Sahibkarlıq fəaliyyətinin təşviqi və biznes mühitində əlverişli imkanlar MƏQALƏ
Biznes mühiti sahibkarlıq fəaliyyətini dəstəkləyən siyasi, sosial, iqtisadi, hüquqi və texnoloji faktorların təsiri ilə formalaşır. Bu mühit müəssisələrin fəaliyyətlərini qurma, idarə etmə və genişləndirmə prosesinə təsir edən bütün xarici və daxili amilləri əhatə edir. Biznes mühitinin yaxşılaşdırılması bu amillərin daha əlverişli hala gətirilməsi və sahibkarlar üçün daha şəffaf və dəstəkli bir mühitin yaradılması deməkdir.
Azərbaycanda biznes mühitini təkmilləşdirən addımlar
Son illər Azərbaycanda biznes mühitində aparılan islahatların yeni mərhələsi başlayıb. Sahibkarlıq fəaliyyətinə dəstəklə səciyyəvi olan bu dövrdə islahatların daha sistemli şəkildə həyata keçirilməsi üçün ölkəmizdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edən və rəqabət prinsiplərinə əsaslanan biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” və “Vergitutma” İşçi qruplarına Dövlət Vergi Xidməti (DVX) rəhbərlik edir. Bu İşçi qruplar tərəfindən ölkəmizdə biznes mühitinin vergi təşviqləri ilə təkmilləşdirilməsi sahəsində mühüm islahatlar həyata keçirilir. Bu xüsusda, “Biznesə daxilolma” indikatoru ilə bağlı Yol Xəritəsi üzrə 2022-2023-cü illərdə “Biznesin təsis edilməsi qaydalarının keyfiyyəti” və “Biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı” alt-indikatorları üzrə 6 komponent istiqamətində 30 tədbir həyata keçirilib. Biznesin təsis edilməsi qaydalarının keyfiyyəti alt-indikatoru üzrə bu komponentlər biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsini və biznesə daxil olmaq üçün normativ hüquqi bazada məhdudiyyətlərin aradan qaldırılmasını əhatə edir.
“Biznesə daxilolma” indikatoru ilə bağlı Yol Xəritəsi üzrə 2022-2023-cü illərdə
“Biznesin təsis edilməsi qaydalarının keyfiyyəti” və “Biznes startapları üçün
rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı” alt-indikatorları üzrə
6 komponent istiqamətində 30 tədbir həyata keçirilib
Biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı alt-indikatoru üzrə bu komponentləri isə biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün onlayn xidmətlərin mövcudluğu, biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün xidmətlərin qarşılıqlı fəaliyyəti, şirkət barədə məlumatların onlayn mövcudluğu və informasiyanın şəffaflığı və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri, o cümlədən kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar ilə bağlı məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi komponentlərini əhatə edir. Yol Xəritəsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlara edilmiş dəyişikliklərlə biznes mühiti üçün optimal mühit yaradan hüquqi tənzimləmələr formalaşıb. Bura xarici investisiyalı MMC-lərin e-dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsi məlumatlarının e-ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra həmin məlumatların ƏƏSMN-in e-informasiya sisteminə ötürülməsi, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə hüquqi ünvanı təsdiq edən sənədin əlavə edilməsinə dair tələbin aradan qaldırılması və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı, xarici hüquqi şəxslərin də istifadə etməsi daxildir. Bu istiqamətdə digər dəyişikliklər isə elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin yaradılması, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların hüquqi şəxs təsis etmək hüquqlarının məhdudlaşdırılması və kommersiya hüquqi şəxsin adının unikallığı ilə bağlı imtina əsaslarının yaradılması daxildir.
Biznes subyektləri üçün elektron xidmətlər
“Biznesə daxilolma” İşçi Qrupu tərəfindən 2022-2023-cü illərdə görülmüş işlərə kommersiya hüquqi şəxsin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkanın yaradılması, kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzanın tətbiqi ilə bağlı texniki imkanın yaradılması və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması daxildir. Kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması və rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi də bu sahədə atılmış addımlardır. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra hüquqi şəxsə lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri barədə məlumatları əks etdirən bildirişin göndərilməsi, hüquqi şəxs lisenziya tələb olunan fəaliyyət növünü seçdikdə isə “Lisenziyalar və icazələr” Portalına keçid imkanı yaradılıb. Bütün bunlar biznes subyektlərinin vaxta, vəsaitə və resurslara qənaət etməsinə şərait yaradır.
“Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsində nəzərdə tutulmuş
tədbirlərin icrası 2024-cü ildə də davam etdirilib
Biznes təsis etmək üçün qaydaların təkmilləşdirilməsi davamlı prosesdir
“Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası 2024-cü ildə də davam etdirilib. Ötən il biznesin təsis edilməsi qaydalarının keyfiyyəti və biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı alt-indikatorları çərçivəsində 4 komponent üzrə 16 tədbir reallaşdırılıb. Bu komponentlərə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, biznesə daxil olmaq üçün normativ hüquqi bazada məhdudiyyətlər, biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün dövlət xidmətlərin əlaqələndirilməsi və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri, o cümlədən kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlarla bağlı məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi daxildir. Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası üzrə görülmüş işlər çərçivəsində “konsul leqallaşdırılması” informasiya sisteminin yaradılmasını və müvafiq normativ hüquqi aktlara dəyişiklik layihələrinin hazırlanmasını əhatə edir. Sahibkarlıq subyektlərinin bu tədbirlərdən xəbərdar olması və yararlanması üçün paralel olaraq maarifləndirmə işləri də aparılıb. Biznes təmsilçilərinin iştirakı ilə onlayn iclaslar keçirilib, vergi ödəyicilərinin şəxsi e-kabinetlərinə maarifləndirici məlumatlar göndərilib və onlayn sorğular keçirilib. Maarifləndirmə işləri zamanı videoçarx, qrafik çarx, animasiyalı infoqrafika hazırlanıb və məlumatlar mediada geniş işıqlandırılıb.
“Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsində 2025-ci il üçün yeni fəaliyyət
istiqamətləri müəyyənləşdirilib. Yol Xəritəsində biznesin təsis edilməsi qaydalarının
keyfiyyəti, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın
şəffaflığı alt-indikatorları çərçivəsində 4 komponent üzrə 14 tədbir nəzərdə tutulur
İnklüziv biznes mühitinin inkişafı üçün yeni hədəflər
“Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsində 2025-ci il üçün yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Yol Xəritəsində biznesin təsis edilməsi qaydalarının keyfiyyəti, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı alt-indikatorları çərçivəsində 4 komponent üzrə 14 tədbir nəzərdə tutulur. Perspektiv addımları biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün dövlət xidmətlərin qarşılıqlı fəaliyyətinin təşkili, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri, o cümlədən kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar ilə bağlı məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi təşkil edir. Biznes mühitində rəqəmsal xidmətlərin təkmilləşdirilməsində isə qeydiyyatla bağlı proseslərdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsi prosesinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın və kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanlarının yaradılması qarşıda duran hədəflərdəndir.
Biznes mühitinin təkmilləşdirilməsi prosesində və islahat təşəbbüslərində biznes nümayəndələrinin aktiv iştirakı üçün bütün imkanlar yaradılır və dövlət-özəl tərəfdaşlığı şəraitində biznes fəaliyyətinin təşviqi intensivləşdirilir. İctimai iştirakçılıq daha dərin təhlillərin əldə olunmasını təmin edir. Bütün bu islahatlar isə ölkəmizdə iqtisadi aktivliyin dəstəklənməsinə, biznesin inkişafına və sosial rifaha xidmət edir.
Gülay NƏBİYEVA