Cari vergi ödəmələri
Cari vergi ödəmələri ilə bağlı son illər qanunvericilikdə tətbiq olunan yeniliklər təcrübədə bəzi sualların yaranmasına səbəb olur. Mühasibat mütəxəssisi İlqar Əsədov mühasiblərin bu sahədə qarşılaşdıqları suallara aydınlıq gətirir.
Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.
Cari vergi ödəmələrinin hesablanması haqqında arayış gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın 15-dək təqdim edilir. Bu arayış həm hüquqi, həm də vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən təqdim edilir.
Elektron kabineti olan vergi ödəyiciləri cari vergi ödəmələrinin hesablanması haqqında arayış formasını onlayn kargüzarlıq bölməsindən yeni müraciət yaradaraq “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış”ı seçərək onlayn şəkildə doldurub təqdim edə bilərlər. Elektron kabineti olmayan vergi ödəyiciləri bu məlumatı müəyyən edilmiş müddət ərzində kağız daşıyıcıda “əldən-ələ” qaydasında vergi ödəyicilərinə xidmət mərkəzlərindən təqdim edə bilərlər.
Cari vergi arayışlarının elektron qaydada təqdim edilməsi üçün gücləndirilmiş “ASAN imza” tələb olunmur. Elektron kabineti olan şəxslər istifadəçi kodu, parol, şifrə ilə daxil olaraq cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim edə bilərlər.
Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın formasında 151.1 metodunu seçmək nəzərdə tutulmamışdır. Müəssisə heç bir arayış və məlumat verməsə, bu metodu seçmiş hesab edilir.
Müəssisənin cari hesabat dövrü üçün hesablanacaq mənfəət vergisinin ötən ilə nəzərən çox olacağı gözlənilirsə, müəssisə üçün 151.1 metodunu seçmək, keçən ilə nəzərən az olacağı gözlənilirsə, 151.2 metodunu seçmək əlverişli olar.
Müəssisənin gəlir və xərclərinin kassa və ya hesablama metodunda olmasından asılı olmayaraq cari vergilərin hesablanmasının mövcud 3 metodundan hər biri seçilə bilər.
Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən (o cümlədən sabit sadələşdirilmiş vergi ödəyiciləri) cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilməsi nəzərdə tutulmayıb.
Cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim etməyəyə görə qanunvericiliklə hər hansısa cərimə və ya maliyyə sanksiyası nəzərdə tutulmayıb. Cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmədiyi halda, müəssisə keçən il gəlir (mənfəət) vergisi ödəyicisi olubsa, vergi orqanları öz təşəbbüsləri ilə cari vergiləri 151.1 metodu ilə hesablayacaq. Əgər müəssisə bu il yeni yaranıbsa və ya keçən il gəlir (mənfəət) vergi ödəyicisi olmayıbsa, vergi orqanları Vergi Məcəlləsinin 151.5.8-ci maddəsinə uyğun olaraq əlaqədar məlumatlarla sizə 151.5 ilə cari vergi məbləğini hesablayacaq.