3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatı və sahibkarlıq dövlətin kredit-zəmanət dəstəyindən yararlanacaq

Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması üzrə proqramın ilkin mərhələlərinin yerinə yetirilməsi tam sürətlə irəliləyir. On minlərlə vergi ödəyicisi muzdlu işçilərinin əməkhaqqının ödənilməsi üçün məqsədli yardım almış, fərdi sahibkarların isə karantin tədbirlərinin tətbiq edilməsinə görə itirdiyi gəlirlər 2019-cu ildə ödədiyi vergilər hesabına kompensiasiya edilir.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov bildirib ki, növbəti mərhələdə proqramın vergi ödəyicilərinə pandemiyanın təsirindən qurtarmaq istiqamətində geniş imkanlar yaradan hissəsi icra ediləcək. Söhbət proqramın "İqtisadiyyata və sahibkarliğa dövlətin kredit-zəmanət dəstəyinin verilməsi istiqamətində tədbirlər" bölməsindən gedir: "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) ümumilikdə 500 milyon manat məbləğdə kredit verilməsi planlaşdırılıb. Bu kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Bununla da banklar kredit verdikləri sahibkarlardan daşınmaz əmlak və ya digər əlavə təminat tələb etməyəcək və bu, sahibkarların kredit almaq imkanlarını artıracaq. Bundan əlavə, kreditlərin faiz dərəcələri xərclərinin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.

Məsələn, tutaq ki, illik 15 faiz dərəcəsi ilə 10 min manat kredit götürən sahibkar faiz xərclərini 7,5 faiz dərəcəsi ilə ödəyəcək, faizin qalan hissəsini isə dövlət ödəyəcək.

Bu tədbirlər xüsusilə kiçik və orta sahibkarlığın pandemiya dövründə dayanıqlığını təmin edəcək, karantin tədbirləri yumşaldıqdan və tamamilə ləğv edildikdən sonra biznesin yenidən inkişaf etməsinə zəmin yaradacaq".

V.Mirheydərov qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10 mart 2020-ci il tarixinə 1 milyard manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması da planlaşdırılır. Bu kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz subsidiyalaşdırılması nəzərdə tutulub: "Qeyd olunan kredit məhsullarının maksimal faiz dərəcəsi, müddəti, fəaliyyət sahələri üzrə əhatə dairəsi və digər meyarlar hazırlanaraq Nazirlər Kabinetinə sərəncamın imzalandığı tarixdən iki həftə ərzində təqdim edilməlidir.

"İqtisadiyyata və sahibkarlığa dövlətin kredit-zəmanət dəstəyinin verilməsi istiqamətində tədbirlər" bölməsində digər tədbirlər də nəzərdə tutulub. Bunlardan biri Aqrar Kredit və Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən aqrar sektora girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılmasıdır. Sözsüz ki, kiçik və orta sahibkarlıq subyektlərinin kredit məhsullarına nisbətən aşağı maraq göstərməsinin əsas səbəblərindən biri bankların bu kreditlər üçün likvid təminat (əksər hallarda daşınmaz əmlakın) tələb etməsidir. Yeni mexanizmin hazırlanıb tədbiq edilməsi kiçik və orta sahibkarların kreditləşməyə maraqlarını artıra, onların inkişaflarını sürətləndirə bilər".

V.Mirheydərov Sahibkarlığın İnkişafı Agentliyinə 50 milyon manat, güzəştli ipoteka kreditləri üçün isə 90 milyon manat əlavə vəsaitin ayrılmasını da müsbət amil kimi qeyd edib: "Ümid edirəm ki, kiçik və orta sahibkarlıq subyektləri onlara təqdim olunan kredit-zəmanət dəstəyini layiqincə qiymətləndirəcək və bu imkanlardan geniş istifadə edəcəklər. Bütün dünyada kiçik biznesin inkişaf edib orta, sonra isə iri biznesə çevrilməsi prosesi birbaşa kreditləşmə ilə bağlıdır".

Fəxriyyə İKRAMQIZI

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ