Restoran və kafelərin qapısı açılır...
Vətəndaşlar hansı qaydalara əməl etməlidir?
Azərbaycanda karantinin yumşaldılması ilə əhalinin ən çox gözlədiyi sahələrdən biri olan restoran və kafelərin fəaliyyəti, nəhayət ki, bərpa olunur. Artıq avqustun 18-dən açıq havada restoran və kafelərin fəaliyyətinə icazə verilib. Restoran və kafelər pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri olduğu üçün bu müəssisələrdə fəaliyyət göstərən sahibkarlar pandemiya şərtlətinə uyğun qaydalara tam əməl olunmaqla gündəlik normal iş həyatına davam etməyi öyrənməlidirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində bunun şərtləri açıqlanıb, xüsusi qaydalar işlənib hazırlanıb.
Nazirlər Kabinetinin "Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarına uyğun olaraq açıq hava sahəsində işləyən bütün ailəvi istirahət mərkəzləri, restoran, keytrinq, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər aparan müəssisələr 09:00-dan 22:00-dək fəaliyyət göstərə və restoranlar müştəri qəbulunu obyektin tutumunun yarısı qədər - 50% həcmlə yerinə yetirə bilərlər. Restoran və kafelər ən azı üç tərəfdən hava axını ilə təchiz edilməli və ya üzəri tam açıq olmalıdır, müştərinin qarşısını alan hər hansı maneə olmamalıdır. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağan edilir. Masa və stulların seyrək düzülməsi, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması da əsas şərtlərdəndir. Restoran və kafelərin girişində hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə obyektdə olan masaların, oturacaqların sayı və adambaşına düşən kvadratmetr, masalararası məsafə haqqında məlumatlar əks etdirilməlidir. Masada əyləşən müştəri sayı 6 nəfərdən çox ola bilməz.
Pandemiya dövründə bəzi yeni tələblər də gündəmə gəlib. Bu tələblərə restorana daxil olan müştərilərin hərarətinin ölçülməsi və onların obyektə maska ilə daxil olması, maskası olmayan insanlara maska təqdim edilməsi, girişdə əllərin dezinfeksiya olunması üçün antiseptik məhlulların yerləşdirilməsi və s. daxildir. Ümumi istifadədə olan əşyalara qadağalar mövcuddur: masalarda olan ədviyyat, sous, yağ, duz, şəkər, diş çöpləri bundan sonra hər bir müştəriyə özəl olaraq birdəfəlik qablaşdırılmada təqdim olunacaq.
Hazırda restoranlar və müştərilər üçün ən əsas gözlənti təmizlik tələblərinə nə dərəcədə riayət edilməsidir. Hər iki tərəf pandemiya şərtlərinə əməl etməlidir və bu zaman qarşılıqlı nəzarət çox vacibdir. Əslində, diqqətlə araşdırsaq, sanitar-gigiyenik qaydaların əksəriyyətinə pandemiyasız dövrdə də əməl olunmalıdır. Bura masaların, qab-qacağın təmizliyi, yüksək temperaturda yuyulması, mütəmadi dezinfeksiyası, aşpazların və xidmət personalının sağlamlıq arayışlarının olması, şəxsi gigiyenaya (geyim, saç, əl, dırnaq təmizliyi) və s aiddir.
Restoran və kafelərdə işçilər tibbi maska taxmalı və ondan istifadə edilməsinə nəzarət olunmalı, dezinfeksiya məhlullarından fasiləsiz istifadə edilməlidir. İş vaxtı müştəriyə xidmət göstərən zaman maskanın çənəyə endirilməsi, yaxud tamamilə ağızdan çıxarılması yolverilməzdir. Maska çirkləndikdə və ya nəmləndikdə dərhal dəyişdirilməlidir. Birdəfəlik maskalardan təkrar istifadə edilməsi qəti qadağandır.
Obyektin giriş-çıxışlarında və kassalarda dezinfeksiya məhlulundan istifadə üçün qurğular yerləşdirilməlidir. Bütün ailəvi istirahət mərkəzi, restoran, keytrinq, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər göstərən müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. İş saatı ərzində mütəmadi olaraq işlək sahələrdə, iş saatlarından sonra isə bütün sahələrdə təmizlik-dezinfeksiya işləri məsul şəxsin nəzarəti altında həyata keçirilməlidir. Bundan əlavə, dövri olaraq ayda 1 dəfə inzibati binanın ərazisi, mətbəx, yemək qəbulu zalları, digər əsas və köməkçi sahələri əhatə edən dezinfeksiya tədbirləri görülməlidir. Dezinfeksiya edilməsi vacib olan sahələrə obyektin ərazisi, mətbəx, yemək qəbulu, sanitar-məişət otaqları, masa və stulların səthləri, pəncərə və pəncərə altlıqları, tutacaqlar, döşəmə və divar səthləri, qapı və qapı tutacaqları, mətbəx avadanlıqları aiddir.
İşçi heyət dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, əlcək, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin edilməlidir. Şəxsi gigiyena qaydalarına riayət olunmalı, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir.
İş geyimi ilə əlaqədar xüsusi gigiyenik qaydalara əməl olunmalıdır. İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan istifadə edilməlidir. İş zamanı təmiz paltarda olmaq, çirkləndikdə dərhal dəyişdirilmək vacib amillərdəndir. İşçi formasında məkandan kənara çıxmaq qadağandır.
İşçi heyətin müntəzəm şəkildə müayinəsi mütləqdir. İş zamanı özündə COVID-19-a spesifik olan əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı) hiss edən işçinin fəaliyyəti dərhal dayandırılmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməli, onun iş yeri dezinfeksiya edilməlidir. COVID-19 xəstəsi olan işçinin yenidən işə qayıtmasına yalnız karantin qaydalarına əməl etməklə sağalaraq və müvafiq laborator test müayinəsindən keçərək neqativ nəticəsi olduğu halda icazə verilir.
Müştərilər təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmalı, maskası olmayan şəxslərə girişdə maskalar təqdim edilməlidir. Hərarətin ölçülməsi zamanı işçi heyətə mane olmaq, bundan yayınmaq qəti qadağandır. Maskalar ağız və burun nahiyəsini tam örtmək şərti ilə taxılmalıdır. Müştərilər yalnız qida qəbulu zamanı və masada əyləşdikləri zaman maskanı çıxara bilərlər. Masadan qalxıb hər hənsı bir sahəyə daxil olan zaman (kassa, sanitar qovşağı) maskadan istifadə zəruridir.
İctimai iaşə obyektlərində epidemioloji qaydalara riayət edilməsi üçün ölkəmizdə kifayət qədər maska və gigiyenik məhsulların ehtiyatı mövcuddur, qıtlıq müşahidə olunmur. Satışda istənilən qədər maska, antiseptik və dezinfeksiya vasitələri var. Həmçinin sahibkarlara bu sahədə bəzi güzəştlər verilib və qanunvericiliklə tənzimlənir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən aparılan zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclər məhdudiyyət qoyulmadan xərclərdən çıxıla bilər.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar mütəmadi keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görəcək. Burada cərimələr əsas təsiredici qüvvəyə malikdir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) tələblərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək, hüquqi şəxslər isə 4.000 manatdan 10.000 manatadək məbləğdə cərimə ediləcək. Hətta xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs cəzası da tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin (Epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) tələblərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 yüz manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Yuxarıda qeyd olunan qanun pozuntusu halları 1 il ərzində təkrar törədildiyi halda, fiziki şəxslərə 200 manat, vəzifəli şəxslərə 400 manat, hüquqi şəxslərə 800 manat məbləğində cərimə nəzərdə tutulur.
Həm əhali, həm də sahibkarlar bilməlidirlər ki, karantin qaydalarına ciddi əməl olunmadığı halda, virusa yoluxanlaın sayı yenidən artacaq. Biz bunu may-iyun aylarının təcrübəsində yaşamışıq. Təəssüf ki, bəzi insanların laqeydliyi və biganəliyi ucbatından qaydalara əməl etməməsi bizi sərt karantin günlərinə geri qayıtmaq təhlükəsi ilə üz-üzə qoyur. Əgər yenidən sərt karantin rejiminə qayıtmaq istəmiriksə, hamılıqla bu qaydalara riayət etməli, yeni həyat tərzinə uyğunlaşmalı, sanitar-epidemioloji tələbləri pozanlara qarşı birlikdə mübarizə aparmalıyıq. Sosial məsuliyyət və nəzarət, ictimai qınaq pandemiya ilə mübarizədə əsas silahımız olmalıdır.