19 Aprel 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının uzadılması barədə qərar qəbul edib

Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin 2020-ci il 24 aprel tarixli qərarı ilə maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilib və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunub.
AMB-dən bildirilib ki, tədbirlər paketi ilə müəyyən edilmiş ilkin müddət keçdikdən sonra pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq müvafiq qərar və tövsiyələrin böyük əksəriyyətinin tətbiqi müddəti Mərkəzi Bankının idarə heyətinin 30 sentyabr tarixli qərarı ilə yanvarın 1-dək uzadılıb. Bununla fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində yanvarın 1-dək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılıb və dividend ödənişləri məhdudlaşdırılıb, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilib. Bununla yanaşı, kredit təşkilatlarına yanvarın 1-dək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilib. Pandemiyanın yenidən genişlənməsi ilə əlaqədar karantin tədbirlərinin və bəzi iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlərin yenidən tətbiq edilməsi fonunda müşahidə edilən biznes və ev təsərrüfatlarının iqtisadi aktivliyinin və gəlirlərinin aşağı düşmәsi təbii ki, maliyyə sektoruna təsirsiz qalmır.
Qeyd olunanları, habelə, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla, Mərkəzi Bankın requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində bu il dekabrın 30-dək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin gələn il aprelin 1-dək uzadılması məqsədəuyğun hesab edilib.
Belə ki, dövlətin dəstək mexanizmləri ilə əhatə olunan və restrukturizasiya olunmuş kreditlərlə, habelə kapital adekvatlığı əmsalının minimum həddi, əməliyyat və bazar risklərinin kapitalda nəzərə alınması və kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin tətbiqi müddətinin aprelin 1-dək uzadılması, eyni zamanda, cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunmasına dair kredit təşkilatlarına verilmiş tövsiyələrin həmin tarixədək qüvvədə saxlanılması nəzərdə tutulur.
Pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə Mərkəzi Bankın banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarların ödəniş kartları üzrə ekvayer tariflərinin 50 faiz aşağı salınması qərarı aprelin 1-dək uzadılıb. Həmçinin qiymətli kağızlar bazarı iştirakçılarına verilmiş requlyativ güzəştlərin müddətləri, eyni zamanda, qiymətli kağızlar bazarında bağlanan əqdlər üzrə tariflərin, habelə Bakı Fond Birjasında listinqə daxil olması tariflərinin tətbiqinin aprelin 1-dək təxirə salınması qərara alınıb.