11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ləğvolunma prosedurunda vergi öhdəlikləri

Vergi Məcəlləsinin 79-cu maddəsinə görə, ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə olunmuş gəlir hesabına ləğvetmə komissiyası yerinə yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ləğvetmə komissiyası müəssisənin (təşkilatın) filiallarının digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə (təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə komissiyası yerinə yetirir.

Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə olunmuş vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda, vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir.

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, ləğvetmə proseduru ləğvetmə komissiyası tərəfindən yerinə yetirildiyi üçün bu prosesdə müəssisənin mövcud vergi öhdəlikləri həmin komissiya tərəfindən yerinə yetirilir: "Vergi öhdəliklərinin bu zaman 2 növü olur: ləğvetmə prosedurları ilə əlaqəli formalaşmayan öhdəliklər və proses zamanı (məsələn, dividend üzrə vergi) yaranan öhdəliklər. Vergi öhdəliklərinin yerinə yetirilməsi üçün pul olmadıqda bu öhdəliklər aktivlərin satışından daxil edilən vəsaitlər hesabına həyata keçirilir.

Müəssisələrin ləğvetmə prosedurunda vergi öhdəliklərinin icrası prosesinin ağırlığı müəssisənin ləğv olunması səbəblərindən və şəraitindən asılı olur. Müəssisələrin ləğvi əksər hallarda neqativ səbəblərlə (məsələn, iflas və ya davamlı zərərli fəaliyyət) bağlı olduğundan, bir çox hallarda proses problemlərlə müşayiət edilir. Əsas problem, sözsüz ki, müəssisənin təkcə vergi üzrə yox, eyni zamanda işçiləri və kreditorları qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olur. Bu hallarda, sözsüz ki, öhdəliklər bir çox hallarda tam yerinə yetirilmir. Əgər ləğvetmə zamanı müəssisə vergi öhdəliklərini tam həcmdə yerinə yetirə bilmirsə, bu halda qalan borcun alınması ehtimalı qanunvericiliyə və müəssisənin daxili sənədlərinin (nizamnamə və ya digər təsis sənədi) müddəalarına uyğun həyata keçirilir".

R.Əliyev qeyd edib ki, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri növbəlilik qaydasında yerinə yetirilir: "İflas zamanı vergi ödənişləri iflasla bağlı xərclər (məhkəmə, əmlak inzibatçısı və s.) və müəyyən edilmiş qaydada işçilərlə hesablaşmalardan sonra aparılır. Təəssüflər olsun ki, iflas prosesində öhdəliklər nadir hallarda yerinə yetirilir. Vergi Məcəlləsində vergi öhdəliklərinə xitam verilməsi halları qeyd olunub".

İqtisadçı bildirib ki, ləğvetmə prosedurları ağır proses olduğundan əksər müəssisələr buna getmir: "Prosedurun həyata keçirilməsi əsasən hansısa "qarşısıalınmaz" (məhkəmə qərarı, təsisçilərin tələbi və s.) səbəbdən başlayır. Belə səbəb olmadıqda vergi ödəyiciləri vergi orqanına fəaliyyətin dayandırılması haqqında ərizə ilə müraciət edirlər. Bu üsulla onlar müəssisənin fəaliyyətini qeyri-müəyyən müddətə konservasiya edirlər. Əminliklə deyə bilərəm ki, hazırda vergi orqanına uçotda çoxlu sayda belə müəssisə var. Onların bəziləri nə vaxtsa eyni və ya digər fəaliyyətlə məşğul olmaq üçün fəaliyyətini bərpa edəcəklər, bəziləri isə ümumiyyətlə "adını uçotda" saxlamaqda davam edəcəklər. Sonuncu məsələ, çox güman ki, nə vaxtsa aktuallaşacaq və qanunvericilikdə bununla bağlı dəyişikliklər olunacaq".


Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?