5 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkə xaricində olarkən əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin tənzimlənməsi

Təcrübədə qarşıya çıxan məsələlərdən biri də işçinin məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətinin itirilməsi halının ölkə xaricində baş verməsidir. Eyni zamanda, işçinin itirilmiş əmək qabiliyyətinin bərpası ilə bağlı müalicəsini ölkə xaricində davam etdirməsi halı da mümkündür. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu hallarda hallarda işçiyə müavinətin verilməsi qaydalarını “vergiler.az”a şərh edir.

Öncə onu qeyd edək ki, işçinin əmək qabiliyyətini itirdiyinə görə müavinətin verilməsi üçün əsas sənəd yalnız xəstəlik vərəqəsidir. Başqa sənədlər müavinətin verilməsi üçün əsas ola bilməz. Bəs proses ölkə xaricində baş verərsə, sənədləşmə necə həyata keçirilməlidir?

Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə-profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.

Misal 1: İşçi əmək qabiliyyətini itirdikdən sonra müalicəsini Türkiyə Respublikasında almaq qərarına gəlib. Bu halda ona müavinət hansı sənədlər əsasında təyin ediləcək?

İşçi əmək qabiliyyətini itirməsinə dair poliklinikaya müraciət edərək qeydiyyata düşür və ona xəstəlik vərəqəsi açılır. Daha sonra Türkiyədə müalicəyə dair sənədləri poliklinikaya təqdim edərək xəstəlik vərəqəsini əldə edir və onun əsasında işçiyə müavinət təyin edilir.

Misal 2: İşçi xaricdə olduğu müddətdə əmək qabiliyyətini itirib və xaricdə tibb məntəqəsinə müraciət edərək müvafiq sənəd alıb. Ona müavinət hansı şəkildə təyin ediləcək?

Xaricdə əmək qabiliyyətinin itirilməsinə görə əldə edilmiş müalicəyə dair müvafiq sənədləri qeydiyyatda olduğu rayonun poliklinikasına təqdim edəcək. Həmin poliklinika təqdim edilən sənədlər əsasında işçiyə xəstəlik vərəqəsi hazırlayacaq və xəstəlik vərəqəsi iş yerinə təqdim edilməklə ona müavinət hesablanıb ödəniləcək.

Bəs ezamiyyət dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi necə tənzimlənir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və s.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur və bu “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müfəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə müəyyən olunmuş qaydada verilir.

Misal 3: Nərmin 5 gün müddətinə Lənkəran şəhərinə ezam olunub. Ezamiyyətin 2-ci günündə əmək qabiliyyətini müvəqqəti itirib. İşçi ezamiyyətdə olduğu müddətdə əmək qabiliyyətini müvəqqəti itirərsə, bu halda ona müavinət və ezamiyyə haqqı hesablanmalıdırmı?

Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.

Göründüyü kimi, ezamiyyə zamanı işçinin əmək qabiliyyətini itirməsi adi qaydada işçinin iş yerində əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında təyin edilir və bu günlər ezamiyyə günlərinə daxil edilmir. Amma işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı səhiyyə xidmətləri tərəfindən təsdiq edilərsə, altı aydan artıq olmamaq şərtilə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı - 2024” kitabı

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?