15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi yaşayış evlərinin sənədləşdirilməsi əmlak bazarını canlandıracaq

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin, evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayıb. Yaxın zamanlarda sənəd Prezident Administrasiyasına təqdim olunacaq. Bundan öncə isə dövlət başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavasitə ünvanlarda sakinlərə çıxarışların verilməsinə başlanılıb və işlər davam etdirilir. Bununla xeyli sayda mənzilin, evin, torpaq sahələrinin sənədləşdirilərək əmlak bazarına daxil olunmasına şərait yaradılır. Bu isə büdcə daxilolmalarının, o cümlədən həmin sektordan əldə ediləcək vergilərin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.

Yeni konsepsiyanın əhəmiyyətini şərh edən "Uniprice" Ekspertiza və qiymətləndirmə mərkəzinin direktoru Ramil Qasımzadə evlərin və torpaqların sənədləşdirilməsində bir neçə məqamın nəzərə alınmasını vacib sayır. Onun sözlərinə görə, mühafizə zonalarında tikilmiş evlərlə digərlərini ayırmaq və hər iki sahədə araşdırmalar aparmaqla yekun qərar verilə bilər: "Düşünürəm ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsinin ən effektiv üsulu qeydiyyatsız olan torpaq sahələrinin güzəştli şərtlərlə vətəndaşlara satılmasıdır. Faktiki olaraq, bu üsul qeyri-yaşayış sahələrində həyata keçirilir. Hətta çıxarışı alınmış əmlakların yerləşdiyi torpaqlar hazırda komitə tərəfindən satılmaqdadır. Eyni üsulu yaşayış evlərinə də tətbiq etmək mümkündür".

Ekspert torpaqların bölünməsində və satılmasında bələdiyyələrin də ciddi nöqsanlara yol verdiyini qeyd edib və bu məsələlərin dərindən araşdırılmasına ehtiyac olduğunu vurğulayıb: "Bələdiyyədən alınmış torpaqlar diqqətlə araşdırılmalıdır. Sirr deyil ki, bələdiyyələr saxta sənədlərlə xeyli sayda torpaq sahəsini vətəndaşlara satıblar. Hətta bəzən dövlətin mülkiyyətində olan və ya istifadəyə verilən torpaqları da sənədləşdirərək satıblar. Bütün bunlar ciddi araşdırılmalıdır. Eyni zamanda kommunal xidmət strukturlarına aid olan mühafizə zonalarında, dəmir yolu, neft və qaz kəmərlərinin mühafizə zolaqlarında aparılan tikintilərlə bağlı vətəndaşların mənafeyi nəzərə alınmaqla konkret yanaşma müəyyənləşdirilməlidir".

Qeyd olunub ki, evlərin indiyədək sənədsiz qalmasında əsas səbəblərdən biri də torpaqların təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır: "Məsələn, Abşeron rayonu və Bakıətrafı rayonların ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlarda xeyli yaşayış massivləri salınıb, buradakı tikililərin sayı 500 mindən artıqdır. Həmin torpaqların təyinatı dəyişdirilmədiyindən orada inşa edilmiş evlərin sənədləşməsi indiyədək mümkün olmayıb. Sənədsiz evlərin ən çox tikildiyi rayonlar Abşeron, Sabunçu, Suraxanı və Qaradağdır. Nazirlər Kabinetinin qərarı ilə həmin torpaqların təyinatı dəyişdirilməli və sahələrə həyətyanı torpaq təyinatı verilməlidir”. Ekspert hesab edir ki, torpaqların və üzərindəki tikililərin sənədləşdirilməsindən büdcəyə külli miqdarda vəsait daxil ola bilər. Birinci mərhələdə torpaqların satışından, ikinci mərhələdə isə torpaqlara və onların üzərində tikilən evlərə çıxarış alınarkən ödənilən dövlət rüsumlarından büdcəyə xeyli vəsait daxil olacaq. Bundan əlavə, həmin əmlakların əmlak vergisinə cəlb edilməsi asanlaşacaq ki, bu da birbaşa daxilolmaların artmasına səbəb olacaq. Bildirilib ki, bu gün vətəndaşlar çıxarışların olmaması səbəbindən əmlaklarını dəyərindən ucuz qiymətə satmağa məcbur olurlar. Bu satışlar qeyri-rəsmi olduğundan vergidən də kənarda qalır: "Sənədsiz olduğu üçün heç kəs belə evləri, torpaqları almaqla risklər etməkdən çəkinirlər. Bu baxımdan, evlərin sənədləşməsinin vətəndaşlara böyük xeyiri olacaq. Bu, eyni zamanda, əmlak bazarının canlanmasına, bu sektordan daxil olan vergilərin həcminin artmasına gətirib çıxaracaq".

Fərdi yaşayış evlərinin sənədləşdirilməsi digər sektorların da gəlir əldə etməsinə və vergi ödəməsinə şərait yaradacaq. Sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortalanmasından xeyli ödəniş əldə edə biləcəklər ki, bu da sığorta bazarının canlanması üçün mühüm amildir. Xatırladaq ki, əmlakın illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, rayonlarda 30 manat müəyyən edilib. Bu da vətəndaşların əmlaklarını bir çox risklərdən qorumağa imkan verir. Bu gün evlərin sənədlərinin olmaması vətəndaşların həmin xidmətlərdən yararlanmasına əngəl törədir. Fərdi yaşayış evlərinin çıxarışlarla təmin edilməsi bankların da işini canlandıra bilər: vətəndaşlar evlərini girov qoyaraq kreditlərdən yararlana biləcəklər.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?