Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov bildirib ki, növbəti mərhələdə proqramın vergi ödəyicilərinə pandemiyanın təsirindən qurtarmaq istiqamətində geniş imkanlar yaradan hissəsi icra ediləcək. Söhbət proqramın "İqtisadiyyata və sahibkarliğa dövlətin kredit-zəmanət dəstəyinin verilməsi istiqamətində tədbirlər" bölməsindən gedir: "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) ümumilikdə 500 milyon manat məbləğdə kredit verilməsi planlaşdırılıb. Bu kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Bununla da banklar kredit verdikləri sahibkarlardan daşınmaz əmlak və ya digər əlavə təminat tələb etməyəcək və bu, sahibkarların kredit almaq imkanlarını artıracaq. Bundan əlavə, kreditlərin faiz dərəcələri xərclərinin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.
Məsələn, tutaq ki, illik 15 faiz dərəcəsi ilə 10 min manat kredit götürən sahibkar faiz xərclərini 7,5 faiz dərəcəsi ilə ödəyəcək, faizin qalan hissəsini isə dövlət ödəyəcək.
Bu tədbirlər xüsusilə kiçik və orta sahibkarlığın pandemiya dövründə dayanıqlığını təmin edəcək, karantin tədbirləri yumşaldıqdan və tamamilə ləğv edildikdən sonra biznesin yenidən inkişaf etməsinə zəmin yaradacaq".
V.Mirheydərov qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10 mart 2020-ci il tarixinə 1 milyard manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması da planlaşdırılır. Bu kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz subsidiyalaşdırılması nəzərdə tutulub: "Qeyd olunan kredit məhsullarının maksimal faiz dərəcəsi, müddəti, fəaliyyət sahələri üzrə əhatə dairəsi və digər meyarlar hazırlanaraq Nazirlər Kabinetinə sərəncamın imzalandığı tarixdən iki həftə ərzində təqdim edilməlidir.
"İqtisadiyyata və sahibkarlığa dövlətin kredit-zəmanət dəstəyinin verilməsi istiqamətində tədbirlər" bölməsində digər tədbirlər də nəzərdə tutulub. Bunlardan biri Aqrar Kredit və Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən aqrar sektora girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılmasıdır. Sözsüz ki, kiçik və orta sahibkarlıq subyektlərinin kredit məhsullarına nisbətən aşağı maraq göstərməsinin əsas səbəblərindən biri bankların bu kreditlər üçün likvid təminat (əksər hallarda daşınmaz əmlakın) tələb etməsidir. Yeni mexanizmin hazırlanıb tədbiq edilməsi kiçik və orta sahibkarların kreditləşməyə maraqlarını artıra, onların inkişaflarını sürətləndirə bilər".
V.Mirheydərov Sahibkarlığın İnkişafı Agentliyinə 50 milyon manat, güzəştli ipoteka kreditləri üçün isə 90 milyon manat əlavə vəsaitin ayrılmasını da müsbət amil kimi qeyd edib: "Ümid edirəm ki, kiçik və orta sahibkarlıq subyektləri onlara təqdim olunan kredit-zəmanət dəstəyini layiqincə qiymətləndirəcək və bu imkanlardan geniş istifadə edəcəklər. Bütün dünyada kiçik biznesin inkişaf edib orta, sonra isə iri biznesə çevrilməsi prosesi birbaşa kreditləşmə ilə bağlıdır".
Fəxriyyə İKRAMQIZI