Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib.
Azərbaycan Prezidentini salamlayan “Cassa Depositi Prestiti SpA”nın prezidenti Covanni Qorno TEMPİNİ deyib:
- Hər vaxtınız xeyir, Zati-aliləri Prezident Əliyev.
Hörmətli nazirlər, hörmətli dövlət katibi Di Stefano, hörmətli səfirlər, hörmətli SOCAR-ın vitse-prezidenti, hörmətli qonaqlar, hər vaxtınız xeyir. Bu gün sizi burada salamlamaq məndə məmnunluq hissi doğurur.
Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyiniz üçün Sizə ən dərin minnətdarlığımı bildirirəm. İcazə verin, bu görüşün məqsədilə Sizi tanış etmək üçün bir neçə söz deyim.
İtaliya İqtisadiyyatının Milli Təşviqi Təşkilatı, 170 yaşı olan bir təşkilat kimi və missiyası İtaliyanın iqtisadiyyatını inkişaf etdirməkdən ibarət olan “Cassa Depositi Prestiti SpA”nın prezidenti kimi və bu işçi naharı təşkil etmək şərəfi nəsib olmuş bir şəxs olaraq biz ikitərəfli iqtisadi əlaqələrimizin gücləndirilməsinə töhfə vermək məqsədilə burada İtaliyanın bəzi ən yaxşı sənaye liderləri olan şirkətlərinin irəli sürdüyü təşəbbüsləri Sizin diqqətinizə çatdırmaq üçün əyləşmişik. İtaliya Azərbaycanın birinci qlobal ticarət tərəfdaşıdır. Sizin ölkəniz bizim aparıcı üç enerji təchizatçımızdan biridir. Trans-Adriatik boru kəməri layihəsi ilə bizim tərəfdaşlığımız daha da yüksək səviyyəyə çatacaq. Ticarət dövriyyəmiz keçən il, demək olar ki, 6 milyard avroya çatdırılmışdır, lakin burada çox böyük qeyri-tarazlıq var idi. Bizim Azərbaycana ixracımız ümumilikdə yarım milyarddan az olmuşdur. Bizim vəzifəmiz də bu qeyri-tarazlığın aradan qaldırılmasına çalışmaqdır və belə demək olar ki, bumeranq investisiyalarını həyata keçirməkdir.
Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyatını şaxələndirməkdə qətiyyətlidir və əsas diqqəti kənd təsərrüfatı, ətraf mühitə ziyan vurmayan nəqliyyat və enerji sektorunun müasirləşdirilməsinə yetirir. İtaliya ölkənizdə biznesini genişləndirməyə hazır olan öz milli lider şirkətləri, kiçik və orta həcmli müəssisələrinin geniş şəbəkəsi vasitəsilə bu məqsədlərə töhfə verə bilər. “Cassa Depositi Prestiti”nin (CDP) biznes planının mərkəzində italyan şirkətlərinin beynəlxalq inkişafına dəstəyin göstərilməsi dayanır. Buna görə də CDP Azərbaycan ilə biznes qurmaq istəyən bütün italyan iş adamlarının arxasında durur. Bundan əlavə, burada təmsil olunan şirkətlərin demək olar ki, yarısına CDP tərəfindən sərmayə yatırılıb və onun 500-dən çox İtaliya şirkətində payı var. Sonuncu, lakin əhəmiyyətinə görə sonuncu olmayan məsələ isə CDP İtaliyanın suveren investisiya fondu kimi potensial olaraq Azərbaycana marağı olan şirkətlər üçün çoxlu müştərək investisiya imkanlarını təklif edir. Bir daha Sizə təşəkkür edirəm. Buyurun cənab Prezident, söz Sizindir.
Prezident İlham ƏLİYEV: Çox təşəkkür edirəm. CDP-nin sədrliyi ilə işçi naharda bir araya gəlmək təşəbbüsünə görə CDP-yə minnətdarlığımı bildirmək istərdim. Sabah 100-dən çox şirkətin iştirakı ilə İtaliya-Azərbaycan biznes forumu keçiriləcək. Lakin bu gün mən İtaliyanın ən böyük şirkətləri - İtaliya iqtisadiyyatının aparıcı şirkətləri ilə görüşürəm. Onlardan bəziləri ilə bizim uzun illərdir çox sıx əməkdaşlığımız var. Onlardan bəziləri bizimlə işləməyi planlaşdırır və bu, tamamilə bizim məqsədlərimizə uyğundur.
Mənim İtaliyaya dövlət səfərimin çox böyük əhəmiyyəti var. Prezident, Baş Nazir və Senatın rəhbəri ilə görüşdən sonra deyə bilərəm ki, artıq səfərim uğurlu hesab oluna bilər. Bu, iki il əvvəl Prezident Mattarellanın səfərindən sonra güclənmiş fəal dialoqun davamıdır. O vaxt əldə etdiyimiz razılaşmalar və müzakirə etdiyimiz məsələlər hazırda həyata keçirilmə mərhələsindədir. Mənim səfərim zamanı 20-dən çox sənədin bəziləri artıq imzalanıb və sabah da imzalanacaq. Onlar siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəni və digər sahələr olmaqla, çoxşaxəli məsələləri əhatə edir. Onların arasında mən xüsusilə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, həqiqətən də qarşıdakı uzun illər ərzində bizim sıx əməkdaşlığımızı müəyyən edən çox vacib siyasi sənəddir. Bizim üçün İtaliya, cənab sədrin dediyi kimi, təkcə bir nömrəli ticarət tərəfdaşı deyil, həmçinin Avropada ən yaxın tərəfdaşlarımızdan biridir. Bu vacib tarixi sənədi imzaladıqdan sonra düşünürəm ki, bizim münasibətlərimiz yeni mərhələyə qədəm qoymalıdır.
Layihələrin praktiki olaraq həyata keçirilməsi ilə bağlı deyə bilərəm ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik. Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik. Səfər ərzində burada iştirak edən şirkətlərdən biri ilə çox vacib Anlaşma Memorandumu imzalandı. Bu, “Leonardo” tərəfindən həyata keçiriləcək çox böyük müqavilə olacaq. Bu gün mənim və Baş Nazirin iştirakı ilə bizim Müdafiə nazirliklərimiz arasında sənəd imzalandı. Bu, bizim əməkdaşlığımızda yeni səhifənin açılışı olacaq və bu, çox ümidverici layihədir. Çünki biz müdafiə infrastrukturumuzun müasirləşdirilməsi mərhələsindəyik. Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Ölkənin iqtisadiyyatı sabitdir. Xarici borc çox aşağıdır – ümumi daxili məhsulun 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür. Biz istədiyimiz qədər borc götürə bilərik. Bizim əsas məqsədimiz şaxələndirmədir. TAP tamamlanandan sonra, - ümid edək ki, bu, çox tezliklə olacaq, - düşünürəm ki, biz enerji sektorunda bütün planlaşdırdıqlarımızı tamamlayacağıq. Çünki qeyd etdiyiniz kimi, bu gün biz İtaliyaya əsas neft ixracatçılarından biriyik. Düşünürəm ki, biz birinciyik. Təbii qazın nəqli ilə biz aparıcı ölkələr arasında olacağıq. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur.
Kosmik sənaye sahəsində əməkdaşlığın inkişafı da iqtisadiyyatımızın ümidverici sektorlarından biridir, həmçinin turizm. Azərbaycana gələn İtaliya vətəndaşlarının sayı artmaqdadır. Bir çox digər sektorlar da var. Başqa sözlə, güclü siyasi münasibətlər işgüzar dairələr üçün çox möhkəm zəmin yaradır. Bu güclü siyasi münasibətlər mənim uğurlu səfərim zamanı yenidən gücləndirildi. Ona görə də əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal olan şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik. Bir daha dəvət üçün təşəkkür edirəm. Əminəm ki, bizim müzakirələr zamanı hər iki tərəf üçün faydalı gələcəyimizi planlaşdıracağıq.
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di STEFANO: Zati-aliləri Prezident Əliyev, CDP-nin sədri cənab Covanni Qorno Tempini, hörmətli qonaqlar. Bu toplantıda İtaliya hökumətini təmsil etmək mənim üçün həqiqətən də böyük şərəfdir və məndə səmimi məmnunluq hissi doğurur. Əvvəla, mən bu işçi naharı və tədbiri təşkil etdiyinə görə CDP-yə minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu tədbir Zati-aliləri Prezident İlham Əliyevin dövlət səfərinin mühüm bir hissəsidir.
CDP qrupu İtaliyanın maliyyə qoludur və şirkətlərə beynəlxalq səviyyəyə çıxmaları üçün maliyyə həlləri təklif edir. Mən İtaliyanın iş adamlarının bu gün azərbaycanlı həmkarları ilə birlikdə çalışdığını görməkdən fəxr duyuram. Mən şəxsən bu dövlət səfərinin təşkili üçün, xüsusilə Azərbaycanla ikitərəfli əlaqələrə yardımçı olmaq məqsədilə çox səy göstərmişəm. Keçən ay mən Energetika naziri cənab Pərviz Şahbazovla birlikdə ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün böyük nəticələr vermiş iqtisadi əməkdaşlıq üzrə beşinci İtaliya-Azərbaycan Birgə Komissiyasına həmsədrlik etdim. Bizim qarşılıqlı ticarət mübadiləmiz ölkələrimizin iqtisadiyyatının bir-birini tamamlamasını nümayiş etdirir. Bizim demək olar ki, altı milyard avro məbləğində ticarət dövriyyəmiz olmuşdur. Mən prezident Tempininin artıq dedikləri bütün rəqəmləri və yaxşı əməkdaşlığı bir daha qeyd etməyəcəyəm. Lakin onu demək istəyirəm ki, Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru kəmərləri ilə artıq gerçəkləşən ən böyük imkanlar həqiqətən münasibətlərimizə təkan verəcək. Bu, “Şahdəniz” qaz yatağı ilə bağlantı sayəsində mümkün olacaq. Bu, bizə 2 milyard avro dəyərində, - bu rəqəm qeyd edilməmişdir, - əlavə ticarət dövriyyəsini gətirəcək. Bu rəqəm və layihələr hökumətlərimiz tərəfindən edilmiş spesifik, dəqiq siyasi seçimlərdir. Buna görə də düşünürəm ki, bizi bir-birimizə bağlayan dostluq münasibətlərində bu seçimlər qarşılıqlılıq prinsipi ilə bağlı gözləntiləri daha da yüksəldir.
Mən çox şadam ki, cənab Prezident, Siz bunu çox aydın qeyd etdiniz. Qarşılıqlılıq prinsipi dedikdə iki ölkə arasında, həmçinin qaz sənayesindən kənarda olan sahələrdə qarşılıqlı əməkdaşlığı daha da artırmaq üçün imkanları nəzərdə tuturam. Fakt etibarilə, italyan şirkətləri infrastrukturun inşası, maşınqayırma sənayesi sahələri ilə yanaşı, eyni zamanda, təyyarələr, helikopterlər, hava məkanı, kibertəhlükəsizlik və bir çox digər sahələrdə fəaliyyəti ilə seçilirlər. Onların bir çoxunu bu gün bu masanın ətrafında əyləşənlər arasında görürəm. Bizim İtaliyadakı bütün bu aparıcı lider şirkətləri ilə müntəzəm əlaqələrimiz var. Mən əminəm ki, siz son bir neçə ildə onların fəaliyyətindən faydalanmısınız və gələcəkdə də faydalanacaqsınız. Buna görə də burada olduqları üçün onlara təşəkkürümü bildirirəm.
Biz sizə nə nümayiş etdirmək istəyirik. Məlumdur ki, İtaliya şirkətləri bütün dünyada yüksək reytinqə malikdirlər. Lakin onları fərqləndirən cəhət odur ki, onlar həqiqətən komanda şəklində çalışa bilir və bizim şirkətlər xaricdə fəaliyyət göstərdikdə biz onlarla birlikdə italyan sistemini tətbiq edirik. Bugünkü tədbirə görə mən şəxsən azərbaycanlı dostlara minnətdarlığımı bildirirəm. Əminəm ki, imzalanmış anlaşma memorandumları və qarşımızdakı imkanlar sayəsində biz gələcəkdə daha da böyük əməkdaşlığa nail ola biləcəyik. Nümayiş etdirmək üçün daha da böyük potensial mövcuddur. Mən əminəm ki, bu səfər və sabah keçiriləcək biznes forum bu imkanlara təkan verəcək. Beləliklə, bir daha Sizə və CDP-yə təşəkkür edirəm.
İşçi naharda iştirak edən şirkət rəhbərləri Azərbaycanda həyata keçirdikləri fəaliyyətləri barədə məlumat veriblər, həmçinin ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.