Fransanın biznes ictimaiyyəti Azərbaycana böyük maraq göstərir
Prezident İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan dövlətimizin başçısı Parisdə və Bakıda MEDEF-in üzvləri ilə dəfələrlə görüşdüyünü və üç il əvvəl böyük bir nümayəndə heyətinin Azərbaycana səfər etdiyini xatırladıb: "İndi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir.
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq".
Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirib ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. "Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir", - deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö qeyd edib ki, fransız biznes ictimaiyyəti Azərbaycana böyük maraq göstərir. O, 170 min şirkətin üzv olduğu təşkilatın ölkəmizə gələn nümayəndə heyətinə bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələrini təmsil edən şirkətlərin daxil olduğunu və onların 12 sektoru əhatə etdiyini bildirib. "Bizim üçün bu şirkətləri dəstəkləmək və onları Azərbaycanın böyük potensialı olduğuna inandırmaq çox vacibdir", - deyən qonaq nümayəndə heyətində qeyri-neft sektorunu təmsil edən şirkətlərin əksəriyyət təşkil etdiyini vurğulayıb.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, MEDEF-in beynəlxalq Fransa-Azərbaycan qrupunun rəhbəri, "SUEZ" qrupun baş direktorunun müavini xanım Mari-Anj Döbon Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına təşəkkür ediblər.
Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.