Ezamiyyətdə olan işçinin əməkhaqqı necə hesablanır?
İşçinin ezamiyyə xərclərinin və ezamiyyə müddətində əməkhaqqının hesablanması ilk baxışda sadə görünsə də, burada sual duğuran bəzi məqamları var. Mövzunu “vegiler.az”a insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.
Maliyyə Nazirliyinin Q-01 saylı 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş “İşçilərin ezamiyyə qaydaları”na əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi isə ezamiyyət sayılmır. Qaydalarda qeyd olunan bu iki anlayışla bağlı təcrübədə müəyyən çətinliklər yaranır.
Misal 1: Tutaq ki, Bakıda sürücü vəzifəsində çalışan işçi hər gün Quba rayonundan Bakı şəhərinə kənd təsərrüfatı məhsulları daşıyır. İşçinin Bakı şəhərindən Quba rayonuna gedib-qayıtması ezamiyyət sayılırmı? Yuxarıda qeyd olunan qaydalara əsasən, daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Ona görə də baxdığımız misalda sürücünün Qubaya gediş-gəlişi ezamiyyət deyildir.
Ezamiyyətləri respublikadaxili və respublikaxarici olmaqla iki kateqoriyaya ayırmaq olar:
- respublikdaxili ezamiyyətlər təşkilatın rəhbərləri tərəfindən müəyyən olunur, işəgötürənin əmri və ezamiyyə vəsiqəsi ilə tənzimlənir;
- respublikaxarici ezamiyyətlər isə təşkilatın rəhbərləri tərəfindən müəyyən olunur, işəgötürənin əmri ilə təsdiqlənir. Ölkədən çıxış və ölkəyə giriş qeydləri xarici pasportda aparıldığı üçün xarici pasportdakı qeydlər yetərli hesab olunur.
İşçilərin ezamiyyət müddəti, yolda olduğu müddət hesaba alınmamaqla, təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Yol müddəti isə 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).
Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.
Ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik xərclər, eləcə də mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat (taksi istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) xərcləri daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələrin müddəti ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsindəki qeydlər ilə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, hər məntəqədə gəldiyi gün və getdiyi gün ayrıca qeyd edilir.
Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedilən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdılan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedilən gün cari gün, saat 24:00-dan sonra isə sonrakı gün sayılır. Nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getməyə sərf olunan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtdığı gün də eyni qayda ilə təyin edilir.
Ezamiyyətdə olduğu, o cümlədən yolda olduğu vaxt üçün işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əməkhaqqı saxlanılır.
Təcrübədə bəzi maraq doğuran məqamlar da ortaya çıxır. Məsələn, işçi ezamiyyətdən yaşayış yerinə saat 24:00-dan sonra, tutaq ki, gecə saat 02:00-da çatarsa, növbəti gün də işçinin ezamiyyətdə olduğu gün sayılır və həmin gün üçün onun orta əməkhaqqı saxlanılmalıdır.
Əksər hallarda ezamiyyətdə olan işçilər üçün əməkhaqqını yanlış olaraq faktiki işdə olduğu kimi hesablayırlar. Ezamiyyətdə olan işçinin əməkhaqqı orta əməkhaqqı əsasında hesablanıb ödənilməlidir.
Misal 2: İşçi 1 iyun 2022-ci ildən 10 iyun 2022-ci ilədək 10 təqvim günü müddətinə Bakı şəhərindən Naxçıvan şəhərinə ezam olunub. Bu halda işçinin həmin dövr üçün orta əməkhaqqı saxlanılmalıdır. Orta əməkhaqqı isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən müəyyən olunur. Tutaq ki, vəzifə maaşı 800 manat olan işçi aprel ayında 200 manat mükafat alıb. Onda hesablama belə aparılacaq:
(800+1.000): (18 + 21)=1.800 manat
1.800:39=46,15 manat
46,15x8=369,20 manat
- 800+1000 - işçinin əvvəlki 2 təqvim ayında (aprel və may) qazancının cəmi;
- 18+21 - əvvəlki 2 təqvim ayında (may və aprel) iş günlərinin cəmi;
- 46,15 - 1 iş gününə düşən orta əməkhaqqı;
- 8 - ezamiyyət dövründə (iyun ayının 1-dən 10-dək) iş günlərinin sayı;
- 369,20 - ezamiyyə dövrü üçün hesablanmış əməkhaqqı.
Ezamiyyə xərcinin faktiki iş günlərinə uyğun olaraq əməkhaqqı kimi hesablandığı halda işçiyə 320 manat əməkhaqqı düşür: 800:20x8 = 320 manat.
Bu halda işçinin əməkhaqqı 49,20 manat azaldılmış olur: 369,20-320 = 49,20 manat.
İşçiyə az əməkhaqqı ödənildiyinə görə işəgötürənə cərimə kəsilə bilər.
Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əməkhaqqı və ya əlavə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Təcrübədə yanlış olaraq ezamiyyət dövrünə düşən istirahət və iş günü hesab edilməyən bayram günlərinə görə ya əlavə əmək haqqı ödənilir, ya da işçiyə onun razılığı ilə əlavə istirahət günü verilir. Əslində, “İşçilərin ezamiyyə qaydaları”na əsasən, bütövlükdə ezamiyyət dövrü deyil, yalnız işçinin ezamiyyətə getdiyi və qayıtdığı gün nəzərə alınmalıdır.
Misal 3: Tutaq ki, işçi 5 mart 2022-ci ildən ezamiyyətə gedir və martın 8-də - Beynəlxalq Qadınlar günündə ezamiyyətdən qayıdır. Bu halda işçiyə yalnız bir gün, yəni 8 mart iş günü hesab olunmayan bayram günü üçün ya əlavə əməkhaqqı hesablanıb ödənilməli, ya da əlavə ödənişli istirahət günü verilməlidir. İşçinin həftəlik 5 günlük iş rejimi ilə çalışdığını nəzərə alsaq, 5 mart və 8 mart 2022-ci il tarixləri arasında 6 və 7 mart qeyri-iş günləridir. Ezamiyyət müddətinin 6 və 7 marta təsadüf etməsinə baxmayaraq, həmin günlər üçün əlavə əməkhaqqı ödənilmir və ya əlavə istirahət günü verilmir.
Diqqət ediləsi məqamlardan biri də qanunvericilikdə yalnız istirahət günlərinin və iş günü hesab edilməyən bayram günlərinin nəzərdə tutulmasıdır. 20 Yanvar Ümumxalq Hüzn Günü və seçki günləri işçinin ezamiyyətə getdiyi və qayıtdığı günlərə təsadüf edərsə, həmin günlər üçün ona əlavə əməkhaqqı ödənilməməli və ya əlavə istirahət günü verilməməlidir.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı