13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxsin icarədən əldə etdiyi gəlirin vergiyə cəlb olunması

Hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığına görə bu fəaliyyətlə əlaqədar onun vergi öhdəliyi yaranır. Mövzunu iqtisadçı Emin Salmanov şərh edir.

Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslərin gəlirindən ödəmə mənbəyindən vergi tutulmur. Məcəllənin 104.1, 105.1-ci maddələrinin müddəaları nəzərə alınmaqla obyekti icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir. Bununla yanaşı, hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa, müəssisə illik mənfəət vergisi ilə yanaşı, aylıq icarə gəlirlərinə həm də ƏDV hesablamalıdır.

Misal: Büdcə təşkilatı inzibati binası olmadığından ƏDV ödəyicisi olan hüquqi şəxslə icarə müqaviləsi bağlamış və bağlanılmış müqaviləyə əsasən icarəyə götürən icarəyə verənə aylıq 21.500 manat icarə haqqı ödəyir. Bu halda hansı vergi öhdəlikləri yaranır və bu öhdəliklər kim tərəfindən icra olunur?

Qeyd edək ki, gəlirin əldə olunması ilə əlaqədar illik xərclər 32.000 manatdır.

21.500 x 12 = 258.000 manat

Bu məbləğdən gəlirin əldə olunması ilə əlaqədar xərc çıxılır:

258.000-32.000 = 226.000 manat
226.000 x 20% = 45.200 manat.

Deməli, həmin hüquqi şəxsin mənfəət vergisi 45.200 manat olacaq.

Bundan əlavə, yuxarıda qeyd edilən misalda əgər müqavilə hüquqi şəxslə deyil, VÖEN-i olan fiziki şəxslə bağlanılarsa, bu halda icarəyə götürən icarə məbləğindən 14 faiz dərəcə ilə ödəmə mənbəyindən vergini tutur, ödəyir və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir. Bu halda icarəyə verən VÖEN-i olan fiziki şəxs isə illik gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin 1203-cü sətrində icarə gəlirini qeyd edir. Lakin həmin məbləğdən bir dəfə ödəmə mənbəyində vergi tutulduğu üçün Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən, həmin məbləğ ümumi gəlirdən çıxılır və bəyannamənin 1224.6-cı sətri olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətrində icarə məbləği qeyd olunur ki, eyni məbləğ iki dəfə vergiyə cəlb edilməsin.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?