Türkiyə cari ildə 3,6 milyard kubmetr Azərbaycan təbii qazı alıb
Apreldə Türkiyə Azərbaycandan 916 milyon kubmetr təbii qaz idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, aprel ayında Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi martla müqayisədə 8 milyon kubmetr azalıb. Azərbaycan apreldə Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ilk yerdə qərarlaşıb.
Bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3 milyard 645 milyon kubmetr təbii qaz alıb.
Qeyd edək ki, keçən il qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr təşkil edib.
Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin sutkalıq orta ötürücülük gücü 33,6 milyon kubmetr təbii qaz təşkil edib. Üç ayda CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat və 2 milyon dollar əsaslı xərclər sərf olunub.
Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “SOCAR Midstream Operations” isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.
2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.
TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitəcək və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatacaq. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.
Cari ilin yanvar-may aylarında TANAP boru kəməri ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz göndərilib. İstismara veriləndən bu il iyunun 1-dək isə TANAP-la Türkiyəyə 5,47 milyard kubmetrdən çox qaz nəql edilib.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.