ödənilib.

2019-cu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,9 faiz çox - 21.874 təqdim edilməmiş bəyannamənin alınması təmin edilib. Borclu vergi ödəyicilərinin 95 faizindən çoxu inzibati tədbirlər həyata keçirilmədən, məhz vergi orqanları tərəfindən aparılmış məlumatlandırma tədbirləri nəticəsində könüllü şəkildə ödəniş edib.

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?