Aksiz vergisi üzrə daxilolmalar 2,5 dəfə artıb
2019-cu ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən istehsal edilmiş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilk 2 ayda ÜDM 11 milyard 484,5 milyon manata çatıb. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1,4 faiz, neft sektorunda isə 4,9 faiz artıb. Əlavə dəyərin 47,2 faizi sənayedə, 10,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmirində, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 5,4 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi üzrə, 1,8 faizi informasiya və rabitə sahələrində, 15,7 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1.163,8 manat olub.
Yanvar ayında büdcə daxilolmaları da ötən illə müqayisədə artıb. Daxilolmaların 20,1 faizi əlavə dəyər vergisi, 16,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,2 faizi fiziki şəxslərin gəlir vergisi, 2,3 faizi aksizlər, 2,1 faizi sadələşdirilmiş vergi, 1,6 faizi vergilərin digər növləri, 49,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Ən böyük artım aksiz vergisi üzrə daxilolmalarda müşahidə edilib. Ötən ilin müvafiq ayı ilə müqayisədə 2019-cu ilin yanvarında bu vergidən büdcəyə daxil olan vəsaitin həcmi 2,5 dəfə artaraq 49,3 milyon manata çatıb: 2018-ci ilin ilk ayında bu rəqəm 19,4 milyon manat olmuşdu. Artımların həcminə görə ikinci yerdə əlavə dəyər vergisidir. Bu növ üzrə daxilolmalar yanvarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 145,5 faiz artaraq 423,2 milyon manata çatıb: 2018-ci ilin ilk ayında bu rəqəm 290,8 milyon manat olmuşdu.
Yanvar ayında mədən vergisindən daxil olan vəsaitin həcmi 10,8 milyon manata (ötən il 8,5 milyon manat), xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə 98,5 milyon manata çatıb (ötən il 85,7 milyon manat). Bu ilin ilk ayında sadələşdirilmiş vergi və gəlir vergisinin həcmində də artım müşahidə edilib. Statistikaya əsasən, fiziki şəxslərin gəlir vergisinin həcmi ötən ilin yanvarındakı 62,9 milyon manatdan 66,4 milyon manata çatıb, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi isə 344,8 milyon manat olub (ötən ilin yanvarında 296,3 milyon manat). Sadələşdirilmiş verginin həcmi bu ilin yanvarında 44 milyon manat olub (2018-ci ilin yanvarında 39,4 milyon manat).
2019-cu ilin yanvar ayında yığılmış əmlak vergisinin həcmi də artaraq 12,1 milyon manata çatıb. Digər daxilolmalar da ötən ilin ilk ayı ilə müqayisədə təxminən 2 dəfə artaraq 1 milyard 49,3 milyon manat olub. 2018-ci ilin yanvarında bu rəqəm 565,2 milyon manat təşkil etmişdi.
Fərqanə ALLAHVERDİQIZI