Bank sektorunun sağlamlaşdırılması
Ölkəmizdə gündəmdə olan məsələlərdən biri də bank setorunda baş verən proseslərdir.
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, Azərbaycandan bankların sağlamlaşdırılması prosesinə ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi ilə başlanılıb: "Banklar haqqında" Qanuna 28 oktyabr 2014-cü il tarixli 1097-IVQD nömrəli düzəlişlə "Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası" adlı yeni bir fəsil əlavə edilib. Bu fəsil özündə ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsindən həmin bankın taleyinin həlli ilə bağlı son mərhələyə qədər olan prosedurları nəzərdə tutur. Həmin dəyişikliyə qədər bankların sağlamlaşdırılması ssenariləri ilə bağlı tədbirlər qanunvericilikdə əksini, demək olar ki, tapmamışdı. Xüsusilə də bankın kreditorları qarşısında öhdəliyinin yerinə yetirilməsi növbəliliyi yox idi.
Qanuna əlavə edilmiş 57.6-cı maddəyə əsasən, ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur və bu müddət Mərkəzi Bank tərəfindən 3 ayadək uzadıla bilər. Bu müddətdə Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı onun maliyyə vəziyyətindən asılı olaraq aşağıdakı 5 tədbirdən birini həyata keçirir:
1. ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;
2. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini;
3. körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını;
4. ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını;
5. ödəmə qabiliyyətini itirmiş bankın ləğvini.
Məlumdur ki, Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Həmin dövrdə cəmiyyətdə bankların bağlanacağı fikri formalaşdı və təəssüf ki, sonda bu gözlənti özünü doğrultdu. Ancaq müvəqqəti inzibatçının təyin olunması nəzəri baxımdan bankın bağlanması demək deyil. Bankın bağlanması son addımdır. Bundan öncə yuxarıda sadaladığımız ilk 4 sağlamlaşdırma tədbirinin həyata keçirilməsinə cəhd edilir, alınmadıqda son tədbir olaraq 5-ci ssenari – lisenziyanın ləğv edilməsi icra olunur. Mərkəzi Bankın müvəqqəti inzibatçı təyin edilən dörd bankdan ikisini ("Atabank" ASC və "Amrahbank" ASC) dərhal bağlaması onları xilas etməyin mümkünsüzlüyü ilə bağlı idisə, digər iki bankla ("AGBank" ASC və "NBCBank" ASC) bağlı qərarın gec verilməsi onların sağlamlaşdırılması niyyətini göstərirdi. Sonrakı dövrdə Mərkəzi Bank sədrinin banklarda kapitalın mənfi olması ilə bağlı açıqlamaları bu bankların da bağlanması ehtimalını artırdı və sonda belə də oldu.
"Banklar haqqında" Qanuna 7 aprel 2017-ci il tarixli 569-VQD nömrəli düzəlişlə yeni VIII-I “Bankin öhdəliklərinin könüllü restrukturizasiyası" fəsli əlavə edilib. Bu əlavə imkan verir ki, bankın kreditorları qarşısında öhdəlikləri (bankın sığortalanmış əmanətçiləri qarşısında olan öhdəlikləri istisna olmaqla) könüllü restrukturizasiya edilə bilər.
Qanuna edilmiş hər iki dəyişiklik ümumilikdə bank sektorunun sağlamlaşdırılması yanaşmalarını özündə ehtiva edir. Təcrübədə isə qanunun nəzərdə tutduğu sağlamlaşdırma mexanizmlərindən məhdud istifadə edilib. Ola bilsin buna bankların maliyyə vəziyyəti də imkan verməyib. Görünən odur ki, sağlamlaşdırma tədbirləri qismində ancaq bankların bağlanması təcrübəsi mövcuddur. Qanuna 2014-cü ildə edilmiş dəyişiklikdən sonra ölkədə ümumilikdə 18 banka müvəqqəti inzibatçı təyin olunub və onların hamısı bağlanıb. İstisna kimi dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı 2017-ci ildə könüllü restrukturizasiya tədbirləri həyata keçirib və dövlət vəsaitləri hesabına sağlamlaşdırılıb.
Fəxriyyə İKRAMQIZI