11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçiyə verilən mükafatlar vergiyə cəlb olunurmu?

Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada həvəsləndirici pul vəsaitidir. Bəs həmin vəsait hansı qaydada ayrıla bilər? Mükafatın vergiyə cəlb edilməsi necə aparılır? “vergiler.az”ın suallarına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlqı gətirir.
 

İstər Əmək Məcəlləsində, istərsə də digər normativ hüquqi aktlarda işçilərin mükafatlandırılması ilə bağlı məcburi normalar mövcud deyil. Məcəllənin 185-ci maddəsinə əsasən, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilərə işəgötürən tərəfindən aşağıdakı həvəsləndirmə tədbirləri nəzərdə tutula bilər:

- pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

- əlavə məzuniyyət verilməklə;

- əməkhaqqına fərdi əlavə edilməklə;

- daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

- sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

- müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə.

Mükafatların yuxarıda qeyd edilən növlərindən başqa, digər növü də nəzərdə tutula bilər. Müəssisə tərəfindən müəyyən nəticələrin əldə edilməsi ilə bağlı mükafatlar illik, yarımillik, rüblük və ya aylıq olaraq tətbiq edilir. Müəssisə əmək məhsuldarlığının artırılması və işçi heyətinin işə olan motivasiyasının təmin edilməsi baxımından mükafatlandırma sistemini əlçatan etməli və işçi heyətinə aydın şəkildə dəqiqliklə hazırlamalıdır. Bunlardan əlavə, əmək funksiyasının yerinə yetirilməsində fərqlənmiş işçilərə birdəfəlik mükafatların da verilməsi nəzərdə tutula bilər. Həmçinin, işçilərə müəyyən bayramlarda, doğum günlərində və s. bu kimi tədbirlərdə birdəfəlik müəyyən məbləğdə mükafatlar verilə bilər.

Misal 1: Müəssisə ilə işçi arasında bağlanmış əmək müqaviləsində müəssisənin hər ilin aprel ayında bölüşdürülməmiş mənfəətdən işçinin tarif maaşının 100 faizi miqdarında mükafat verilməsi nəzərdə tutulub.

Nümunədən göründüyü kimi, mükafatın müəssisənin mənfəətindən ödənilməsi nəzərdə tutulub. Lakin əgər müəssisə ili zərərlə başa vurarsa, mükafat ödənilməyə bilər. Bu, hər bir halda müəssisədaxili qaydalarda və ya əmək müqaviləsində öz əksini tapmalıdır. Bu sənədlərdə mükafatın şərtləri dəqiq müəyyən edilməlidir.

Misal 2: Aprel ayı ərzində aylıq satış nəticələrinə əsasən, birincilik əldə etmiş işçi, üst-üstə bir neçə ayın nəticələrinə görə qalib gəlib. İşəgötürən işçinin işə olan həvəsinin daha da artırılması və əmək funksiyasının yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün ona 10 təqvim günü müddətinə əlavə məzuniyyət verib və ya işçinin fərdi sığorta paketinin dəyərini artıraraq daha üstün sığorta paketi təqdim edib. Hansı hallarda, hansı mükafatların tətbiq edilməsi müəssisənin daxili qaydaları ilə tənzimlənə bilər və bu qaydalar işçilərlə tanış edilməlidir. İşçiyə hər hansı həvəsləndirmə tədbiri verilərkən müvafiq əmr imzalanır və bu barədə işçi və kollektiv məlumatlandırılır. Mükafatlandırılma barədə əmr işçinin şəxsi işinə əlavə edilir. Həvəsləndirmə tədbirləri işçinin əmək kitabçasına qeyd edilmir.

İlin yekunlarına görə ödənilən mükafatı bəzən “13-cü maaş” da adlandırırlar. “13-cü maaş” ifadəsi sovet dövründən qalma bir ifadədir. İşçilərə ilin sonunda mükafat kimi maaşı miqdarında mükafat verildiyi üçün bu, belə adlandırılıb. İlin yekunlarına görə mükafatların verilmə şərtləri, hesablanma qaydası, ödənilmə vaxtı və s. bu kimi məsələlər daxili qaydalarda öz əksini tapır. Praktikada bəzən bu mükafatların təqvim ili bitməmişdən öncə verilməsi müşahidə edilsə də, əksər hallarda müəssisənin mənfəət və zərər hesabatının dərc edilməsindən sonra, yəni mart ayının 31-dən sonra verilməsi daha çox üstünlük təşkil edir.

İlin yekunlarına dair mükafatın verilməsi mənfəətin qazanılmasında iştirak etmiş bütün müəssisə əməkdaşlarına şamil edilir. İşçi müəyyən səbəbdən işləməyibsə, bu halda mükafatın verilib-verilməməsi onun mənfəətin əldə edilməsindəki iştirakı qiymətləndirilərək qərar verilir. Ümumiyyətlə, müəssisədaxili qaydalarda ilin yekunlarına dair mükafatın verilməsi ilə bağlı minimum staj və s. kimi qaydalar müəyyənləşə bilər. Mükafatın konkret məbləği hər bir halda daxili qaydalarda və ya əmək müqaviləsində öz əksini tapmalıdır. Qaydalarda ilin sonunda işçini tarif maaşının və ya əməkhaqqının 100 faizi və ya 200 faizi məbləğində, əməkhaqqının müəyyən faizi məbləğində və ya sabit formada mükafatlandırılması nəzərdə tutula bilər.

Misal 3: Müəssisənin daxili qaydalarında işçinin - müəyyən üzürlü səbəblər istisna edilməklə - tam təqvim ilini işləmədikdə mükafatın işlənmiş aylara nisbətdə verilməsi nəzərdə tutulur. Tutaq ki, işçi analıq məzuniyyətindən may ayının 1-də qayıdıb. 2023-ci il üçün mükafat verilən zaman işçiyə işlədiyi 8 ay üçün mükafat verilməsi nəzərdə tutula bilər.

Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə” qəbul edilib.

Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir:

- kollektiv mükafatlandırılma;

- fərdi mükafatlandırılma.

Dövlət orqanının rəhbəri dövlət qulluqçusunu xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandıra bilər. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Dövlət qulluqçularının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunmuş dövlət büdcəsində dövlət qulluqçuları üçün müəyyən edilmiş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Mükafatlar hansı qaydada vergiyə cəlb edilir?

Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əməkhaqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əməkhaqqı və gəlir anlayışının qanunverilikdə nəzərdə tutulmuş izahlarından göründüyü kimi, mükafatlar işçinin gəliri hesab edilir. Yuxarıda bəhs etdiyimiz əməkhaqqının tərkib hissəsinə daxil edilən mükafatlar və daxil olmayan birdəfəlik digər mükafatlar fiziki şəxsin gəliri olmaqla ümumi qaydada fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.

Vergi Məcəlləsinin 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azadolma və güzəştlər nəzərdə tutulur. İşçilərə verilən hədiyyə, maddi yardım və digər birdəflik mukafatlarla bağlı azadolma da nəzərdə tutulur ki, bu da aşağıdakı şəkildə öz əksıni tapıb. Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən, təqvim ili ərzində hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar aşağıdaki məbləğdə gəlir vergisindən azaddır:

- hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi, mirasların dəyərinin 20.000 manatadək olan hissəsi;

- ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımun, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək olan hissəsi.

Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim olunsun.

Deməli, əməyin kəmiyyət və keyfiyyətinin yüksədilməsinə işçilərin marağının artırılması məqsədilə nəzərdə tutulmuş əməkhaqqının tərkib hissəsinə daxil edilən mükafatlar adi qaydada fiziki şəxslərin gəlir vergisinə cəlb edilir. Bayram günləri, doğum günləri və digər bu kimi birdəfəlik mükafatlar da fiziki şəxsin gəliri hesab edilməklə gəlir vergisinə cəlb olunur.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?