11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pekində keçirilən forumda Çin-Azərbaycan iqtisadi əməkdaşlığı üçün yeni imkanlardan danışılıb

“Vətən müharibəsi Cənubi Qafqazda ümumi mənzərəni dəyişib. Azərbaycan ərazilərini işğaldan azad etməklə ölkə iqtisadiyyatı üçün yeni dövrün başlanğıcına və regionun inkişafına yol açacaq yeni beynəlxalq əməkdaşlıq imkanlarına şərait yaradıb”. Bu fikirlər Pekin şəhərində Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin və Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 5-də keçirilmiş “Azərbaycan - investisiya və ticarət İmkanları” mövzusunda forumda səslənib.
Forumda çinli iş adamlarına Azərbaycanın investisiya imkanları, ölkələrimiz arasında iqtisadi və ticari əlaqələr, məhsullarımızın Çinə ixrac perspektivləri haqqında geniş məlumat verilib. Tədbirə iqtisadiyyatın müxtəlif sahələrindən olan 60-dan çox şirkət və qurum nümayəndəsi qatılıb. Onlayn-oflayn formatda təşkil olunan tədbirdə Azərbaycan və Çindən olan dövlət qurumları və şirkətlərin nümayəndələri nitq və təqdimatlarla çıxış edib.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin “Kəmər və Yol” təşəbbüsündəki önəmli rolunu qeyd edib və iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf perspektivləri haqqında danışıb.
Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov bildirib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir və bu dövrdə iqtisadi əməkdaşlığının bir çox sahələrində uğurlar əldə etməklə ikitərəfli ticarət həcmi əhəmiyyətli dərəcədə artıb. O, Azərbaycanın iqtisadi inkişafı və biznes mühiti haqqında geniş məlumat verib, çinli investorları Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpası və yenidən qurulma işlərində daha fəal iştiraka çağırıb.
Ələt Azad İqtisadi Zonasının (Ələt AİZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov geniş təqdimatla çıxış edərək, istehsal sahəsində fəaliyyət göstərən Çin şirkətlərini Ələt AİZ-də öz zavodlarını qurmağa dəvət edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev öz çıxışında təmsil etdiyi qurum və qurumun investorlara göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədəki sənaye parkları, sənaye məhəllələri, aqropaklar və burada investorlar üçün təklif edilən imtiyazlar haqqında danışıb. Sənaye parklarının rəqabətqabiliyyətli məhsul istehsalına verdiyi töhfə vurğulanıb və bildirilib ki, işğaldan azad olunmuş torpaqlarda “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev mərkəzin fəaliyyəti və Azərbaycanda Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyat sahələrində görülən işlər haqqında məlumat verib.
Çin Kommersiya Nazirliyinin rəsmisi Vu Pencü çıxışında bildirib ki, bu il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir və ötən illər ərzində Çin-Azərbaycan münasibətləri sağlam və sabit inkişaf tempini qoruyub saxlayıb, qarşılıqlı siyasi etimad dərinləşib, müxtəlif sahələrdə əlaqələr inkişaf etdirilib, beynəlxalq və regional məsələlərdə əməkdaşlıq getdikcə daha da sıxlaşıb. O, 2021-ci ildə iki ölkə arasında xidmətlər ticarətinin həcminin 28 faiz artdığını, “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” üzrə hərəkət edən Çin-Avropa qatarlarının sayının əhəmiyyətli dərəcədə çoxalaraq Asiya və Avropa arasında transsərhəd nəqliyyatını yeni səmərəli marşrut ilə təmin etdiyini deyib. Vu Pencü ikitərəfli iqtisadi-ticarət münasibətlərinin inkişafına dair bir sıra təkliflər səsləndirib.
Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuan qeyd edib ki, iki ölkə coğrafi baxımdan bir-birinə yaxın olmasa da, qədim İpək Yolu iki xalq arasında ünsiyyət və ticarət körpüsü yaradıb. Qeyd olunub ki, iki ölkə arasında diplomatik əlaqələr qurulduqdan sonra Azərbaycan Çinin Avrasiya regionunda önəmli tərəfdaşına çevrilib. İki ölkənin “Kəmər və Yol” təşəbbüsünü birgə həyata keçirməsi üçün böyük potensial mövcuddur.
Çin Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının Avrasiya Tədqiqat İnstitutunun direktoru Lyu Huaçin iki ölkənin rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq perspektivlərindən danışıb. Bildirib ki, Azərbaycan hökuməti rəqəmsal iqtisadiyyatın inkişafına böyük əhəmiyyət verir və növbəti beş ildə rəqəmsal transformasiyanı fəal şəkildə təşviq edəcək, süni intellekt və kibertəhlükəsizliyi inkişaf etdirəcək. Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi artıq Çinin müvafiq qurumları ilə dördüncü sənaye inqilabı sahəsində əməkdaşlıq qurulması ilə bağlı təşəbbüslə çıxış edib. Çin və Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq üçün yaxşı institusional təminatları var. Belə ki, hər iki ölkə “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”ni imzalayıb və 2021-ci ildə Azərbaycan MDB ölkələri arasında rəqəmsal ticarətin inkişafında ən böyük artıma nail olub.
Çin Sənayesinin Xarici İnkişaf Assosiasiyasının baş katibinin müavini Can Honq təmsil etdiyi qurumun son illər ərzində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi ilə fəal şəkildə əməkdaşlıq etdiyini bildirib. O, Çin şirkətlərinin Azərbaycanda investisiya yatırmasına hərtərəfli dəstək göstərə biləcəklərini, Çin bazarında daha çox Azərbaycan şirkəti görmək arzusunda olduqlarını deyib.
Çindəki Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzinin direktoru, professor Huan Yüton Azərbaycan şərabçılığının tarixi, şərablarımızın xüsusiyyətləri, habelə, Mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan Turizm Bürosunun Çin üzrə nümayəndəsi Eko Cao ölkəmizin turizm potensialı haqqında geniş videotəqdimatla, Azərbaycan məhsullarının Çinə idxalı ilə məşğul olan “Sino-foreign Economic Cooperation (Peking) Science and Trade Co., Ltd.” şirkətinin nümayəndəsi “Made in Azerbaijan” brendinin keyfiyyətli və rəqabətqabiliyyətli qida və içki məhsulları haqqında təqdimatla çıxış edib.
Sonda tərəflər arasında müzakirələr aparılıb və Çin şirkətlərinin sualları cavablandırılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?