2 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu keçəcək. Müzakirə ediləsi məsələlər çoxdur. Əslində, nəqliyyat sahəsi həmişə bizim gündəliyimizdə ön sıralarda idi. İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artdı. Çünki əvvəlki illərdə birgə həyata keçirdiyimiz layihələrlə yanaşı, yeni layihələr də artıq masa üzərindədir. Bizdə çox güclü işbirliyi tarixi var. Əlbəttə ki, bunların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun birgə inşa edilməsinin xüsusi önəmi var. Bu, bildiyiniz kimi, Şərq-Qərb dəhlizinin önəmli hissəsidir. Son illər bu dəhliz yolu ilə yüklərin həcmi daha da artır.
Ancaq İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək.

Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.

Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir.

Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib.

Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır.

Bütün digər məsələlər də var. Hansılar ki, siz öz həmkarınızla müzakirə edəcəksiniz. Bütövlükdə deyə bilərəm ki, bu sahə həm Türkiyə, həm Azərbaycan üçün çox böyük önəm daşıyır, xalqlarımızı bir-birinə bağlayan sahədir. Əminəm ki, səfər çərçivəsində gündəlikdə olan bütün məsələlər müzakirə olunacaq və qərarlar qəbul olunacaq. Bir daha xoş gəlmisiniz.

Nazir Adil Karaismailoğlu deyib: Təşəkkür edirəm. Sağ olun. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm. Hörmətli Prezidentimizin də Sizə çoxlu salamı var.
Dünən Çamlıca qülləsinin açılışını etdik, orada bir yerdə idik. Bilirsiniz, Çamlıca qülləsində Azərbaycan bayrağını dalğalandırmışdıq. Türkiyədə, bütün dünyada çox böyük rəğbət oyatmışdı, çox gözəl olmuşdu. Canımız, dostumuz Azərbaycan hər zaman bizim qardaşımız, bizim vətənimizdir. Sizin uğurlarınızı həmişə bizim uğurlarımız olaraq gördük. İnşallah, bundan sonra cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daim dost olaraq bütün dünyaya səsimizi eşitdirəcəyik.

Qardaşlarımız bizə gəlmişdilər, layihələrimizi müzakirə etmişdik. İnşallah, bu minvalla Sizin də göstərişinizlə bütün layihələrimizi bir-bir yerinə yetirəcəyik. Sabah da tikinti meydançalarına gedib iş adamlarımızın gördükləri işləri yoxlayacaq, onların işləri sürətləndirməsi və düzgün yerinə yetirmələri ilə bağlı tapşırıqlarımızı verəcəyik. İnşallah, bu birliyimiz əbədi davam edəcək.

Biz də dəmir yolu məsələsində çalışırıq, Prezidentimizə də məlumat verdik. Xüsusilə Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq. İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir dəhlizin inşasını birlikdə həyata keçirəcəyik.

Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Sonra nazir Adil Karaismailoğlu Prezident İlham Əliyevə xatirə hədiyyəsi olaraq qılınc təqdim edib.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm. Bu, barış xəncəridir.

Nazir Adil Karaismailoğlu: Əlbəttə, barış üçün də lazımdır.

Prezident İlham Əliyev: Bu, lazımdır.

Nazir Adil Karaismailoğlu: Bunu görüncə sülh də olur.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?