18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan xarici investorlar üçün əlverişli ölkədir

Keçən il Azərbaycan iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bunun əhəmiyyətli hissəsini neft sektoruna qoyulan investisiyalar təşkil etsə də, qeyri-neft sektoruna yönəldilən sərmayənin həcmində də artım olub. Xüsusilə kənd təsərrüfatı, turizm, qeyri-neft sənayesi sektorlarına yatırımlar daha çoxdur.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisadçı Elçin Süleymanovun sözlərinə görə, ölkəyə cəlb edilən xarici investisiyanın həcminin artması xüsusilə vurğulanmalıdır: "Burada son illər ölkədə həyata keçirilən islahatları, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd etmək olar. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən Strateji Yol Xəritələri hazırlanıb və altı aydan bir nəzərdə tutulan addımların atıldığını nəzarətdə saxlamaq üçün bütün icra orqanlarının monitorinqi keçirilir. Rəqamsal iqtisadiyyat, onlayn ödənişlərin tətbiqi, bank əməliyyatları, şirkət açılması, vergi hesabatlarının verilməsi və digər bu kimi sahələrdə görülən işlər çox əhəmiyyətlidir.

Xüsusilə ölkədə "ASAN xidmət"in fəaliyyət sferasının genişlənməsi, eyni zamanda elektron hökumət portalına daxil edilən elektron xidmətlərin siyahısının genişlənməsi xarici investorların cəlb edilməsi üçün önəmlidir. Məsələn, ölkəyə gələn turistlər əvvəllər vizanı xaricdəki səfirliklərimizdən alırdı, son illərdə tətbiq olunan E-visa vasitəsilə onlar cəmi 30 dəqiqə ərzində viza ala bilirlər. Nəzərə almaq lazımdır ki, xarici investorlar üçün ölkənin infrastrukturu ilə yanaşı, viza sistemi, onlayn xidmətlərin çeşidliliyi çox əhəmiyyətlidir.

Azərbaycanın nəqliyyat potensialı da çox genişdir. Ölkədə 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Şimal, Cənub və Qərb istiqamətlərindəki avtomobil yollarını isə xüsusilə qeyd etmək lazımdır. Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı geniş yükaşırma qabiliyyətinə malikdir. Bundan başqa, Bakı-Tiflis-Qars dəmiryolu kimi beynəlxalq əhəmiyyət kəsb edən xəttin Azərbaycandan keçməsi ölkənin idxal-ixrac imkanlarını genişləndirir.

10-15 il əvvəl xüsusilə regionlarda elektrik və qaz təhcizatında problemlər mövcud idi, indi isə ölkə ərazisinin 96 faizi qazlaşdırılıb. Fasiləsiz elektrik enerjisi ilə təchizat 90 faizdən çoxdur. Xarici investorlar üçün bütün bunlar çox əhəmiyyətli məqamlardır. Onlar investisiya yatırarkən infrastruktura – yol, elektrik və qaz təchizatı, hava limanı, dəmir yolu xətti, logistika sistemi kimi məsələlərə çox diqqət yetirirlər. Azərbaycanda bu sahədə əhəmiyyətli işlər görülüb ki, bunun nəticəsində ölkəyə cəlb edilən xarici investisiyanın həcmi ildən-ilə artır".

Səbuhi TURAN

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?