2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kameral vergi yoxlamaları zamanı nələrə diqqət etməli?

Mühasiblər bəzən kameral uyğunsuzluqları müəyyənləşdirməkdə çətinliklərlə üzləşirlər. Bu çətinliklər hansılardır və onlarla qarşılaşmamaq üçün nələrə diqqət yetirilməlidir? Mühasibat mütəxəssisi İlqar Əsədov kameral yoxlamalarla bağlı faydalı məlumatları və məsləhətlərini bölüşür.

Kameral vergi yoxlaması Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq yerlərə getmədən vergi orqanı tərəfindən vergi ödəyicisinin bəyan etdiyi məlumatlar əsasında aparılır. Bu cür yoxlamanın müddəti hesabat təqdim edildikdən sonra 30 iş günüdür (Vergi Məcəlləsi, maddə 37.2).

Vergi Məcəlləsinin 37.3-cü maddəsində qeyd edilib ki, vergi orqanları kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Gündəlik danışıqda mühasiblərin “kameral” dedikləri məktub tam olaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” adlanır. Həmin məktub elektron qutusu olan vergi ödəyicilərinə vergi ödəyicisinin VÖEN-i, kameral uyğunsuzluğun aid olduğu bəyannamə növü və dövrü göstərilməklə “Elektron kameral uyğunsuzluq məktubu” başlığı ilə göndərilir. Bu məktublarda Vergi Məcəlləsinin 70.2-ci maddəsinə uyğun olaraq möhür olmur. Son zamanlar vergi orqanları tərəfindən bir neçə bəyannamə növü və ya dövrü üzrə uyğunsuzluq məktubunun bir məktubda göndərildiyini müşahidə edirik ki, bu halda məktub vergi ödəyicisinin elektron qutusuna “Elektron kameral uyğunsuzluq məktubu” adı ilə göndərilir. Cavab müddəti məktubun aşağı hissəsində qeyd edilir. Bu müddət 5 və ya 10 iş günü olur. Məktub 30 iş günü müddəti ərzində göndərildikdə ona cavab verilmə müddəti 5, əks halda 10 iş günü olur.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, vergi ödəyicilərinə elektron formada göndərilmiş sənədlər 3 iş günü keçdikdən sonra lazımi qaydada təqdim edilmiş hesab olunur.

Kameral uyğunsuzluq məktubunu almış vergi ödəyicilərinin etməli olduqları ilk iş məktuba ümumi nəzər salmaq, məktubun hansı bəyannamə və hansı dövr ilə əlaqədar olduğunu dəqiqləşdirməkdir. Bəyannamə növü və dövrü ilə tanış olduqdan sonra məktubdakı səbəbləri oxumazdan öncə həmin bəyannaməni btp proqramında açıb hazır vəziyyətdə saxlamaq, bundan sonra “Səbəblər” bölməsinə keçib uyğunsuzluq səbəbləri ilə bir-bir tanış olmaq lazımdır. Məktubda səbəblər bəzən olduqca çox görünə bilər, ancaq onların çoxu sizin təqdim etdiyiniz bəyannamədə buraxılmış 1 səhvlə bağlı da ola bilər.

Kameral uyğunsuzluq məktubunun gəlməsi hələ sizin səhv işlədiyiniz, bəyannamənizi səhv təqdim etdiyiniz anlamına gəlmir. Səbəblərlə tanış olandan sonra qeyd edilmiş hər bir səbəb üzrə məktubda göstərilmiş rəqəmlərin sizin bəyannamənizdə müvafiq sətirlərdə göstərdiyiniz rəqəmlərlə eyni olub-olmadığına baxın. Məbləğlərin dəqiqliyinə əmin olduqdan sonra uyğunsuzluğa səbəb olmuş fərq və ya ziddiyyət ilə tanış olun. AVİS sisteminin rəqəmi haradan hesablayaraq çıxardığını təsbit etməyə çalışın. Bununla AVİS sisteminin işləmə, yoxlama prinsipini də mənimsəmiş olacaqsınız. Səbəblərdəki rəqəmləri AVİS-in haradan götürdüyünü təsbit etdikdən sonra isə sizin yardımınıza nəzəri biliklər gələcək. Əgər bəyannamənizi qanunvericilik əsasında düzgün tərtib etmişsinizsə, sizə qalan iş sadəcə həmin səbəbləri izah edən izahat məktubu tərtib etmək olacaq. Rəqəmlərlə tanış olduqdan sonra bəyannaməni səhv təqdim etmiş olduğunuzu təsbit etsəniz, sadəcə dəqiqləşdirilmiş bəyannamə göndərməyiniz kifayətdir. Eyni zamanda həm dəqiqləşdirilmiş bəyannamə, həm də izahat məktubu təqdim etməyə ehtiyac yoxdur. Bunun hər ikisini eyni vaxtda etsəniz, sonradan alacağınız növbəti məktubun təqdim etdiyiniz yeni dəqiqləşdirilmiş bəyananmə ilə və ya izahat məktubunuzun əsassız hesab edilməsi ilə əlaqədar olduğunu təsbit etməkdə çətinlik çəkəcəksiniz. Bəyannamədəki səbəblərin aşağı hissəsində sizdən nəyin tələb olunduğu qeyd edilir və bu, “Sənədlər” başlığı ilə göstərilir. Həmin hissəyə diqqətlə baxın. Çünki bəzən mühasiblər onlardan tələb edilən sənədi təqdim etmək əvəzinə, digər sənədlər, o cümlədən dəqiqləşdirilmiş bəyannamə təqdim edirlər. Tələb olunan sənədlər hissəsində sizdən dəqiqləşdirilmiş bəyannamə təqdim etməniz tələb edilibsə, bu heç də o demək deyil ki, hər şey düzdür, təkcə dəqiqləşdirilmiş bəyannamə təqdim etməlisiniz. Əgər uyğunsuzluq məktubundakı səbəblər sizə aydın olarsa, səbəbin AVİS-in yoxlama prinsipi və ya vergi orqanlarının məsafədən görə bilmədiyi hansısa sənədlə, əməliyyatla bağlı olduğu qənaətinə gəldinizsə, sadəcə izahat məktubu yazmaq kifayətdir.

Qeyd edək ki, AVİS sistemində olan sənədləri, əməliyyatları sistemin görə bilmədiyi hallar da ola bilir. Vergi qanunverciliyi daim təkmilləşdirildiyi kimi AVİS sistemi də daim təkmilləşdirilməkdədir.

Uyğunsuzluqla bağlı yazacağınız izahat məktubunu rəsmi, işgüzar yazışma qaydalarına uyğun olaraq tərtib edin. Qanunvericiliyə əsaslanarkən istinad etdiyiniz qanunları, normativ aktları, onların maddələrini, bölmələrini və s. qeyd etməyiniz tövsiyə olunur. İzahat məktubu tərtib edərkən fikrinizi geniş izah etməkdən çəkinməyin. Bundan savayı, ehtiyac bildiyiniz hallarda (və ya sizdən tələb olunduqda) qoşma fayllarda sənədlər təqdim edə bilərsiniz.

Unutmayın ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən, vergi orqanının sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ