22 Yanvar 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlilliyi olan şəxsin vergi öhdəliyi necə hesablanır?

Vergi Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirin məbləğinə, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:

- fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;

- işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;

- işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği;

- işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği;

- İşəgötürən tərəfindən ödənilən sığorta haqları.

- hər hansı digər halda - normativ hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər;

- işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği.

Qanunvericiliyin tələbini “vergiler.az”a şərh edən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etməsi, həmçinin işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanılması Vergi Məcəlləsinin 98.2.2 və 98.2.4-cü maddələrinə uyğun olaraq muzdlu işlə əlaqədar əldə olunan gəlirlərə daxil edilir, eyni zamanda işçiyə işəgötürən tərəfindən təqdim edilən mal bazar qiyməti ilə ölçülür.

Bununla yanaşı Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən (I) II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Misal: Dövlət təşkilatında işləyən, aylıq vəzifə maaşı 1 250 manat olan I dərəcə əlilliyi olan şəxs 15.11.2021-ci il tarixindən (noyabr ayı üçün iş günü 20 gündür. Noyabr ayının 8 və 9 bayram günüdür) 30 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxır. Ona 30 təqvim günü üçün 1400 manat məzuniyyət haqqı hesablanır. Bununla yanaşı müəssisənin özünün istehsal etdiyi bazar qiyməti 970 manat olan kompüteri müəssisədən işçi 580 manat ödəməklə əldə etmişdir.( işçiyə 580 manat ödəməklə verilib). Həmçinin, işçinin işə götürünə olan 950 manatlıq borcu işəgötürən tərəfindən bağışlanıb. Bu halda işçinin 2021-ci ilin noyabr ayı üçün hesablanan gəliri və hesablanmış gəlirdən tutulan gəlir vergisi nə qədər olacaq?

Vergi Məcəlləsinin tələbinə uyğun olaraq həmin işçinin aylıq gəliri 2 586.66 manat olsa da tutulacaq verginin dərəcəsi 14 faiz dərəcə ilə tutulur. Çünki işçinin aylıq gəlirindən Vergi Məcəlləsinin 102.3-cü maddəsinə uyğun olaraq qeyd edilən 200 manat azaldılır və sonda vergiyə cəlb olunan gəliri 2386.66 manat olur. Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd edilən 200 manat azad olma edilmir, çünki qeyd edilən maddədə aylıq gəliri 2500 manatadək olduqda sözü qeyd edilmiş və aylıq gəlir 2586.66 manat olub.

1250 : 20 x 8 = 500 manat

1400 : 30 x 16 = 746,66 manat (noyabr ayı üçün hesablanmış məzuniyyət)

970 - 580 = 390 (kompüterin dəyəri)

Bağışlanmış borc – 950 manat.

(500+746.66+390+950) = 2586.66 manat (Cəmi gəlir)

2586.66 – 200 = 2386 .66 manat

2386.66 x14% = 334.13 manat (gəlir vergisi).