27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərin attestasiyasına fərqli yanaşmalar

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. Deməli, işçilərin attestasiya qaydaları xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxslərə şamil olunmur. Bəs əmək müqaviləsi ilə çalışan işçilər nə zaman və hansı qaydada attestasiyaya cəlb oluna bilərlər? “vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 65-ci - "İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri" maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə, bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddədən göründüyü kimi, işçilərin attestasiyasının keçirilməsində məqsəd işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını müəyyən etməkdir. Bu cür attestasiyanın hədəfi işçi hesab olunmalıdır.

Attestasiya keçirilməsi nəzərdə tutulan işçilərlə bağlı Əmək Məcəlləsinin xüsusi tələbi mövcuddur. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi 3 ildə, elmi işçilər isə 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Misal 1: İşçi mühasib vəzifəsində 9 aydır ki, çalışır. Bu halda işəgötürən həmin işçinin attestasiyasını həyata keçirə bilməz.

Misal 2: Xəzinədar vəzifəsində çalışan işçi 2 ildən sonra mühasib vəzifəsinə keçirilir. İşçi mühasib vəzifəsində 7 ay çalışdığı halda onun attestasiyası həyata keçirilə bilməz. Çünki işçinin bir işəgötürəndə ümumi iş stajının 2 il 7 ay olmasına baxmayaraq, müvafiq vəzifədə (iş yerində) iş stajı bir ildən azdır.

Misal 3: İşçi 2022-ci ildə attestasiya olunsa da işəgötürən qərar verir ki, 2024-cü ildə həmin işçini yenidən attestasiya etsin. İşəgötürənin bu qərarı əmək qanunvericiliyinə ziddir. Çünki hər bir işçi 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Misal 4: Elmi tədqiqat müəssisəsinin elmi işçisi 2021-ci ildə attestasiyadan keçib. 2024-cü ildə işəgötürən qərar verir ki, 3 il müddət keçdiyinə görə işçini attestasiyadan keçirsin. Amma Əmək Məcəlləsinin 65-ci maddəsində elmi işçilər üçün attestasiya müddəti 3 il deyil, 5 il müəyyən edildiyindən, işəgötürən həmin vəzifədə çalışanlar üçün qeyd edilən müddəti gözləməlidir.

İşçilərin attestasiyanın keçirilməsi prosesinə gəlincə, Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən və ya işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

Maddədən göründüyü kimi, komissiya yaradılarkən aşağıdakı vacib məqamlar gözlənilməlidir:

- İşəgötürən və işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Əgər satış işçilərinin attestasiyası həyata keçirilsə, o halda satış departamentinin rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

- Attestasiya komissiyasının üzvlərinin sayı ən azı 5 nəfər və say tərkibi təkrəqəmli olmalıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərdiyi halda, komissiyanın bir üzvü həmin qurumu təmsil etməlidir.

Təbii ki, komissiya üzvləri müəyyənləşdirilərkən təcrübəli, yüksək peşəkarlığa malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərə üstünlük verilməlidir. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

Mənbə: Anar Bayramov: “Əməyin uçotu” kitabı (IV nəşr)

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?