Məsuliyyət günün əsas çağırışıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edir.
İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, koronavirus pandemiyasının yaratdığı vəziyyətdən çıxışın yeganə yolu bu bəlaya qarşı birləşərək mübarizə aparmaqdan keçir: "Bu gün bütün dünya rahatsızlıq içindədir. İki ay öncə bir neçə ölkədə aşkarlanmış epidemiyanın səsi indi dünyanın 180 ölkəsindən gəlir.
Yaranmış durumun dünyanın bir parçası olan ölkəmizdən yan keçməsi mümkün deyildi. Bunu nəzərə alan Azərbaycan hökuməti zəruri olan bütün addımları vaxtında atdı və bu istiqamətdə işləri ən yüksək səviyyədə təşkil edə bildi. Dövlət COVİD-19 virusunun bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlindən gələn bütün işləri görür. Lakin bu işlər o zaman arzuolunan nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın. Bu, olduqca vacibdir və elə bu səbəbdən də ölkə başçısı cənab İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən belə bir çağrış etdi: "Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram". Bu gün hər kəs bu çağrışa əməl etməyə borcludur".
F.Yusifov indiki məsuliyyətli və həssas bir məqamda hər kəsin tək özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməyə məcbur olduğunu bildirib: "Hər birimiz pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik.
Bu gün vətəndaş-iqtidar birliyinin ən yüksək səviyyədə nümayişinə ehtiyac var. Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik.
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb.
Artıq pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndrən İşçi Qrupun rəhbəri - İqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 10 proqramdan ibarət zərfi ölkə başçısına təqdim edib. Bu Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib. Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, on proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın Ümumi Daxili Məhsulunin 3 faizinə bərabər bir məbləğdir. Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir".
Ekspert qeyd edib ki, sahibkarlığın hər bir istiqamətinə dəstəyi əhatə edən bu proqramlar ilk növbədə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyini, 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyini, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin, imtiyazların və tətillərin verilməsini, sahibkarlıq subyektlərinə yeni verilən və mövcud bank kreditləri üzrə kredit-zəmanət dəstəyini, vətəndaşlarımızın maddi vəziyyətinin dəstəklənməsi üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyini nəzərdə tutur: "Müvafiq proqramla əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərinin dəstəklənməsi də proqnozlaşdırılır.
Yaxın günlərdə digər işçi qruplarının da təkliflər zərfinin təqdimatı gözlənilir. Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, bütün vətəndaşlar, eləcə də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini aradan qaldırmaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, aşkarlıq prinsipləri əsasında fəaliyyət göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".
Fəxriyyə İKRAMQIZI