11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqından tutulmalar

Əməkhaqqından tutulmalar hər bir işçi və işəgötürən üçün həmişə aktualdır. Mövzu ilə bağlı bəzi diqqətçəkən məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

Hesablanmış əməkhaqqından tutulmaları, Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, üç kateqoriyaya ayırmaq olar:

- işəgötürənin əmri ilə;

- işçinin ərizəsi ilə;

- qanunvericilikdə nəzərdə tutulan icra sənədlərinə əsasən.

İşəgötürənin əmri ilə, yəni işçinin razılığı alınmadan hesablanmış əməkhaqqından tutulmalar Əmək Məcəlləsinin 175.2-ci maddəsinə əsasən həyata keçirilir. İşəgötürənin əmri ilə əməkhaqqından tutulmalar aşağıdakılardır:

- qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

- qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

- işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

- müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

- xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

- mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

- təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

- kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

- həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibat vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

Bir nüansı qeyd edək ki, qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə məbləğin əməkhaqqından tutulması zamanı işəgötürənin əmri tələb olunur. Əslində, icra sənədləri üzrə məbləğ, eləcə də vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr, adından bəlli olduğu kimi, icbari ödəmələr olduğu üçün bunların işəgötürənin əmri ilə tənzimlənməsinə ehtiyac yoxdur. Bu, təcrübədə lüzumsuz sənədləşdirmə prosesinə gətirib çıxarır.

Əmək Məcəlləsinin 175.2-ci maddəsində qeyd olunan hallarla bağlı bəzi misalları nəzərdən keçirək.

Misal 1: Tutaq ki, “HR and Accounting Center” MMC-də 1 fevral 2022-ci il tarixində mühasib vəzifəsinə qəbul olunan işçi 5 ay sonra işəgötürən ilə razılaşaraq əmək məzuniyyətindən 30 təqvim günü istifadə edir. Əmək məzuniyyəti bitdikdən sonra işçi ərizə yazaraq işdən azad olunmaq istəyir. Bu zaman işəgötürən işçiyə işləmədiyi dövr üçün məzuniyyət günlərinə ((30 : 12) x 7= 17.5 təqvim günü) görə hesabladığı və ödədiyi məzuniyyət pulunu əmr verərək tuta bilər. Bunun üçün işçinin razılığına ehtiyac yoxdur.

Misal 2: Tutaq ki, “Languages Center” MMC-də işçinin istifadəsinə kompüter verilib. Lakin işçi həmin kompüteri yerə salaraq sındırır və kompüterdən istifadə etmək mümkün olmur. Bu halda işəgötürən əmr verərək işçinin razılığını almadan işçiyə hesablanmış əməkhaqqından qanunvericilikdə nəzərdə tutulmuş normanı keçməmək şərtilə tutulma apara bilər.

Əmək Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, işçinin əməkhaqqından öz razılığı ilə, ərizəsi ilə göstərdiyi müddətdə və məbləğdə vəsait kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. Bu hallarda işçinin razılığı, ərizəsi olmadan işəgötürən tərəfindən tutulma aparıla bilməz.

Misal 3: Tutaq ki, “X” MMC-də işçi banka müraciət edərək, istehlak krediti götürüb. Bundan sonra işçi işəgötürənə ərizə ilə müraciət edərək öz əməkhaqqından qanunvericilikdə nəzərdə tutulan normadan artıq olmayan məbləğin tutularaq kreditora ödənilməsini xahiş edə bilər. Bu halda işəgötürənin əmrinə ehtiyac yoxdur.

Misal 4: Tutaq ki, “X” MMC-də işçi işəgötürənə yazılı formada (ərizə ilə) müraciət edərək ona avans, yəni növbəti ayın əməkhaqqının öncədən ödənilməsini xahiş edir. Ərizədə avans kimi ödənilmiş məbləğin işçiyə hesablanmış əməkhaqqından qanunvericilikdə nəzərdə tutulan normadan artıq olmayaraq növbəti 3 ay ərzində tutulması qeyd edilir. Bundan sonra işəgötürən işçinin müraciətini yerinə yetirirsə, həmin ərizəyə əsasən, işçinin əməkhaqqından tutulmanı aparır.

Qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə tutulmalara gəldikdə isə, əgər məhkəmə qərarı varsa, işəgötürən tərəfindən bu tutulmaların aparılması icbaridir.

Misal 5: Tutaq ki, “X” MMC-də işçi banka müraciət edərək istehlak krediti götürüb. Bir müddət sonra işçi krediti qaytara bilmir və bundan sonra bank həmin işçi barəsində ödənişlərin olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə qərar çıxararaq hər ay işçiyə hesablanmış əməkhaqqından qanunvericilikdə nəzərdə tutulan normadan artıq olmamamaq şərtilə müəyyən bir məbləğin tutularaq banka ödənilməsini tələb edir. Bu halda işçinin razılığına ehtiyac yoxdur, işəgötürən tutulmanı aparmalıdır.

Əməkhaqqından tutulmalarla bağlı bəzi nüansları nəzərə almaq məqsədəuyğundur.

1. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
Misal 6: Tutaq ki, 2022-ci ilin fevral ayında işçiyə səhvən 100 manat artıq pul ödənilib. Həmin məbləğ 2022-ci ilin may ayında aşkarlanarsa və tutulma aparılarsa, bu, qanunvericiliyə ziddir. Çünki artıq ödənilmiş məbləğin ödənildiyi tarixdən 1 ay keçib.

2. İşdənçıxma müavinətindən və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən tutulmalar aparılmasına yol verilmir. Arzu edərdik ki, Əmək Məcəlləsində istifadə olunan “vergi tutulmayan” ifadəsi, Vergi Məcəlləsinin 102-ci maddəsindəki “azadolmalar” və “güzəştlər” anlayışları ilə uyğunlaşdırılsın. İşdənçıxma müavinəti, işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğvi) və 70-ci maddəsinin “b” bəndi (ştatların ixtisarı və işçilərin sayının azaldılması) ilə işdən azad olunduqda işçiyə hesablanıb ödənilir. Bu zaman işdənçıxarma müavinətindən tutulma aparıla bilməz.

Misal 7: Tutaq ki, işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanmaqla işdən azad olunur. Ona 1.000 manat vəzifə maaşı, 300 manat istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya və 900 manat işdənçıxma müavinəti hesablanır. Əvvəlki aylarda ödənilmiş avansın qaytarılması üçün hər ay işçinin əməkhaqqının 50%-nin tutulması barədə tərəflər arasında razılıq olduğu halda 50% yalnız 1.000 manat məbləğində vəzifə maaşından tutulacaq. Çünki 300 manat istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya məbləği, Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, “əməkhaqqı” anlayışına daxil deyil. Bundan əlavə, işçiyə hesablanan 900 manat işdənçıxma müavinəti olduğu üçün və bu məbləğ Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, fiziki şəxslərin gəlir vergisinə cəlb olunmadığı üçün həmin məbləğdən tutulma aparılmayacaq.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?