7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşə qəbul olunarkən iş yerinə hansı sənədlər təqdim edilməlidir?

İşə qəbul zamanı iş yerinə təqdim edilən sənədlərin bəziləri qanunvericilik üzrə məcburi xarakter daşısa da, bəziləri işəgötürənin və işçinin maraqlarına uyğun tələb olunur. Mövzunu “vergiler.az”a Vəkillər Kollegiyasının üzvü, "LCG" vəkil bürosunun vəkili Əmiraslan Yusifov şərh edir.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci bəndinə əsasən, işə qəbul olunarkən mütləq təqdim edilməli olan sənədlər - işçinin şəxsiyyətini təsdiq edən sənəd və əmək kitabçasıdır (ilk dəfə işə qəbul olunanlar istisna olmaqla). Bir müddət əvvəl dövlət sosial sığorta şəhadətnaməsinin təqdim olunması da məcburi xarakter daşıyırdı, artıq bu tələb ləğv edilib.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, görüləcək işin xüsusiyyətləri nəzərə alınaraq, peşə hazırlığı və təhsilin olması zəruri hesab edilərsə, bu zaman müvafiq təhsil sənədi, həmçinin işçinin səhhətinə mənfi təsir göstərən amillər varsa, tibbi arayış da tələb edilə bilər. Bu maddənin son bəndində vurğulanır ki, Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Bundan əlavə, işçinin fərdi şəkildə qanuvericiliklə müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan istifadə edə bilməsi üçün aşağıda göstərilən sənədlər də tələb olunur:

Sənədin adı

Əsas güzəştlər

Əlillik vəsiqəsi

  • Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsi, 66-cı maddə);
  • əlilliyə görə pensiyaya çıxdığı zaman ərizəsində göstərdiyi gün işdən çıxa bilir (Əmək Məcəlləsi, 69.3-cü maddə);
  • ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağandır (Əmək Məcəlləsi, 79.1-ci maddə);
  • I və II dərəcə əlilliyi olan işçilər 36 saatdan artıq olmayan qısaldılmış iş vaxtı ilə işləyirlər (Əmək Məcəlləsi, 91.2-ci maddə);
  • əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 119-cu maddə);
  • iş yerindəki ilk ilində 6 ayı gözləmədən əmək məzuniyyətindən istifadə etmək hüququ verilir (Əmək Məcəlləsi, 131.4-cü maddə, “e” bəndi).

Şəhid ailəsi üzvü vəsiqəsi

  • İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).

Hərbi bilet və ya müharibədə iştirakı sübut edən digər sənəd

  • Müharibə iştirakçılarına ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 120-ci maddə).

Uşaqların doğum haqqında şəhadətnaməsi

  • Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir (Əmək Məcəlləsi, 117-ci maddə);
  • İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilir (Əmək Məcəlləsi, 94.3-cü maddə).

Məcburi köçkün vəsiqəsi

  • bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmur (Əmək Məcəlləsi, 66-cı maddə);
  • ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında 100% müavinət verilir (Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı, 62-ci bənd).

Qaçqınlıq vəsiqəsi

  • bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsinin 66-cı maddəsi);
  • ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?