Texnologiyalar parkının rezidentlərində çalışan işçilərin vergi öhdəlikləri
Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin gəlirləri onların neft-qaz, dövlət və ya özəl sektorda çalışmasından asılı olaraq, fərqli formada vergiyə cəlb edilir. Bəs bu halda texnologiyalar parkının rezidentləri kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan işçilərin vergi öhdəliyi və sosial ödənişləri necə hesablanır?
Mövzu ilə bağlı “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, texnologiyalar parkının rezidenti - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.
Texnologiyalar parkının rezidenti olaraq fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan işçilərdən gəlir vergisi və sosial sığorta haqqının hesablanması ilə bağlı müvafiq qanunvericilik aktarında dəyişiklik edilib. Vergi Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, tutulma aşağıdakı şəkildə müəyyən olunub:
- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8.000 manatadək olduqda 0 faiz, 8.000 manatdan çox olan məbləğin 5 faizi;
- 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində.
Misal 1: Texnologiyalar parkının rezidenti olaraq texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisində çalışan işçinin 2023-cü ilin sentyabr ayında muzdlu işdən gəliri 9.500 manat (əməkhaqqı) olub. İşçinin əməkhaqqından tutulmalı olan gəlir vergisinin məbləğini hesablayaq:
Vergi Məcəlləsinin 101.7.1-ci maddəsinə əsasən, aylıq gəlir 8.000 manatadək olduqda gəlir vergisi tutulmur. 8.000 manatdan yuxarı olduqda isə yuxarı olan hissənin 5%-i məbləğində gəlir vergisi tutulmalıdır. Yəni:
9.500 – 8.000 = 1.500 manat;
1.500 x 5% = 75 manat.
Bu güzəşt 2026-cı il yanvarın 1-dək qüvvədədir. Ondan sonra isə 7 il müddətinə gəlirin 5 faizi həddində gəlir vergisi hesablanacaq. Yəni:
9.500 x 5% = 475 manat.
“Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna) üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, aşağıdakılardan biri kimi müəyyən ediləcək:
• minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya
• muzdlu işdən əldə edilən gəlirlərdən.
Sığortaolunan, yəni işçi hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə, yəni işəgötürənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işə götürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq olunur.
Misal 2: Texnologiyalar parkının rezidenti olaraq texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisində çalışan işçinin 2023-cü ilin sentyabr ayında muzdlu işdən gəliri 9.500 manat (əməkhaqqı) olub. İşçinin müəyyən edilmiş seçimlərin hər biri üzrə ödəməli olduğu sosial sığorta haqqının məbləğini müəyyənləşdirək:
1. Minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından:
Hazırda minimum aylıq əməkhaqqının 345 manat olduğu nəzərə alınaraq hesablama belə olacaq:
345 x 4 = 1.380 manat.
a) Dövlət sektoru üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;
Sığortaedən: 1.380 x 22% = 303.6 manat;
Sığortaolunan: 1.380 x 3% = 41.4 manat.
b) Özəl sektor üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;
Sığortaedən: (200 x 22% ) + (1.180 x 15%) = 221 manat;
Sığortaolunan: (200 x 3%) + (1.180 x 10%) = 124 manat.
2. "Sosial sığorta haqqında" Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq
a) Dövlət sektoru üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;
Sığortaedən: 9.500 x 22% = 2.090 manat;
Sığortaolunan: 9.500 x 3% = 285 manat.
b) Özəl sektor üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;
Sığortaedən: (200 x 22% ) + (9.300 x 15%) = 1.439 manat;
Sığortaolunan: (200 x 3%) + (9.300 x 10%) = 936 manat.