6 Dekabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nizamnamə kapitalına pay kimi qoyulan binaların yenidən qiymətləndirilməsi

Təcrübədə bir çox hallarda şirkətlər əvvəllər nizamnamə kapitalına pay kimi qoyduğu binaların yenidən qiymətləndirilməsini həyata keçirir və yenidən artırılmış dəyərini nizamnamə kapitalına yönəldirlər. Bəs belə rəsmiləşdirmələr düzgündümü? Bu barədə “vergiler.az” saytına danışan sərbəst auditor Altay Cəfərov suala misal üzərindən aydınlıq gətirib.

Misal: "AA" MMC-nin təsisçisi 2020-ci ildə nizamnamə kapitalının formalaşdırılması üçün 100.000,00 manatlıq binanı pay kimi qoymuşdur. Cəmiyyət rəhbərliyi uçot siyasətində dəyişiklik edilməsini qərara alımışdır və artıq 2021-ci ilə keçiddə binanı yenidən qiymətləndirməyi tapşırmışdır. Bununla da binanın yenidən qiymətləndirilmiş dəyəri 150.000,00 manat olmuşdur. Təsisçi qərara alımışdır ki, nizamnamə kapitalı daha 50.000,00 manat artırılsın və bu artırmanı yenidən qiymətləndirmə nəticəsində artırılmış 50.000,00 manat hesabına formalaşdırılsın.

Belə olan halda, əməliyyatların yazılışı aşağıdakı kimi olacaqdır:

DT KT Əməliyyatın adı Məbləğ

302 301 Nizamnamə kapitalı qeydə alınmışdır 100.000,00

111 302 Nizamnamə kapitalı bina şəklində formlaşmışdır 100.000,00

111 331 Bina yenidən qiymətləndirilmişdir 50.000,00

Bütün yazışmalar və əməliyyatlar artıq burada sona çatır. Belə ki, yenidən qiymətləndirmə nəticəsində yaranmış müsbət məbləğ kapital bölməsinin 331-ci balans hesabında yığılır. 16 saylı Beynəlxalq Mühasibat Uçotu Standartına görə, bu hesabda yığılmış məbləğ ancaq yenidən qiymətləndirmə ilə bağlı olan əməliyyat üçün istifadə oluna bilər. Yəni artırılmış dəyər üzrə amortizasiya ayırmaları burada yığılmış məbləğdən azaldıla bilər. Bundan əlavə, sonrakı illərdə yenidən qiymətləndirmə nəticəsində mənfi fərq olarsa, onda 331-ci hesabdan azaldıla bilər.

Amma nizamnamə kapitalının formalaşdırılmasına bunu yönəltmək olmaz. Bu, həmçinin, məntiqi və mahiyyət etibarı ilə də düzgün deyildir. Belə ki, cəmiyyətin nizamnamə kapitalına pay kimi qoyulmuş bina artıq cəmiyyətin özünündür və bunun təsisçiyə heç bir aidiyyəti yoxdur. Artıq həmin bina ilə bağlı olan bütün risklər, zərər və mənfəətlər yalnız cəmiyyətə məxsusdur. Odur ki, vergi ödəyiciləri belə rəsmiləşdirmələrdə diqqətli olmalıdırlar.