14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial müavinət və təqaüdlər sahəsində islahatlar davamlı xarakter daşıyacaq

Ötən il həyata keçirilən iki sosial paket nəticəsində əhalinin maddi vəziyyətində çox böyük dəyişikliklər yarandı. Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, islahatlar davamlı xarakter daşıyacaq və bu il də sosial sahədə böyük dəyişikliklər olacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib: "Keçən il ünvanlı dövlət sosial yardımı proqramının da əhatə dairəsi 70 faizə qədər genişlənib və ötən ilin sonuna 72 min aztəminatlı ailəyə (296 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ödənilib. Bir ailəyə düşən orta aylıq yardım məbləği 210 manata yaxındır. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin üzvlərinin 55 faizi uşaqlardır.

Bu il həmin proqramın daha da genişləndirilməsi təmin ediləcək. Bununla əlaqədar ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddinin 160 manata çatdırılması ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlət qayğısının daha da artırılmasına imkan verib. Ünvanlı dövlət sosial yardımı proqramına başlanıldığı 2006-cı ildən ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə səbəb olub".

O, bu il həyata keçirilən yeniliklər haqqında danışarkən bildirib ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə layihə hökumətə təqdim edilib: "Ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri aparılır. Hazırda qüvvədə olan qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və həmin dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur. Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihədə öz əksini tapıb.

Məsələ burasındadır ki, mövcud qanunvericiliyə əsasən indiyədək ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc, o cümlədən kredit da daxil edilirdi. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılırdı.

Yeni layihədə həmin məhdudiyyət olmayacaq, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapıb.

Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə göstərilməsi tələb edilməyəcək. Həmçinin yeni layihədə ailə üzvünün bu və ya digər sosial təminat növü, istər pensiya, istər müavinət, istərsə də təqaüd və s. ilə təmin edilməsi ilə əlaqədar məlumatların da daxil edilməsi tələb olunmur, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə ediləcək.

Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur".

Şöbə müdiri aparılan islahatların əhatə dairəsi barədə də danışıb: "2019-cu ildə həyata keçirilən və sosial sahədə inqilabi addımların atılmasını təmin edən sosial paketlər çərçivəsində sosial müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb. Bu artım həssas qruplardan olan vətəndaşlardan ibarət 600 min insanı, o cümlədən 300 minə qədər əlilliyi olan şəxsi əhatə edib. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib.

Eyni zamanda, 2019-cu ildə 21 sosial təminat, o cümlədən 2 pensiya və 19 müavinət-təqaüd növünün elektron təyinat sistemi işə düşüb. Təbii ki, sosial müavinət və təqaüdlər sahəsində qarşıdakı dövrdə də islahatların davam edəcəyi gözlənilir".

Pensiya artımları barədə məlumat verən Babək Hüseynov deyib: "2019-cu ildə Azərbaycanda minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb, həmçinin, əmək haqqı artımı xüsusi şərtlərlə təyin olunmuş pensiyalarda (hərbçilərin, dövlət qulluqçularının və b. pensiyalarında) 31 faiz artımı da təmin edib. Beləliklə, ümumilikdə hər iki istiqamət üzrə pensiya artımı 750 min nəfərdən çox pensiyaçını əhatə edib. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB ölkələri arasında birinci yerə yüksəlib.

Pensiyaların artırılması istiqamətində növbəti addım kimi, bu ay əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2019-cu il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların bu il yanvarın 1-nə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və bu ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Artım bu ilin əvvəlindən tətbiq ediləcək və yanvar ayının pensiyalarına ediləcək artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Pensiyaların indeksləşdirilərək artırılması pensiyaçıların təxminən 94 faizinə şamil olunacaq. Qalan pensiyaçılar isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində uyğun olan qrupa (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b.) daxildir və onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?