14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Könüllü qeydiyyat kimlər üçün sərfəlidir?

Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Məcəllənin 156.1-1-ci maddəsində göstərilir ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən olunmuş hüquqdan istifadə edə bilər:

  • göstərilən xidmətlərin və alınan malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə olunan gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən şəxslər.

156.1-2-ci maddədə bildirilir ki, bu Məcəllənin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

Vergi Məcəlləsində ƏDV məqsədləri üçün qeydiyyatın 2 növü var: məcburi və könüllü. İqtisadçı ekspert Rəşad Əliyev qeyd edib ki, əgər məcburi qeydiyyat halları tam olaraq Vergi Məcəlləsinin müddəaları ilə müəyyən edilirsə, könüllü qeydiyyat vergi ödəyicisinin iradəsindən asılı olur. Məcəllədə bir sıra hallarda vergi ödəyicisinə vergi rejimini seçmək hüquqi verilir. Bu şəraitdə vergi ödəyicisi öz istəyinə uyğun olaraq fəaliyyətinin daha yüksək rentabelliyini və rahatlığını təmin edən vergi rejimini seçir: "Nümunə kimi ictimai iaşə sektorunda işləyən sahibkarlıq subyektini götürə bilərik. Tutaq ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər. Lakin həmin vergi ödəyiciləri bundan imtina edib könüllü surətdə ƏDV ödəyicisi olmaq istəyirlər. Seçim vergi rejiminin rentabelliyə və digər məsələlərə təsirindən asılı olacaq.

Əgər məcburi qeydiyyat halları tam olaraq Vergi Məcəlləsinin müddəaları ilə
müəyyən edilirsə, könüllü qeydiyyat vergi ödəyicisinin iradəsindən asılı olur

Sadələşdirilmiş verginin ödəyicisi kimi işləyən sahibkarın satış rentabelliyi uzunmüddətli dövr üçün 15-20 faiz proqnozlaşdırılırsa, bu halda sahibkar ciddi şəkildə hansı rejimi seçməsi barədə düşünəcək. Bu seçimdə mühüm amil potensial ƏDV əvəzləşdirmələrinin həcmindən asılı olacaq. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ƏDV məbləğlərinin vətəndaşlara geri qaytarılması məsələsi ƏDV ödəyicisinə 8 faizlik sadələşdirilmiş verginin ödəyicisinə satışların stimullaşdırılması istiqamətində müəyyən qədər üstünlük verir.

Digər tərəfdən, vergi rejiminin seçimini təkcə cari dövriyyənin rentabelliyi ilə də əlaqələndirmək düzgün olmaz. Burada müəssisənin fəaliyyətinin uzunmüddətli inkişaf strategiyasının böyük əhəmiyyəti var. Məsələn, müəssisə yeni qurulanda onun dövriyyə göstəriciləri olmur və bu mərhələdə o, ancaq investisiya qoyuluşlarını həyata keçirir. Bu şəraitdə gələcəkdə dövriyyə göstəricilərinə görə ƏDV ödəyicisi olmaq mümkün olarsa, bu halda müəssisə, yəqin ki, könüllü surətdə ƏDV ödəyicisi kimi qeydiyyata durmağa üstünlük verəcək. Çünki müəssisənin yaradılması zamanı alınan mallar, istehsal vəsaitləri və digər əldə edilmiş aktivlərə görə ödəniləcək ƏDV məbləğinin əvəzləşdirilməsi mühüm məsələdir".

Ekspertin sözlərinə görə, könüllü qeydiyyata durmaq çox asandır və bunun üçün, sadəcə olaraq, vergi orqanına ərizə ilə müraciət etmək lazımdır. Ərizə verildikdən sonra növbəti ayın 1-dən sahibkarlıq subyekti ƏDV ödəyicisi kimi fəaliyyətini davam etdirəcək.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?